DünyaTarix

Stalinin öz ailəsinə münasibəti: Həyat yoldaşının, qohumlarının və öz oğullarının faciəsi

İosif Stalinin öz ailəsinə münasibəti son dərəcə sərt, soyuq və siyasi maraqlara tabe etdirilmiş bir davranış modeli ilə xarakterizə olunur, bu da onun həyat yoldaşlarının, yaxın qohumlarının və övladlarının ağır faciələr yaşamasına səbəb olmuşdu.

Bəziləri elə bilir ki, Stalinin sonuncu arvadı Nadejda Alliluyeva tatar əsilli olub, amma bu, doğru deyil. O, etnik mənşəcə rus və gürcü qarışığı idi. Atası Sergey Alliluyev rus, anası Olqa Fedorenko isə gürcü mənşəli hesab olunur. Buna görə də onu tatar əsilli deyil, rus-gürcü mənşəli kimi təqdim etmək daha doğrudur.

Nadejda Stalinin qəddar siyasətinə (xüsusilə kollektivləşmə dövründəki aclığa) və kobud davranışlarına dözə bilmirdi. 1932-ci ilin 9 noyabrında aralarında baş verən ağır mübahisədən sonra 31 yaşlı Nadejda özünü güllələyərək intihar etmişdi. Stalin bunu “xəyanət” kimi qiymətləndirmiş və onun dəfn mərasiminə qatılmamışdı.

Onun ölümündən əvvəl Stalinlə ciddi mübahisə etdiyi məlumdur. Evlilikdəki gərginlik, Stalinin kobud davranışı, şəxsi tənhalıq və mümkün fikir ayrılıqları intiharın səbəbləri arasında göstərilir.

Nadejdanın ölümündən sonra onun ailəsi də Stalin repressiyalarından yaxa qurtara bilmədi. Bacıları, yəni Stalinin baldızları Anna və Yevgeniya “casusluq” və “böhtan” ittihamları ilə uzun müddət həbsxanada saxlanılmışdı. Bacısının əri Stanislav Redens isə 1940-cı ildə güllələndi. Nadejdanın qardaşı Pavel müəmmalı şəkildə ölmüşdü.

Stalinin öz ailəsinə, yaxın insanlara qarşı belə amansız davranması göstərir ki, onun üçün şəxsi münasibətlər və qohumluq əlaqələri siyasi şübhədən üstün deyildi. Bununla belə, bütün həbsləri yalnız arvadının ölümündən doğan şəxsi intiqamla izah etmək düzgün olmaz; həmin dövrdə genişmiqyaslı siyasi repressiyalar da gedirdi.

Stalinin öz böyük oğlu Yakovla münasibətləri də olduqca gərgin idi. İlk evliliyindən olan oğlu Yakov atası tərəfindən sevilmirdi, əksinə, daim alçaldılırdi. Yakov atasının sərt münasibətindən və daimi təzyiqlərindən əziyyət çəkirdi. Atasının təzyiqlərinə dözməyən Yakov 1920-ci illərin sonlarında intihara cəhd etsə də, güllə ürəyindən yan keçmişdi. Stalin isə ona mərhəmət göstərmək əvəzinə “hətta düz nişan ala da bilmədi” deyərək istehza etmişdi. O, öz oğlunu ələ salaraq onun özünü belə öldürə bilmədiyini demişdi. Bu münasibət ata ilə oğul arasında dərin emosional uçurumun olduğunu göstərirdi.

İkinci Dünya müharibəsi başlayanda Yakov cəbhəyə getdi və 1941-ci ilin iyulunda almanlara əsir düşdü. Almanlar onun Stalinin oğlu olduğunu öyrəndikdən sonra bundan həm təbliğat, həm də siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışdılar. Stalin isə oğlunun əsir düşməsini ağır qəbul etsə də, onu xilas etmək üçün xüsusi əməliyyat təşkil etdirmədi. Əksinə, 1941-ci ildə imzalanmış 270 saylı əmrə əsasən, əsir düşən sovet hərbçilərinə münasibət son dərəcə sərt idi. Stalinin gəlini, Yakovun həyat yoldaşı Yuliya da ərinin əsir düşməsindən sonra həbs edildi və təxminən iki il həbsdə saxlanıldı.

