DünyaQalmaqalSiyasət

Putin Avropanı donuz balaları adlandırıb.

Bu cür danışmaq Medvedevə xasdır. İndi Putin də ifadələrini Medvedev sayağılaşdırıb. Donuz balaları.. Putini çox qəzəbləndiriblər..

Avropa ittifaqını bu qədər ardıcıl, qətiyyətli, toparlanmış, kollegial və hazırcavab olacağını gözləmirdi. Arada ABŞ da dinməz təbəssümlə, lal razılıqla Ukraynaya Rusiyanın strateji silah-sursatını dağıtmağa kömək edir. Amma Putinin ABŞ-a çoşqa düməyə cürəti çatmaz.

Putin qəzəblidir, ona görə ki,

Ənənə olaraq hər il keçirilən birbaşa yayımda verilən açıq suallar göstərir ki, əhalinin

21%-i müharibənin nə vaxt bitəcəyini, sülhün nə vaxt yaranacağını və sülh danışıqlarının nə vaxt başlayacağını soruşub.

16%-i rifahın yaxşılaşması, təqaüdlərin, sosial müavinətlərin artırılması,

8%-i iqtisadi böhranın, bahalığın dayandırılması və vergilərin azaldılması maraqlandırır.

6%-i sosial rifahın yaxşılaşdırılmasını, ipoteka faizlərinin azaldılmasını, MKX vergilərinin azaldılmasını, məktəb və evlərin təmirini gözləyir.

5%-i isə daxili idarəçilkdəki böhrandan narazıdır.

Putinə ünvanlanan əsas sual müharibənin nə vaxt dayandırılması ilə bağlı olub. 21% deyir ki, ruslar müharibədən artıq yorulublar. Deməli, nəsə düz getməyib. Nə?

Rusiyanın politoloqları artıq deyirlər ki, əgər Ukrayna müharibəsinin başladığı ilk vaxtlarda əhali bu müharibənin əleyhinə deyildisə, patriotik əhval-ruhiyyədə idisə və tezliklə qələbəni gözləyirdisə, keçən 4 il müddətində adamlar artıq başa düşməyə başlayıblar ki, Ukrayna müharibəsi qanlı, çətin müharibədir və qələbə heç zaman olmayacaq, döyüşməyə getmək istəyən adamların sayı isə getdikcə azalır.

Rusiya əhalisinin əksəriyyətini qələbə artıq düşündürmür. Əgər müharibənin əvvəlində kiçik Ukraynanın dirənişi, Rusiyanın Ukraynadan güclü olmaması faktı və fikri rusları qıcıqlandırırdısa, indi sən demə bu faktı qəbul edib və vəziyyətlə barışıb yaşamaq mümkün imiş, bu barədə heç düşünməmək də olar. Donbası ala bilmirlər? Nə olsun. Məgər Donbas olmayanda yaşamırdılar? Fransa Əlcəzairsiz özünü yaxşı hiss etmir? Niyə ruslar özlərini hamıdan güclü göstərməyə çalışırlar, nəylərinə lazımdır?

Rusiya vətəndaşları 1990-cı illərin əvvəlində olan əhval-ruhiyyələrinə qayıdıblar: iqtisadiyyat böhran içində, əhalinin vəziyyəti ağır, xarici siyasət, imperiyanın böyüklüyü heç kimi düşündürmürdü. Kimsə dünyaya yumruq göstərmək gücündə deyildi və bunu etmirdi də. Tarix geriyə sayır.

Ruslar xəritədə 4 ilin müharibəsində nazik zolaq şəklində olan “uğurlarından” məyusdurlar. Onlar özlərindən kiçik ukrainlərin diş qıcırtmalarından heyrətdədirlər. Rusiyanın Z təbliğatçılarının “biz güclü NATO ilə döyüşürük” bəhanələri də köməyə gəlmir. Təbliğatçıların digər qisminin NATO-nu zəif və qorxaq təsvirləri güclü NATO ilə üst-üstə düşmədiyindən bəs Ukrayna “niyə uduzmur?” sualı yaranır və dərhal da cavab tapılır: “axı ukrainlər ədalətli, müdafiə müharibəsi aparırlar” düşüncəsinin rüşeymi qoyulur. Beləliklə, qələbə baş verməyəndə xalq ona inanmamağa başlayır. Üstəlik “nəyin uğrunda döyüşürük?” sualının yaranması rus insanının düşüncəsində dönüş nöqtəsinə gətirir.

