Dünən keçirilən Ermənistan – Cənubi Kipr oyununda kiprli azarkeşlərin açdığı plakat: “Kıprız unudulmur, artsax unudulmur” (təxmini belə məna verir). Azarkeşi başa düşdük, çürük, sarsax təfəkkür hələ də qalır. Bəs erməni polisi hara baxır, təhlükəsizlik xidməti niyə bu plakatın açılmasına imkan verir? Əgər bu dövlət həqiqətən də sülh istəyirsə, hazırda İrlandiyada iki ölkənin rəhbəri görüşüb sülhü müzakirə edirsə, belə bir həssas məqamda Ermənistanın aidiyatı qurumları rəsmi futbol matçında niyə belə görüntüyə şərait yaradır? Bunlarla çətindi sülh, bunlar düzələnə oxşamır. Kənarda olsa, deyərəm gözdən qaçıb. Beynəlxalq oyunda, polisin, təhlükəsizlik xidmətinin gözü qarşısında açılır bu plakat və heç bir müdaxilə də yoxdur. Demək ki, dəstəklənir. Belə olan halda bizim aidiyatı qurumlar sabah Ermənistanın aidiyatı qurumları ilə masa arxasında sülhün hansı detallarını müzakirə edə bilər? Bu yaxınlarda bunların bir rəqqası bəy balası kimi gəldi Bakıya, gəzdi, yedi-içdi getdi. Hansı ki, o şərəfsiz 44 günlük müharibə boyunca “artsax təbliğatı” aparmışdı, Azərbaycan haqqında ağzına gələni danışmışdı. Hətta onun müharibədən sonra Rusiya mətbuatına bir müsahibəsini tapıb oxumuşdum, o müsahibədə ilk Qarabağ savaşında guya azərbaycanlıların dinc əhalini, onların evini bombaladığını, qocalara, uşaqlara silah qaldırdığını və buna görə də Qarabağdan getməyə məcbur olduqlarını deyib. Belə bir adama qarşı belə, humanistlik edirik, sülhə xatir Bakıya buraxırıq və heç kim də ona gözün üstə qaşın var demir. Amma onlar Rusiyada yaşayan, heç Azərbaycan dilini düz-əməlli bilməyən bir azərbaycanlı bloggeri Ermənistana buraxmırlar. Məhz milliyəti azərbaycanlı olduğu üçün. Bunlar Rusiyada yaşayan azərbaycanlını Ermənistana buraxmır, Azərbaycandan kimsə getsə buraxarlar?
Bu arada, UEFA da ikiüzlü siyasət aparır. Bakıda şəhidlərlə bağlı hansısa pankart açanda tez hay-küy qaldırlar ki, futbolda siyasi şüarlar yolverilməzdi. Halbuki şəhidin siyasi şüarla əlaqəsi yoxdur. Amma istər klub, istərsə də yığma səviyyəsində hər dəfə Ermənistanda futbol matçı olanda bu qondarma əski parçası asılır və UEFA nümayəndəsi müdaxilə eləmir. Hansı ki, həmin əski parçasını özünə bayraq seçən “dövlət” qondama futbol federasiyası, yığma komanda yaradıb UEFA-ya müxalif turnirlərdə çıxış edirdi. Bu məsələdə bizim AFFA, eləcə də gənclər və idman nazirliyi də laqeyd olmamalıdır. Hələ bir dəfə görməmişəm ki, adıçəkilən qurumlar aktiv şəkildə bu məsələyə müdaxilə eləsin, bəyanat yaysın, UEFA-ya rəsmi şəkildə etiraz eləsin, məktub yazsın. O cümlədən də Ermənistan Futbol Federasiyasına etirazını çatdırsın. Davamlı bunu etsələr, bu cür görüntülərin fotolarını UEFA-ya göndərsələr, UEFA-nın oyuna təyin etdiyi nümayəndənin təmsil etdiyi ölkənin futbol federasiyasına həmçinin, göndərsələr (UEFA təyinatları oyunlardan xeyli əvvəl açıqlanır), bunun qarşısını almaq olar. Kimlərsə düşünə bilər ki, müharibəni udmuşuq, nə edirlər etsinlər, amma elə deyil də, bu plakatın davamlı açılması onu göstərir ki, bunların Azərbaycana qarşı ərazi iddiası hələ də davam edir. Belə məsələlər davamlı diqqətdə saxlanılmalı, başdangetdi yanaşılmamalıdır.