Ən maraqlı və faciəli məqam isə almanların Yakovu əsirlikdən dəyişdirmək təklifidir. Müxtəlif mənbələrdə bildirilir ki, Stalinqrad döyüşündən sonra almanlar Yakovu sovetlərin əsir götürdüyü alman feldmarşalı Fridrix Paulusa dəyişməyi təklif etmişdilər. Stalin bu təklifi qəbul etmədi. Onun qızının xatirələrində də atasının almanların belə bir təklifindən danışdığı qeyd olunur. Bununla belə, məşhurlaşmış “Mən feldmarşalı leytenantla dəyişmərəm” ifadəsinin dəqiq şəkildə deyildiyini təsdiqləyən etibarlı sənəd yoxdur. Mübadilə təklifinin təfərrüatları barədə də tarixçilər arasında müəyyən mübahisələr mövcuddur.

Yakov 1943-cü il aprelin 14-də Almaniyanın Zaksenhauzen düşərgəsində həlak oldu. Alman sənədlərinə görə, o, düşərgənin elektrikləşdirilmiş məftil hasarına doğru qaçmış, dayanmaq əmrini yerinə yetirməmiş və mühafizəçi tərəfindən güllələnmişdi. Hadisənin intihar cəhdi, qaçmaq cəhdi, yoxsa başqa şəraitdə baş verməsi barədə müzakirələr olsa da, ölümünün əsas sənədli versiyası bu hadisədir. ABŞ və Böyük Britaniya müharibədən sonra alman arxivlərindən onun ölümü ilə bağlı sənədləri əldə etmişdilər.

Beləliklə, Stalin oğlunu xilas etmək üçün xüsusi hərbi əməliyyat keçirmədi və əsirlikdən dəyişdirilməsinə də razılıq vermədi. Lakin bundan onun oğlunun taleyinə tamamilə laqeyd olduğu nəticəsini çıxarmaq da düzgün olmaz. Bəzi xatirələrdə Yakovun əsir düşməsi və sonrakı taleyinin Stalinə emosional təsir göstərdiyi bildirilir.

Stalinin kiçik oğlu Vasili atasının tərbiyəsizlik və qorxu mühitində böyümüş, erkən yaşlarından alkoqolizmə qurşanmışdı. Atasının ölümündən sonra bütün imtiyazlarını itirmiş, həbs edilmiş və sürgündə spirtli içkilərin yaratdığı xəstəliklərdən 40 yaşında vəfat etmişdi.

Stalinin yeganə qızı Svetlana uşaqlıqda atasının sevimlisi olsa da, böyüdükcə onun despotizmi ilə üzləşmişdi. Stalin qızının ilk sevgilisini (rejissor Aleksey Kapleri) Sibirə sürgün etdirmiş, qızının şəxsi həyatına daim müdaxilə etmişdi. Svetlana 1967-ci ildə SSRİ-dən qaçaraq ABŞ-a sığınmış və atasının rejimi haqqında tənqidi xatirələr yazmışdı.

Stalin üçün “qohumluq” anlayışı siyasi etibarlılıqdan üstün deyildi və o, hətta ən yaxın qohumlarını belə repressiya maşınından kənarda saxlamamışdı.
Stalinin ilk həyat yoldaşının qardaşı Aleksandr Svanidze (Stalinin yaxın dostu) və onun həyat yoldaşı 1937-ci il repressiyaları zamanı həbs edilmiş, işgəncələrə məruz qalmış və güllələnmişdilər. İkinci həyat yoldaşı Nadejdanın da qohumlarının bir çoxu Stalin tərəfindən cəzalandırılmışdı, bu barədə yuxarıda yazmışam.

Burada faciəli ziddiyyət ondan ibarətdir ki, milyonlarla insanın taleyinə hökm edən Stalin öz ailəsində belə sevgi, mərhəmət və etimad münasibətlərini qoruya bilməmişdi. Onun hakimiyyət anlayışında siyasi sərtlik və şübhəçilik çox vaxt ata-övlad, ər-arvad və qohumluq münasibətlərini də üstələyirdi.

Vüqar Nəbiyev

Tacxeber.com

Oxşar xəbərlər

Meloni Zelenskinin hərəkətlərindən “bezdiyini” etiraf etdi

redaktor

Zelenski sülh naminə böyük bir güzəştə razılaşdı

redaktor

İsraildə RAAM ərəb partiyasının sədri Mənsur Abbas HƏMAS-ı açıq şəkildə terror təşkilatı kimi tanıdığını bildirib

redaktor