Aydındır ki, Ukrayna körpüyə zərbə endirməyi çoxdan düşünürdü, amma əməliyyatın Çin, ABŞ və Rusiya liderlərinin görüşü öncəsi həyata keçrilməsi şübhəsiz ki, təsadüf deyil. Rusiya bu görüşə Çin və ABŞ-la müqayisəyəgəlməz dərəcədə böyük əhəmiyyət verir. İlk növbədə bu, ən azı təbliğatda Rusiyanın özünü digər 2 böyük dövlətlə bərabər səviyyəli qlobal güc kimi təqdim etməsinə əsas yaradır. Digər tərəfdən, bu görüş istər-istəməz yaddaşlara 1945-ci il Yalta konfransını gətirir və Avropa ilə Asiyanın faktiki olaraq nüfuz dairələrinə bölündüyü həmin razılaşmalarla assosiasiya olunur. Xüsusən Rusiya tərəfi gözlənilən hadisəyə məhz bu cür yanaşılmasında çox maraqlıdır.
Lakin getdikcə daha çox xaotikləşməsinə, beynəlxalq hüquq sisteminin faktiki, aradan qalxmasına baxmayaraq, hazırkı qlobal təhlükəsizlik şəraitini İkinci Dünya müharibəsinin yekun mərhələsindəki vəziyyətlə eyniləşdirmək yanlış olar. Yalta konfransında masaya oturanlar dünya müharibəsini qazanmaqda olan antihitler koalisiyasının liderləri idi. Hazırda Çin, ABŞ və Rusiya koalisiya ortaqları deyil, əksinə, onlar arasında rəqabət var. Ukraynadakı müharibə də bir dünya müharibəsi deyil və Rusiya bütün gücü ilə özündən xeyli kiçik, məhdud resurslara malik ölkənin üzərinə getsə də, 5 ilə yaxındır bataqlıqda çabalayır. Belə olan halda kim, niyə Putinlə nüfuz dairələri bölgüsü aparsın? Digər tərəfdən, müasir Rusiya öz iqtisadi böyüklüyünə görə ABŞ və Çinlə yan-yana dura bilməz. Qlobal ÜDM-də ABŞ-ın payı 26%, Çinin payı 17% olduğu halda, Rusiyanın payı 2%-dir və o, bu göstərici üzrə hətta ayrı–ayrılıqda ABŞ-ın 2 ştatından geridədir.
Çin təkqütblü dünyaya, bir dövlətin və ya ittifaqın hegemoniyasına əsaslanan nizama qarşıdır, lakin çoxqütblülüyü nüfuz dairələri bölgüsü kimi də görmür və dünyaya fraqmental yox, bütöv baxır. O, dünyanı bazar kimi görür və maneəsiz ixrac marşrutları ilə öz məhsullarını hər nöqtəyə çatdırmaq istəyir. ABŞ-a gəldikdə, onun mövcud prezidenti bəlkə Putinin şirnikləndirici biznes təkliflərinin müqabilində Ukraynanı və postsovet məkanını, hətta Şərqi Avropanı Rusiyaya “satmaq” istəyə bilər. Lakin Tramp istər birinci prezidentliyi dövründə, istərsə də ikinci dövrünün indiyə qədər olan mərhələsində bunu etməyib, ya da edə bilməyib. Yəqin ona görə ki, ABŞ dövlət sistemi Rusiya ilə “Yalta ruhu”nda alverə ehtiyac görmür. Onu da nəzərə almaq lazımdır ki, hazırda Tramp iki həftə əvvəlki Tramp deyil və ağır seçki məğlubiyyəti səbəbilə həm sistem içərisində, həm də öz partiyası daxilində gücü zəifləyib.
Avropanın Çindəki masada olmaması onun “menyu”ya çevrilməsi anlamına gəlmir. Avropa İttifaqı hazırda Böyük Britaniya, Kanada və Ukrayna ilə bərabər ciddi iqtisadi və hərbi gücdür.
Putin Stalinin ayaqqabısını (yaxud kitelini) geyə bilər, amma Stalin kimi yeriməsi mümkün deyil. Onun əsəri olan Krım körpüsünün Çindəki üçtərəfli görüş öncəsi dağıdılmış görüntüsü indiki Rusiyanın gerçək durumunu tərəf-müqabillərə və bütün dünyaya təkrar xatırlatmaq baxımından vacib simvolik mesaj oldu.
P. S. Ukrayna yəqin ki, körpünün dəmir yolu hissəsini də sıradan çıxarmağa çalışacaq.
