CəmiyyətSiyasət

Deputatlarımız Rembo rolunda…

“Rembo” filminə baxmayan adam tapılmaz. Mən də bir neçə dəfə həvəslə seyr etmişəm.

Adama ən çox ləzzət edən bilirsiniz nədir? Rembo harın şerifə, digər polislərə, məmurlara layiq olduqları cəzanı verir və bu, tamaşaçının ürəyindən xəbər verir.

Hansı tamaşaçının? Əlbəttə ki, ilk növbədə amerikalıların, yəni ABŞ vətəndaşlarının.

Amma bütün dünya ABŞ-ı demokratik, hüquqi, insan haqlarının qorunduğu, məhkəmələrin azad olduğu dövlət kimi tanıyır.

Filmdənsə məlum olur ki, heç də belə deyilmiş. Orada da eynilə bizdəki kimi, müharibə veteranlarına, qazilərə hörmət yoxmuş. Ya da ki, bir müddət əvvəl, yəni “Rembo”nun çəkildiyi 80-ci illərdə olmayıb və indi guya var…

Onu da əlavə edim ki, elə həmin səksəninci illərdə bizim buralarda Böyük Vətən Müharibəsi, Əfqanıstan veteranlarına əməlli-başlı hörmət-izzət vardı.

Ən azından heç bir günahları olmadığı halda polis küçədə onları qandallamır, sonra şöbəyə aparıb orada “obrabotka” eləmirdi.

Nə isə, bu başqa mövzudur…

Bəs Rembo kimdir? O, Vyetnam müharibəsindən qayıtmış döyüşçüdür. Bizim təbirlə desək, qazidir. Küçədə sakitcə gəzir, özünə iş axtarır.

Amma ona sataşırlar, qollarını qandallayıb polis idarəsinə aparır, orada sındırmağa çalışırlar.

Rembo isə bizim qazilərdən fərqli olaraq, özünü yandırmır və mübarizə yolunu seçir…

Bu da dediyim kimi, başda amerikanlar olmaqla bütün dünya xalqlarına, xüsusilə də əzilənlərə, təhqir olunanlara, incidilənlərə ləzzət edir.

Hamı Rembonun yerində özünü təsəvvür edir, əzilmiş eqosunu onun vasitəsilə bərpa etməyə çalışır, yaralı kompleksini onun əliylə sarıyır.

Ancaq gəlin görək Rembo real qəhrəmandır?

Az öncə yazdım ki, Rembo bizim qazilər kimi özünü yandırmadı. Bunu ifadə etməkdə məqsədim heç də öz qazilərimizi aşağılamaq deyil. Mən qətiyyən o fikirdə deyiləm ki, amerikalılar qəhrəman, bizimkilərsə qorxaqdır.

Sadəcə olaraq bizim qazilər real insanlardır, Rembo isə təxəyyül məhsulu, kino personajıdır. Yəni şişirdilmiş, ideallaşdırılmış qəhrəmandır. Hörümçək adam, Supermen, Betmen, Halk nədirsə, Rembo da odur. Sadəcə bir qədər real plastikada.

İnsan belədir. Həyatda realladıra bilmədiyi xəyallarını, arzularını nağıllarda, dastanlarda, romantik, fantastik əsərlərdə ifadə edir.

Ancaq bunu edənlərin sayı çox deyil. Bunları ancaq yaradıcı adamlar bacarır.

Çoxsaylı kütlə isə daha çox bu nağıllara, dastanlara qulaq asmağı, tamaşalara, filmlərə baxmağı xoşlayır və bundan, necə deyərlər “kayf tutur”.

Çünki özünün edə bilmədiyini başqasının etdiyini görəndə özünü müvəqqəti də olsa onun yerində hiss edir. Rembonun endirdiyi zərbələri özününkü sayır. Elə bilir ki, o da düşmənlərini qəhrəmancasına əzişdirir.

Fikir vermişəm, başqalarının qəhrəmanlığından ağız dolusu danışan adamların çoxu həyatda adətən qorxaq olur. Belə adamlar uşaqlarına da qəhrəman adları qoyurlar.

Bu məsələni siyasi mübarizəyə şamil edəndə görürük ki, kütlə daha çox radikal, sərt çıxışlar edən, bəyanatlar verən liderlərin ardınca gedir. Çünki özünün deyə bilmədiyi, deməyə cəsarət etmədiyi, qorxduğu şeyləri məhz onun dilindən eşidir və rahatlıq tapır.

