Krım körpüsünün vurulması Rusiyanın cənub cinahını iflic edə bilər və bununla, rusların orada ümumiyyətlə mövcudluğu sual altına düşə bilər
Dağılan avtomobil yolu tağı Kerç-Yenikale kanalının gəmiçilik üçün nəzərdə tutulmuş hissəsini bağlayıb. Bu kanal Azov dənizindən Qara dənizə, oradan isə boğazlar vasitəsilə dünya okeanına çıxış təmin edən əsas dərin su yoludur.
Rusiya Azov dənizinin limanları Rostov-na-Donu, Azov, Taqanroq, Yeysk, işğal altındakı Mariupol və Berdyansk vasitəsilə milyonlarla ton taxıl, kömür, metal, gübrə və neft məhsulları ixrac edirdi. Bu ixracın bir hissəsini işğal olunmuş Ukrayna ərazilərindən talan edilmiş taxıl təşkil edirdi. Gəmiçilik kanalının dibində qalan çoxtonlu metal konstruksiyalar iri yük gəmilərinin və çay-dəniz tipli gəmilərin hərəkətini ciddi şəkildə məhdudlaşdıra, nəticədə Azov limanlarının xarici ticarət fəaliyyətini iflic edə bilər.
Digər mühüm məqam isə Rusiyanın Azov dənizində yerləşdirdiyi hərbi dəniz qüvvələri tələyə düşdü. Ukraynanın dəniz dronlarının zərbələrindən qorunmaq məqsədilə bu əraziyə çəkilmiş Rusiya hərbi katerləri və kiçik raket gəmiləri də mövcud vəziyyətdə ciddi logistik problemlərlə üzləşə bilər.
Krımda və Rusiyanın işğalı altında olan Xerson və Zaporojye istiqamətlərindəki hərbi qruplaşmaların təchizatında dəmir yolu xüsusi strateji əhəmiyyət daşıyır. Zirehli texnika, döyüş sursatları və yanacaq əsasən bu marşrutla daşınır. Əgər dağılan avtomobil yolu aşırımının yaxınlığındakı dəmir yolu konstruksiyalarında da deformasiya və ya dayaqların yerdəyişməsi baş veribsə, ağır yük qatarlarının hərəkəti təhlükə altına düşə bilər. Bu isə körpünün dəmir yolu hissəsinin istismarının dayandırılmasına gətirib çıxara bilər.
Körpünün tam və ya qismən sıradan çıxması halında Krımın hərbi və mülki təchizatı əsasən iki alternativ marşrutdan asılı vəziyyətə düşəcək: işğal olunmuş ərazilərdən keçən quru yolu (Mariupol-Melitopol-Çonqar) və Kerç boğazındakı bərə keçidi. Lakin bərə infrastrukturu da Ukraynanın zərbələri qarşısında həssasdır. Buna Rusiyanın Kavkaz limanına endirilən zərbələr də sübutdur.
Quru marşrutunun digər ciddi zəifliyi onun Ukrayna ordusunun atəş radisu dairəsində yerləşməsidir. Artilleriya, HIMARS sistemləri və zərbə PUA-ları bu logistika xəttini daim təhdid altında saxlayır. Nəticədə hərbi eşelonların, yanacaq daşıyan avtomobil karvanlarının və digər təchizat vasitələrinin hərəkəti Rusiya üçün daha riskli və bahalı olacaq.
Beləliklə, Kerç körpüsündə baş verən dağıntının əhəmiyyəti yalnız onun simvolik və siyasi rezonansı ilə məhdudlaşmır(ələlxüsus Tramp, Putin və Si görüşünün ərəfəsində). Əgər gəmiçilik kanalı uzun müddət bağlı qalarsa və dəmir yolu infrastrukturu da zədələnərsə, bu, Rusiyanın Azov-Qara dəniz logistikasına, Krımın təchizatına və işğal altındakı cənub ərazilərindəki hərbi mövcudluğuna ciddi təsir göstərə bilər.
