Batumda “Beşiktaş”–“Hapoel Beer-Şeva” qarşılaşması zamanı baş verən hadisələrlə əlaqədar 16 nəfər saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi üç əməkdaşının yaralandığını bildirib.
Tacxeber.com “Civil Georgia”ya istinadən xəbər verir ki, nazirlik noyabrın 27-nə keçən gecə yaydığı açıqlamada polis müdaxiləsinin Fələstin bayraqları və pankartlarının nümayişinə görə başladığı barədə məlumatları rədd edib.
Gürcüstan tərəfinin versiyasına görə, bəzi azarkeşlər hələ stadiona yürüş zamanı ictimai asayişi pozub, polis göstərişlərinə tabe olmayıb və hüquq-mühafizə əməkdaşları ilə qarşıdurmaya giriblər. Nazirlik stadionda oturacaqların sındırılaraq polisə atıldığını da iddia edir.
Türkiyə rəsmiləri və “Beşiktaş” klubu isə azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiqini pisləyiblər. Hadisələrdən sonra iki ölkənin daxili və xarici işlər nazirləri arasında telefon danışıqları aparılıb.
Tribunalardan yayılan görüntülərdə polisin bibər qazından istifadə etdiyi, bəzi azarkeşlərin isə müxtəlif əşyalar atdığı görünür.
Noyabrın 26-da keçirilən oyun qarşıdurmaya görə müvəqqəti dayandırılıb. Daha sonra davam etdirilən qarşılaşma “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
