“O olmasın, bu olsun” filmində yaddaqalan və ibrətamiz bir epizod var.
Mirzə Cəlil Sabirə deyir ki, Mirzə, bu qədər yazırıq, amma düzəlmir ki, düzəlmir. Bu millətin axırı necə olacaq?..
Böyük dərddir. Aradan yüz ildən çox vaxt keçib, bu qədər kitab yazılıb, tərcümə olunub, film çəkilib, bu qədər məktəb, universitet fəaliyyət göstərir, elm, texnologiya inkişaf edib, 30 ildən çoxdur İnternet həyatımnıza daxil olub, di gəl ki, bir xurafat, bir fırıldaq bircə anda bunların hamısını əzib keçir.
Yaxud da insanımız o dərəcədə beyinsizdir ki, hansı hikmətin, sözün hansı məqamda işlənməli olduğuna, hansı situasiyaya uyğun gəldiyinə düzgün qərar verə bilmir.
Ağızlarına bir saqqız at, ağına-bozuna, dadına-rənginə baxmadan çeynəyib-çürütsünlər…
İndi də ağızlarına bir söz atıblar: yıxılana balta vurmaq…
Ə, qardaş, əvvəlcə bir yaxşı-yaxşı baxın görün, yıxılan kimdir, yalandan axsayan, özünü yıxılmış kimi göstərən kimdir, bu adam vaxtilə nə qanlar eləyib, indi də, allah bilir, hansı məkrli proyekti icra edir, balta kimin əlindədir, ondan sonra danışın da…
Yoxsa elə bil bir-birinin ağzına tüpürüblər. Ə, bir danışanda düşünün də. Allah o başı, içindəki beyni sizlərə niyə verib? Nə vaxtacan əvəzinizə başqaları düşünəcək? Nə vaxtacan ağzınızı istədikləri yerə döndərəcəklər?..
Çox təəssüf ki, cəmiyyətimizdə kifayət qədər geniş yayılmış, amma ciddi müzakirəyə ehtiyacı olan bir düşüncə tərzi, daha doğrusu, düşüncəsizlik var. İnsanlar çox vaxt tənqidlə təhqiri, mərhəmətlə susmağı, humanizmlə mənəvi güzəşti bir-birinə qarışdırırlar.
İnsanın vəfat etməsi də, həbs olunması da sağlığında törətdiyi əməlləri ictimai müzakirədən azad etmir. Əks halda, biz həqiqəti deyil, insanın son vəziyyətini mühakimə predmetinə və mövzusuna çeviririk.
Əlbəttə, insanın ağır vəziyyətindən istifadə edərək onu alçaltmaq, təhqir etmək, yarasına duz basmaq mənəvi baxımdan qəbuledilməzdir. Amma onun ictimai fəaliyyətini, siyasi qərarlarını, əməllərini və məsuliyyətini müzakirə etmək tamam başqa şeydir.
Hamı, yumşaq söyləsək əksəriyyət deyir ki, ölənləri tənqid etmək olmaz, həbs olunanlara toxunmaq olmaz. Hətta özünü ziyalı, nə bilim, ictimai xadim, siyasətçi hesab edənlər belə efirdən deyirlər ki, filankəs haqqında çox şey deyərdim, amma təəssüf ki, həbsdədir. Çıxsın deyərəm…
Ə, bəlkə heç çıxmadı, ömürlük verdilər, ya da 15 ildən sonra çıxacaq? Sən həqiqəti söyləmək üçün 15 il gözləyəcəksən? Belə şey olmaz axı…
Cəmiyyətdə qəribə bir mənəvi tabu var: vəfat edən adamı tənqid etmək olmaz. Həbs olunandan sonra isə haqqında mənfi fikir söyləmək, keçmiş əməllərini xatırlatmaq, fəaliyyətini müzakirə etmək, guya, insanlıqdan kənar davranış sayılır.
Belə hallarda adətən iki ifadədən istifadə olunur: «Ölənin arxasınca danışmazlar» və «Yıxılana balta çalmazlar».
İlk baxışdan bu yanaşmada guya müəyyən humanizm, mənəviyyat və əxlaq var. Heç kəsin dərdinə sevinmək, ölümündən və ya bədbəxtliyindən istifadə edib onu təhqir etmək, alçaltmaq doğru deyil. İnsanın faciəsinə hörmətlə yanaşmaq lazımdır. Lakin burada bir məsələni aydınlaşdırmaq gərəkdir: mərhəmətli, rəhmli görünmək pərdəsi arxasında həqiqəti gizlətmək nə dərəcədə doğru davranışdır?
Tutaq ki, bir dövlət məmuru uzun illər vəzifədə olub, bu müddətdə qanunsuzluqlara yol verib, insanların hüquqlarını pozub, ölkənin ictimai-siyasi həyatına zərər vurub. İndi həmin şəxs vəfat edib. Biz onun haqqında danışmamalıyıq? Onun fəaliyyətini təhlil etməməliyik? Etdiyi əməlləri xatırlatmaq mərhuma hörmətsizlikdir?
Eyni şey uzun illər müxalif düşərgəni öz təsiri və hakimiyyəti altında saxlayan şəxslərə də aiddir. Onlar da xalq az ziyan vurmayıblar və tənqiddən sığortalanmayıblar.
Bəs həmin adamın fəaliyyəti nəticəsində zərər çəkmiş insanların haqqı necə olsun? Onların xatirələri, ağrıları, itkiləri nə olacaq? Ölən adamın xatirəsinə hörmət naminə sağ qalanlar həqiqəti söyləmək haqqından imtina etməlidir?
