Azərbaycan tarixində ən çox müzakirə olunan məsələlərdən biri 1918-ci il mayın 29-da İrəvan şəhərinin Ermənistanın paytaxtı kimi qəbul edilməsinə razılıq verilməsidir. Bu qərarı qiymətləndirərkən iki ifrat yanaşmadan uzaq durmaq lazımdır: bir tərəfdən, onu tamamilə haqlı və səhvsiz addım kimi təqdim etmək, digər tərəfdən isə bütün məsuliyyəti bir nəfərin — Məhəmməd Əmin Rəsulzadənin üzərinə qoyaraq onu Ermənistan dövlətinin yaradılmasında günahlandırmaq.
Əvvəla, tarixi ardıcıllığı dəqiqləşdirək: Ermənistan öz müstəqilliyini 1918-ci il mayın 28-də elan etmişdi. İrəvanın ermənilərə güzəşt edilməsi ilə bağlı qərar isə mayın 29-da Azərbaycan Milli Şurasının iclasında qəbul olundu. Deməli, Azərbaycan Milli Şurası Ermənistan dövlətini yaratmamışdı. Lakin İrəvanın onun paytaxtı kimi qəbul edilməsinə razılıq verməklə Ermənistanın dövlət quruculuğu prosesinə mühüm siyasi güzəşt etmişdi. Bu qərarı tənqid etmək, onun uzunmüddətli nəticələrini müzakirəyə çıxarmaq tamamilə legitimdir.
Bununla belə, həmin qərarın hansı şəraitdə qəbul edildiyini də nəzərə almalıyıq. 1918-ci ilin mayında Rusiya imperiyası dağılmış, Cənubi Qafqazda siyasi və hərbi qüvvələr arasında ciddi qarşıdurma yaranmışdı. Azərbaycan yeni müstəqillik əldə etmiş, hələ möhkəm dövlət institutlarına və güclü nizami orduya malik deyildi. Bakı bolşevik-daşnak qüvvələrinin nəzarətində idi, Azərbaycan hökuməti isə Gəncədə fəaliyyət göstərirdi. Osmanlı ordusunun bölgədəki hərbi mövcudluğu, erməni qüvvələri ilə münasibətlər və Azərbaycanın ərazi bütövlüyü məsələsi son dərəcə mürəkkəb vəziyyət yaratmışdı.
Belə bir şəraitdə İrəvanın güzəşt edilməsi müəyyən siyasi hesablamalarla əsaslandırılırdı. Azərbaycan rəhbərliyi ümid edirdi ki, bu addım ermənilərin Azərbaycanın digər ərazilərinə, xüsusilə Gəncə quberniyasına və Qarabağa ərazi iddialarının qarşısını almağa, həmçinin regionda daha sabit münasibətlər yaratmağa kömək edəcək, eyni zamanda ermənilərin kütləvi şəkildə Azərbaycana axışıb burada məskunlaşmasının qarşısını alacaq.
Lakin bu gözləntilərin özünü doğrultduğunu söyləmək çətindir. Sonrakı hadisələr göstərdi ki, güzəşt uzunmüddətli sülh və qarşılıqlı ərazi təminatları yaratmadı. Buna görə də həmin qərarın strateji baxımdan nə dərəcədə düzgün olduğu ciddi müzakirə mövzusu olaraq qalır.
Bəs bu qərara görə Rəsulzadənin siyasi məsuliyyəti varmı? Bəli, onun həmin dövrün siyasi rəhbərlərindən biri kimi ümumi siyasi proseslərdə iştirakını və məsuliyyətini inkar etmək olmaz. Lakin Rəsulzadə mayın 29-da Milli Şuranın İrəvanla bağlı iclasında iştirak etməmişdi, iclasa sədrlik etməmişdi və təbii ki, belə bir qərarı təkbaşına qəbul etməmişdi. Rəsulzadə o zaman Batumi danışıqlarında iştirak etdiyindən, bu iclasda olmamış, iclasa Həsən bəy Ağayev sədrlik etmiş, Fətəli xan Xoyski isə qərarın siyasi əsaslandırılması ilə bağlı məlumat vermişdi. Bu, kollektiv siyasi qərar idi və onun məsuliyyəti də həmin dövrün siyasi rəhbərliyi arasında bölüşdürülməlidir.
Burada diqqət çəkən başqa bir məqam da var: nədənsə bu məsələdə digər rəhbərlərin — Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Məhəmməd Həsən Hacınskinin və Milli Şuranın digər üzvlərinin adları arxa plana keçirildiyi halda, əsas ittihamlar müəyyən adamlar tərəfindən məhz Rəsulzadənin ünvanına yönəldilir. Bu yanaşma tarixi hadisənin obyektiv araşdırılmasından daha çox, Rəsulzadənin şəxsiyyətini və siyasi irsini gözdən salmaq məqsədi daşıyan qərəzli yanaşma təsiri bağışlayır. Əgər qərar kollektiv şəkildə qəbul edilibsə, məsuliyyəti yalnız bir nəfərin üzərinə qoymaq tarixi həqiqətə uyğun deyil. Rəsulzadəni tənqid etmək olar, lakin eyni hadisədə iştirak etmiş digər rəhbərləri görməzdən gəlmək və bütün günahı onun adına bağlamaq ədalətli yanaşma sayıla bilməz.
Tarixi şəxsiyyətləri qiymətləndirərkən onların fəaliyyətinə bütöv şəkildə baxmaq lazımdır. Rəsulzadə yalnız İrəvan məsələsi ilə deyil, Azərbaycan milli dövlətçilik ideyasının formalaşması, 1918-ci ildə müstəqil respublikanın yaradılması və milli istiqlal düşüncəsinin inkişafı ilə də tarixə düşüb. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya Aktında müasir Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Respublikasının hüquqi varisi olduğu təsbit edilib. Bu fakt da 1918-ci il dövlətçiliyinin müasir Azərbaycan tarixindəki fundamental yerini göstərir.
Nəticə etibari ilə, İrəvanın güzəşt edilməsi qərarını mübahisəsiz və qüsursuz addım kimi müdafiə etmək düzgün deyil. Onun strateji nəticələri tənqid oluna, həmin dövrün rəhbərlərinin siyasi məsuliyyəti araşdırıla bilər. Lakin bir qərarın mübahisəli olması bütöv bir tarixi şəxsiyyətin dövlətçilik xidmətlərini inkar etməyə əsas vermir. Üstəlik, kollektiv qərara görə bəziləri tərəfindən məhz Rəsulzadəni hədəfə almaq, digər iştirakçıları isə kölgədə saxlamaq obyektiv tarixçilik deyil, qərəzli yanaşmadır. Tarixə münasibətdə əsas prinsipimiz nə şəxsiyyətlərə pərəstiş etmək, nə də onları əsassız şəkildə qaralamaq olmamalıdır, faktlara və tarixi şəraitə söykənən obyektiv qiymətləndirmə olmalıdır.
