İranın keçmiş müdafiə nazirinin müavini Əlirza Əsgərinin təxminən 20 il əvvəl İstanbulda yoxa çıxması ilə bağlı yeni iddialar yayılıb.
Tacxeber.com “Turkish Minute”a istinadən xəbər verir ki, “The New York Times” İsraillə yaxın işləmiş üç keçmiş ABŞ rəsmisinə əsaslanaraq generalın 2006-cı ilin dekabrında Mossad tərəfindən oğurlandığını yazıb.
Mənbələrin iddiasına görə, Əsgəri həftələrlə sorğu-sual edildikdən sonra öldürülüb. Keçmiş rəsmilərdən biri onun gəmidə dindirildiyini, cəsədinin isə Qara dənizə atıldığını bildirib.
İddia olunan əməliyyat 1986-cı ildə Livanda itkin düşmüş israilli hərbçi Ron Aradın taleyini öyrənmək məqsədi daşıyıb. Lakin mənbələrin sözlərinə görə, Əsgərinin həmin hadisə ilə əlaqəsini göstərən sübut tapılmayıb.
Generalın taleyi barədə ziddiyyətli məlumatlar mövcuddur. “Iran International” 2024-cü ildə onun ABŞ-da yeni şəxsiyyətlə yaşadığını yazmışdı. İsrail isə əvvəllər Əsgərinin yoxa çıxmasında iştirakını rədd edib. Yeni araşdırma ilə bağlı Mossad şərh verməyib.
Yayılan məlumatlar yeni hadisəyə deyil, 2006-cı ildə baş vermiş müəmmalı itkin düşmə ilə bağlı araşdırmaya aiddir.
