Görüşün ən güclü tərəfi Çindir. Çünki birinin ölkəsi güclüdür, rəhbərinin mövqeyi kövrəkdir. Digərinin rəhbəri güclüdür, ölkəsinin mövqeyi isə kövrəkdir. Çində isə həm ölkə, həm də rəhbər güclüdür.
Amma hər üç liderin bu görüşdən öz istəyi var. D.Tramp Çinlə ticarət münasibətlərində ABŞ üçün daha sərfəli şərtlər əldə etmək, texnoloji üstünlüyünü qorumaq, beynəlxalq münaqişələrin həllində təşəbbüsü ələ almaq istəyir. V.Putin Rusiyanın beynəlxalq təcridini zəiflətmək, sanksiya təzyiqlərini azaltmaq və Ukrayna məsələsində mövqeyini gücləndirmək niyyətindədir. Si Cinpin isə iqtisadi və texnoloji məhdudiyyətlərin yumşaldılmasına, Çin bazarlarının və ixrac imkanlarının qorunmasına, ölkəsinin qlobal təsirinin artmasına çalışır. Pekin birbaşa qarşıdurmadan yayınaraq iqtisadi imkanlarını siyasi üstünlüyə çevirməyə üstünlük verir.
Əslində, bu gün böyük dövlətlər arasında rəqabət yalnız hərbi və siyasi müstəvidə getmir. Gömrük tarifləri, iqtisadi sanksiyalar, enerji resursları, mikroçiplər və süni intellekt də bu mübarizənin əsas vasitələrinə çevrilib. Maraqlıdır ki, bu üç dövlət bir-biri ilə rəqabət aparsa da, iqtisadi maraqları onları müəyyən məsələlərdə əməkdaşlığa məcbur edir.
Ümumiyyətlə, bu görüşdən ciddi nəticə gözləmirəm. Yenə müh@ribə edən müh@ribəsini davam etdirəcək, hədə-qorxu gələn təzyiq siyasətindən əl çəkməyəcək, daha təmkinli və praqmatik davranan isə öz strateji maraqlarını qoruyacaq. Böyük güclər öz maraqları uğrunda mübarizəni davam etdirəcək, müharibələrdə insanlar həyatını itirəcək, bundan qazananlar isə daha da varlanacaq. Beləcə, dünya yenə öz bildiyi yolla gedəcək.