Hətta feyziyab olur…

Elələri var ki, problemlərinin həllini məhz hakimiyyətin söyülməsində görür. Hesab edir ki, kim hakimiyyəti, birinci şəxsi daha ucadan, daha sıx və daha sərt şəkildə tənqid, hətta təhqir edirsə, qəhrəmandır. Və bu “qəhrəmanlıq” onlara bəs edir.

Problemlərsə həll olunmasa da olar. Çünki kütlə onların həll olunmalı olduğunu unudur. Ona lazım olan tamaşaya baxıb, eşitmək istədiyini eşidib və sakitləşib.

Azərbaycandakı radikal müxalifət (zatən başqası yoxdur, çünki başqaları meydana buraxılmır) 33 ildir bununla məşğuldur və kütlə kim möhkəm qışqırırsa, onun ardınca gedir.

Amma nəticə yoxdur. 33 ildir eyni hakimiyyət, eyni müxalifət və heç bir dəyişiklik də yoxdur. Əksinə, bütün sahələrdə geriləmə var. Nəinki geriləmə, hətta ölkədə katastrofik bir durum yaranıb. Korrupsiya, soyğunçuluq, işsizlik, mütləq qohumbazlıq, ifrat aşnabazlıq, dəhşətli yoxsulluq baş alıb gedir. Son zamanlar aclıq elementləri də özünü göstərməyə başlayıb. Bir çox insan borc hesabına yaşayır və yemək üçün aldığı borcları əmlaklarını satmaq hesabına ödəyir. Əmlaklar bitən kimi bizi total aclıq gözləyir. Artıq xəstəlik yayan, QMO-lu ərzağı da alıb yeyə, daha doğrusu, zəhərlənə bilməyəcəyik.
Ancaq bu tənqidlərə, bu bayağı tamaşaya nə qədər qulaq asmaq olar? Kütlənin də bir səbr limiti var axı. Camaat deyir ki, ay Əli Kərimli və digərləri, 33 ildir danışırsınız, ancaq ortada bir şey yoxdur. Bezdik axı, eyni sözü nə qədər eşitmək olar?!

Bir də ki, gərək tamaşaya da tox qarına baxasan. Atalar deyib ki, ilan vuran yatar, ac yatmaz. Roma imperatoru Mark Avraeli də təkcə tamaşa deməyib e, həzarat, çörək və tamaşa deyib. Yəni gərək əvvəlcə mədənə nəsə gedə ki, oturub Rembodan da kayf ala biləsən.

Hətta SSRİ-nin hamımızın lağa qoyduğumuz son rəhbərlərindən olan Leonid İliç Brejnev də deyirdi ki, “çörək olsa, mahnı da olar…”

Amma bizə 33 ildir ac qarına şou seyr etdirir, xor oxudurlar.

Lakin hər şeyin bir sonu olduğu kimi bu tragikomediyanın da finalı gəldi. Başbilənlər baxıb gördülər ki, artıq radikal müxalifətlə baş qatmaq çətinləşib. Camaat acdır və onu Əli Kərimlinin çıxışları ilə doyurmaq olmur. Həm də bu şounun xərci borcunu ödəmir.
Odur ki, taktikanı dəyişməyə qərar verdilər və başladılar Əli Kərimlinin dediklərini özləri səsləndirməyə. Yəni eyni mahnını öz məmurlarına və deputatlarına oxutmağa…

Yel qayadan nə aparar ki? Əlinin dünənəcən dediyini bu gün Vəli deyər, Aqil deyər, Naqif deyər, Səyyad deyər, Hikmət deyər və camaat bir müddət də bununla hallanar.

Əli, İsa, Etibar, Arif, Mirmahmud 33 il dedi nə oldu ki? Qoy heç olmasa 13 il də özümüzkülər oxusun. Düzdür, elə birincilər də özgəsi deyil. Amma onlar daha yorulub və çoxusu yarı yolda qalıb. Təkcə Əli dururdu, ancaq o da rentabelli deyil e, mayanı batırır. Odur ki, onu da göndərək istirahətə, bir az da oradan hoqqa versin…

İndi aqillərin, naqiflərin, toxtamayan hikmətlərin, dağ mühərrikli aranların dövrüdür. Ayda 10-15 mini niyə boş yerə qatlasınlar? Bəs bu xalqın başını kim qatacaq?!

 

Nadir Qocabəyli

Tacxeber.com

Oxşar xəbərlər

Krım körpüsünün vurulması Rusiyanın cənub cinahını iflic edə bilər

redaktor

Gürcüstandan 74 əcnəbi deportasiya edilib — aralarında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir

admin

Krım körpüsünün dağıdılmasının simvolik mənası və önəmi var

redaktor