Qlobal siyasətdə yazılmamış, amma dəyişməz bir qayda var: danışıq masasında yer almayanlar, menyuda yer alır. Bu, metafora deyil. Bu, tarixin işlək mexanizmidir.
Son yüz ildə Azərbaycan türkləri bu qaydanın nəticəsini dəfələrlə yaşadı. Biz müxtəlif dövrlərdə qurulan masaların arxasında yer almadıq. Ona görə də haqqımızda başqaları danışdı, adımızdan qərarlar verildi, taleyimiz bölüşdürüldü. Bu səhvlərin bədəlini canımızla, qanımızla ödədik. Yetər. Səhv etmək limitimiz çoxdan bitib.
Bu gün İran böhranı bizi yenidən həmin təhlükəli mərhələyə yaxınlaşdırır. Danışıq masası formalaşır. Amma Güney Azərbaycan hələ o masada yoxdur. Kürd aktorları masaya doğru hərəkət edir. Fars mərkəzçiliyi masanı öz adına bağlamağa çalışır. Qərb aktorları alternativlərlə işləyir.
Bəs İranın ən böyük etnik kütləsi olan Azərbaycan türkləri haradadır?
Təbrizdə meydanlar dolub-daşır, amma siyasi müstəvidə sükut hökm sürür. Bu sükut bəzən “strateji səbir” kimi təqdim olunur. Ancaq hər səbir strateji olmur. Bəzən səbir sadəcə oyundan kənarda qalmaqla nəticələnir.
Sizin məşhur ifadəniz var: “Mən nəyi nə zaman etməyi bilirəm.”
Bu yanaşma Qarabağ məsələsində özünü doğrultdu. Uzun illərin səbrindən sonra doğru an seçildi və qətiyyətli addım atıldı. Zəngəzur məsələsində də eyni xətt izlənildi: emosional hay-küy yox, mərhələli siyasi təzyiq və balanslı diplomatiya.
İran məsələsində də eyni model işləyə bilərmi? Çətin sualdır. Çünki İran böhranı klassik münaqişə deyil. Bu, dövlətin etnik dayaqlarının sınağa çəkildiyi, daxildən parçalanma riskinin artdığı mərhələdir. Paradoks ondadır ki, İranın ən böyük etnik qrupu olan Azərbaycan türkləri bu prosesdə ən səssiz aktor kimi görünür.
Bu səssizlik bəzən ehtiyatla izah olunur, bəzən “vaxt hələ yetişməyib” arqumenti ilə. Amma tarix göstərir ki, münasib zamanı gözləmək yetərli deyil — zamanı bəzən məqsədli şəkildə formalaşdırmaq lazımdır.
Əgər bu gün kürd aktorları Qərblə açıq siyasi və hərbi dialoq qurursa, əgər fars mərkəzçiliyi daxilən daha da sərtləşirsə, Güney Azərbaycanın taleyi sual altına düşmürmü?
Burada söhbət torpaqdan yox, siyasi subyekt olmaqdan gedir. Əgər bu mərhələdə Güney Azərbaycan öz statusunu ortaya qoymasa, kimin onu təmsil edə biləcəyini müəyyən etməsə, heç olmasa kimin onun adından danışa bilməyəcəyini bəyan etməsə, nəticə əvvəlkilərdən fərqli olmayacaq. Bu dəfə də başqaları İran türklərinin adına danışacaq. Başqa sözlə, yenə masada yox, menyuda olacağıq.
Bu kontekstdə son illərdə ortaya çıxan incə, amma son dərəcə mənalı bir detal da diqqətdən qaçmamalıdır. İranda gərginliyin artdığı dövrlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində divarlara İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın fotolarının gizli şəkildə yapışdırılmasını əks etdirən video-görüntülər yayılıb. Bu, nə təşkilatlanmış kampaniya idi, nə də rəsmi çağırış. Bu, səssiz, anonim və spontan jest idi. Məhz buna görə çox şey deyirdi.
Əlbəttə, bu, hərbi müdaxilə çağırışı deyil. Bu, daha dərin bir gözləntini ifadə edir: mənəvi mövcudluq və siyasi himayə ümidini. Beynəlxalq siyasətdə simvolika çox vaxt açıq bəyanatlardan əvvəl gəlir. Cəmiyyətlər ümidlərini xarici fiqurlara proyeksiya etməyə başlayanda bu, sədaqət böhranından yox, təmsilçilik boşluğundan xəbər verir.
Siz bir vaxt demişdiniz: “Mən 50 milyon azərbaycanlının prezidentiyəm.”
Bu ifadə artıq ritorika deyil. İran böhranı onu real siyasi öhdəliyə çevirib.
Burada söhbət hərbi müdaxilədən, ultimatumdan və ya İranın daxili işlərinə qarışmaqdan getmir. Söhbət mövqedən gedir. Açıq, prinsipial mövqedən.
İran türkləri siyasi subyektdir. Onların taleyi başqaları tərəfindən yazıla bilməz. Masada olmasalar belə, menyuda olmayacaqlar. Əgər bu mövqe indi ortaya qoyulmasa, sabah gec olacaq. Çünki tarix göstərir: menyuya düşənlərin sonradan masa tələb etmək imkanı olmur.
Hazırda rəsmi Bakı susur. Bu susqunluğun biganəlikdən yox, müdaxilə üçün münasib anı gözləməkdən qaynaqlandığına inanmaq istəyirik. Amma müdaxilə məqamı əldən çıxsa, vəziyyətə nəzarət də itəcək. Tarix göstərir ki, doğru anı gözləmək gücdür, amma həmin an yetişəndə səssiz qalmaq prosesi uduzmaqdır.
Bu baxımdan İran böhranı sizin siyasi karyeranızda yeni mərhələdir. Burada məsələ hərbi addım yox, vaxtında siyasi çərçivə çəkmək, Güney Azərbaycan türklərinin başqaları tərəfindən “haqqında danışılan obyektə” çevrilməsinə imkan verməməkdir.
Rəsmi Ankara da hələlik aşağı tonla danışır. Amma Türkiyə də çox yaxşı anlayır ki, İranda türk faktorunun sıxışdırılması onun regional təhlükəsizliyinə birbaşa təsir edir. Proses uzandıqca Türkiyənin də manevr imkanları daralacaq. Türkiyə və Azərbaycan hadisələrə yön verən yox, sonradan reaksiya verən tərəflərə çevrilsə, bunun adı artıq strateji səhv olacaq.
İranda baş verənlər sizi siyasi memarlığın daha möhtəşəm nümunəsini yaratmağa çağırır. İnanıram ki, bu çağırışa məhz vaxtında cavab veriləcək.
