Bu gün AXCP sədri Əli Kərimlinin həbsindən bir il ötür. Düz bir il əvvəl ölkədə siyasi rəqabətdən, azad sözdən və fərqli düşüncədən qorxan hakimiyyət onun fiziki azadlığını məhdudlaşdırdı. Onu ailəsindən, doğmalarından, mübarizə yoldaşlarından ayırdı.
Həbsxananın dəmir barmaqlıqları arxasına göndərdi. Bununla onun siyasi iradəsini sındıracağını, mübarizə əzmini yox edəcəyini, cəmiyyətə ünvanladığı mesajı susduracağını düşündü.Amma bir şeyi hesaba almadı:Həqiqəti həbs etmək mümkün deyil.Bir il əvvəl verilən bu qərarın siyasi və hüquqi məsuliyyəti hakimiyyətin üzərinə düşür. Çünki ölkədə siyasi azadlıqların vəziyyətinə görə məsuliyyət daşıyan da, dövlətin hüquq-mühafizə və məhkəmə sisteminin müstəqilliyini təmin etməli olan da hakimiyyətdir. Hakimiyyətin borcu siyasi rəqiblərini həbsxanaya göndərmək deyil, onların hüquqlarını qorumaqdır.
Əgər hakimiyyət öz siyasi rəqibinə qarşı irəli sürülən ittihamların müstəqil, şəffaf və ədalətli məhkəmə araşdırmasından keçməsini təmin edə bilmirsə, əgər siyasi fəaliyyət azadlığı real təminat altında deyilsə, bunun siyasi məsuliyyətindən yayınmaq mümkün deyil.Bir il ərzində Əli Kərimlinin azadlığının məhdudlaşdırılmasına görə hakimiyyətin üzərinə düşən suallar cavabsız qalıb. Niyə siyasi mübarizə meydanında cavab vermək əvəzinə həbs yoluna üstünlük verilir? Niyə fərqli düşünənlərin fəaliyyəti azad siyasi rəqabətin bir hissəsi kimi deyil, təhlükə kimi qəbul olunur? Niyə ölkədə siyasi opponentlərin hüquqlarının qorunması hakimiyyətin əsas prioritetlərindən birinə çevrilmir?
Bu sualların cavabını vermək hakimiyyətin məsuliyyətidir!
Əli Kərimlinin həbsdə keçirdiyi bu bir il həm də hakimiyyətin siyasi dözümlülüyünün, hüquqa münasibətinin və demokratik prinsiplərə sadiqliyinin ciddi müzakirə mövzusuna çevrildiyi bir ildir.Bir insanın azadlığını məhdudlaşdırmaqla onun təmsil etdiyi ideyaları yox etmək mümkün deyil. Əksinə, siyasi problemləri həbs və təzyiqlə həll etməyə çalışmaq cəmiyyətdə inamsızlığı, narazılığı və ədalət tələbini daha da dərinləşdirir.Bu gün Əli Kərimlinin ailəsinin çəkdiyi həsrətin, doğmalarının yaşadığı nigarançılığın, mübarizə yoldaşlarının narahatlığının və onun hüquqlarının müdafiəsi üçün səslənən çağırışların siyasi məsuliyyəti hakimiyyətin üzərindədir. Bu məsuliyyəti nə təbliğatla, nə susdurmaqla, nə də zamanın keçməsini gözləməklə aradan qaldırmaq olar.
Biz bu bir ili unutmayacağıq!
Unutmayacağıq ki, bir siyasi liderin azadlığı məhdudlaşdırıldı. Unutmayacağıq ki, onun hüquqları ilə bağlı suallar cavab gözləyir. Unutmayacağıq ki, hakimiyyətin əsas vəzifəsi vətəndaşları qorxutmaq deyil, onların hüquqlarını qorumaqdır.
Və ən əsası, unutmayacağıq ki, siyasi məhbus problemi təkcə həbsxana divarlarının arxasında qalan insanların problemi deyil. Bu, bütün cəmiyyətin azadlığına, ölkənin gələcəyinə və dövlətin hüquqi mahiyyətinə aid məsələdir.
Biz hakimiyyətdən xüsusi imtiyaz istəmirik. Biz qanunun aliliyini, ədalətli məhkəməni, siyasi fəaliyyət azadlığını və fundamental insan hüquqlarına hörmət tələb edirik. Əli Kərimlinin hüquqlarının təmin olunmasını, onun işinə müstəqil və ədalətli məhkəmə tərəfindən baxılmasını və siyasi təqiblərə son qoyulmasını tələb edirik.Hakimiyyət bilməlidir: həbsxanaya saldığı hər bir insanın arxasında susdurulduğunu düşündüyü suallar, cavab gözləyən həqiqətlər və ədalət tələb edən insanlar var.Bir il keçdi. Əli Kərimli həbsdədir, amma azadlıq tələbi yaşayır. Dəmir qapılar bağlanıb, amma mübarizə və ədalət haqqında suallar açıq qalıb.
İnsan həbsxanada ola bilər, amma həqiqət həbsdə deyil. Əsl əsarət isə azadlıqda yaşayıb qorxunun qarşısında diz çökməkdir.Bu gün tələbimiz aydındır: Əli Kərimliyə azadlıq! Bütün siyasi məhbuslara azadlıq.Siyasi təqiblərə son! Qorxu siyasətinə son! Hüquqsuzluğa son!
Azadlıq, ədalət və demokratik Azərbaycan!