Məncə, yox!
Ölüm insanın bioloji həyatına son qoyur, amma onun ictimai fəaliyyətinə və tarixi məsuliyyətinə yox. İnsan həyatda ikən hansı əməlləri ilə yadda qalıbsa, ölümündən sonra da həmin əməllərlə xatırlanacaq. Əgər bir şəxs yaxşı işlər görübsə, onu tərifləmək, pis işlər görübsə, tənqid etmək lazımdır. Əks halda, tarix yazmaq yox, nekroloq yazmaqla məşğul olarıq.
Həbs məsələsi də bundan çox fərqlənmir.
Bir insanın həbs olunması onun bütün keçmiş fəaliyyətinə bəraət qazandırmır. Eyni zamanda, həbs olunması onun günahkar olduğunu da avtomatik təsdiqləmir. Hər iki halda söhbət insanın şəxsiyyətindən deyil, konkret əməllərindən, qərarlarından və məsuliyyətindən getməlidir.
Məsələn, bir məmur, yaxud siyasətçi həbs edilirsə, onun əvvəlki siyasi fəaliyyətini tənqid etmək niyə yolverilməz olmalıdır? Həbs olunması onun keçmişdə buraxdığı səhvləri, yanlış qərarları, cəmiyyətə vurduğu zərəri unutmağımızı tələb edir?
Yaxud əksinə, həmin adamın siyasi mövqeyini müdafiə ediriksə, həbsinə etiraz ediriksə, onun bütün əməllərini təqdir etməliyik?
Məncə, burada iki ayrı məsələni bir-birindən ayırmaq lazımdır: insanın hüquqlarının müdafiəsini və ictimai-siyasi fəaliyyətinə münasibəti.
Bir insanın ədalətsiz həbsinə qarşı çıxmaq olar, amma onun keçmiş fəaliyyətini bəyənməmək də mümkündür. Onunla siyasi baxımdan barışmaya bilərik, amma hüquqlarının pozulmasıyla razılaşmaya da bilərik. İnsan hüquqları siyasi simpatiyadan asılı olmamalıdır.
«Yıxılana balta vurmazlar» ifadəsinin öz yeri var. Bu, insanın bədbəxtliyindən istifadə edib onu təhqir etməmək, əlavə zərbə vurmamaq mənasında başa düşülməlidir. Yoxsa həmin ifadəni hər cür tənqidə qadağa kimi qəbul etsək, cəmiyyətin yaddaşını da, mühakimə qabiliyyətini də iflic etmiş olarıq.
Belə bir yanaşma bəzən çox təhlükəli nəticələrə gətirib çıxarır: insan sağlığında tənqidə məruz qalır, vəfat edəndən sonra isə birdən-birə qüsursuz şəxsiyyətə çevrilir. Həbs olunanda da bütün keçmişi unudulur, sanki həbsxana qapısından içəri girən kimi əvvəlki günahlarından arınır.
Bu, nə ədalətdir, nə də humanizm.
Burada əsas meyar fakt, arqument və vicdandır.
İnsanın ölümünə hörmət etmək lazımdır, amma səhvlərinə yox. Həbsdə olan insanın hüquqlarını müdafiə etmək lazımdır, amma onun keçmiş fəaliyyətini toxunulmaz hesab etmək olmaz. Tənqid zamanı da insafı, dəqiqliyi və obyektivliyi qorumaq şərtilə.
Cəmiyyətin mənəvi səviyyəsi təkcə ölülərinə necə hörmət etməsi ilə deyil, həqiqəti söyləmək cəsarəti ilə ölçülür.
İnsan öləndə onun haqqındakı həqiqət ölmür. Həbs olunanda isə keçmişi həbs olunmur.
Cəmiyyət təkcə ölənləri və həbs olunanları deyil, onların tənqidçilərini də müdafiə etməyi bacarmalıdır. Çünki həqiqəti söyləmək haqqı da insanın hüququdur.
Cəmiyyətimizdə bəzən kiminsə həbsinə etiraz etmək həmin şəxsin bütün keçmişinə bəraət qazandırmaq kimi qəbul olunur. Halbuki hüquq müdafiəsi ilə siyasi qiymətləndirmə bir-birindən ayrılmalıdır.
Bir məsələ də var: biz iki “yıxılandan” birinə balta çalınmasını məqbul, o birinə isə qeyri-məqbul sayırıq. Bəziləri hesab edir ki, Ramiz Mehdiyevə istənilər qədər başta vurmaq, hətta onu mişarlamaq, çarmıxa çəkmək də olar, amma onunla əməkdaşlıq etmiş, işbirliyində olmuş Əli Kərimliyə olmaz. Çünki biri iqtidardır, o biri müxalifətçi.
Əzizlər, sizə kim deyib ki, müxalifətçi hakimiyyəti tənqid edirsə, aydan arı, sudan durudur? Axı bu müxalifət bütün fəaliyyəti boyu elə həmin iqtidarın əlinə su tökə bilər. Onu hakimiyyətdə saxlayan əsas rıçaqlardan, dayaqlardan biri ola bilər. İndi onu tənqid etməyək ki, yıxılıb?
Bir də hələ kimin yıxılıb-yıxılmadığını bilmək olmaz. Bəlkə də, əsl yıxılan elə bizlərik. O içəri girən isə bizi işsizliklə, pulsuzluqla, ehtiyacla, məhrumiyyətlə yıxıb və indi, bəlkə də, istirahət edir.
Siz tamaşanı sona qədər izləyin və görün axırı nə olacaq. Ən əsası da bayağılığınızla ürək bulandırmayın.
