Suriyanın dövlət xəbər agentliyi bildirir ki, Suriya təhlükəsizlik xidmətləri Livana “Нizbullаh”a göndərilən bir silah partiyasının qarşısını alıb. Qaçaqmalçılıq cəhdində iştirak edən bir nəfər saxlanılıb. Əməliyyat Dəməşq ətrafında həyata keçirilib.
Açıqlamada qeyd olunur ki, Suriya hakimiyyəti “Suriya ərazisinin silah və hərbi texnika qaçaqmalçılığı üçün marşrut kimi istifadə edilməsinin qarşısını almaq məqsədilə, bu qrupun fəaliyyətinin tam miqyasını və onunla əlaqəli qaçaqmalçılıq şəbəkələrini üzə çıxarmaq” istiqamətində iş aparır.
Belə xəbərləri oxuyub, mat-məəttəl qalırsan.
İranla düşmənsiniz – başa düşdük. “Нizbullаh” Livanın İsrail tərəfindən işğalına qarşı dayanan yeganə real qüvvədir. Niyə ona az-maz silah çatdırılmasına imkan vermirsiniz? Bəs onda niyə özünüzü islamçı adlandırırsınız? Axı “Нizbullаh” Livanı qorumaqla Suriyanın da İsrail tərəfindən daha böyük işğalını azı təxirə salır.
Silah İsrail üçün aparılsaydı, yəqin ki, Suriya hökuməti buna nəinki göz yumar, həttə təhlükəsizliyini təmin edərdi. Hərçənd Suriya torpaqlarını “Нizbullаh” yox, İsrail ilhaq edib. “Нizbullаh” isə Suriyanın cənubunu işğal edən, ərazisindəki istədiyi obyekti bombalayan İsrailə qarşı vuruşur. Özünüzün cəsarətiniz çatmır, barı bunu edənlərə mane olmayın.
