Türkiyədə xarici sərmayədarlar üçün yeni yaşayış icazəsi qaydaları qüvvəyə minib. Müəyyən edilmiş maliyyə alətlərinə ən azı 150 min dollar yatıran əcnəbilər 3 illik, 200 min dollar yatıranlar isə 5 illik yaşayış icazəsi ala biləcəklər.
Tacxeber.com IMI Daily-yə istinadən xəbər verir ki, müvafiq qərar noyabrın 18-də “Resmî Gazete”də dərc olunaraq qüvvəyə minib. Sərmayə bank əmanətlərinə, dövlət borc qiymətli kağızlarına, müəyyən investisiya fondlarına və fərdi pensiya sisteminə yatırıla bilər. Proqramdan yararlanmaq üçün mənzil almaq tələb olunmur.
Əsas şərt sərmayənin yaşayış icazəsi müddətinin ən azı yarısı qədər saxlanılmasıdır. Bu, 3 illik icazə üçün 18 ay, 5 illik icazə üçün isə 30 ay deməkdir.
Yeni qayda investorların əcnəbi həyat yoldaşlarını, yetkinlik yaşına çatmayan və ya himayəsində olan övladlarını da əhatə edir. Bu icazələr investisiya müqabilində vətəndaşlığın verilməsi proqramına daxil edilmir.