Putin adamların əhvalındakı dəyişikləri başa düşürmü? Əlbəttə. Lakın onun ikili şəxsiyyəti imkan verir ki, korrupsioner və vətənpərvər birlikdə mövcud olsun. Onun üçün iki həqiqət var, biri özü üçündür, digəri ətrafındakılara açıqdır. Şəxsiyyətindəki ikiləşmənin mənəvi çəkişmələr yaradıb ona əzab verməsinə imkan vermir. Bu xüsusiyyət onu riyakar edir. Riyakarlıqda isə çempiondur.

Onun təsəvvüründə iki cür rus var – Rusiyadan ötrü özünü qeyd-şərtsiz ölümə verən və heç nə tələb etməyən ideal obraz və bunu etməyib ideal olmayan yaramaz rusa qarşı nifrəti.

Putin fövqəlmistik düşüncə xəstəliyinə tutulub. Ona elə gəlir ki, o, allahın göndərdiyi rəhbərdir və xalqı ardınca işıqlı gələcəyə aparmaq ona göylərdən tapşırılıb. O, özünü tarixi miqyasda böyk şəxsiyyət sayır. Ətrafındakı adamları xırda işlərlə məşğul olan, ayaqlarına dolaşan cılız nadanlar, özünü isə dünya əhəmiyyətli işlər görən dahi hesab edir.

Ukrayna müharibəsində insan həyatının qiyməti onu düşündürürmü? Hər həftə min nəfər itki, yaralı. Yaxşı olardı ki, adamlar müharibədə ölməsinlər. “Mən axı rusları çox sevirəm!” Xalqın zəif damarı budur. Diktatorun uğuru xalqın zəif damarını tutmasındadır. O, abstrakt, ideal rusu sevir, konkret adamlar isə vecinə deyil. Ruslar ideya kimi əladır, amma fərdi qaydada rus heç kimdir. Əlbəttə ki, adamların müharibədə ölməməsi, xoşbəxt yaşaması yaxşı olardı. Lakin kiminsə ölməsi böyük ideyaların qarşılığında nədir ki?

Putinin tarixə həvəsi təsadüfi deyil. O, məsələn, “Napoleonla müharibədə nə qədər rus əsgəri öldü?” sualına necə cavab verir? “Nə olsun! Onlar onsuz da öləcəkdilər!” Putin üçün 1812-ci ildə nə qədər rus əsgərinin Napoleon Fransası ilə müharibədə ölməsinin əhəmiyyəti yoxdur. Ona görə ki, əvəzində Rusiyanın böyük qələbəsi var və milli tarixdə Великая Победа России yazılır.

Kreml 1418 günü müharibə əleyhinə necə çevirə bilər?

Yanvarda Ukrayna müharibəsinin 1418 günü tamam olacaq. Bu, SSRİ-nin Almaniya ilə müharibəsinin müddətinə bərabər müddətdir. Tarixə Böyük Vətən müharibəsi kimi düşmüş müharibədə ruslar ona görə qələbə çaldılar ki, ədalətli və müdafiə müharibəsi aparırdılar, ona görə ideal ruslar idilər. Ukraynada isə işğalçı müharibə apardıqlarına görə qalib gəlmirlər, ona görə də indiki əsgərlər babalarından fərqli olaraq pis ruslardır. Ruslar yalnız müdafiə, ədalətli müharibədə yaxşı ola bilərlər. Putin Ukrayna müharibəsindən simasını saxlamaqla çıxmağının xalqı qarşısındakı ən yaxşı izahı budur.

Bu izah həm də Rusiyanın Ukraynadakı müharibəsində nəyin düz getmədiyi sualının cavabıdır.

 

Arzu Qazıyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Vasif Talıbov şeir yazmağa başlayıb: Vəsiyyətini də edib…

redaktor

“Tottenhem” – “Qarabağ” oyununu fransalı hakim idarə edəcək

admin

Türkiyədə böyük qızıl yatağı aşkar edilib

redaktor