DünyaSiyasət

Türkiyə–Azərbaycan münasibətləri yalnız iki ölkə üçünmü əhəmiyyətlidir?

“EU Reporter” nəşrində Ahmet Sağlamın müəllif rəyi kimi dərc olunan yazıda Türkiyə–Azərbaycan münasibətlərinin təkcə iki ölkənin təhlükəsizlik və siyasi maraqları ilə məhdudlaşmadığı bildirilir. Sağlam bu tərəfdaşlığın Avropa ilə Asiya arasındakı enerji və nəqliyyat əlaqələrinə, regional sabitliyə və Türk dünyasının inteqrasiyasına da təsir etdiyini vurğulayır.

Müəllifin fikrincə, Xəzərdən Aralıq dənizinə uzanan enerji marşrutları, Şərq–Qərb ticarəti və Orta Dəhlizin fəaliyyəti Ankara ilə Bakının əməkdaşlığını daha geniş geosiyasi kontekstə çıxarır. Yazıda bu əməkdaşlığın Avropanın enerji təhlükəsizliyi, Mərkəzi Asiyanın qlobal iqtisadi sistemə inteqrasiyası və Türk dünyasının gələcəyi baxımından əhəmiyyət daşıdığı qeyd olunur.

Cınab Sağlam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı ildə Qarabağa səfərini bu siyasi əlaqələrin rəmzi hadisələrindən biri kimi dəyərləndirir. Məqalədə Şuşada keçirilən görüş, Xocalı soyqırımı memorialına və Xankəndidəki Zəfər abidəsinə ziyarət, eləcə də Qarabağ müharibəsi iştirakçıları ilə görüş səfərin əsas məqamları sırasında göstərilir. Müəllif bu proqramı Türkiyənin Azərbaycanın suverenliyinə və Qarabağın bərpasına verdiyi önəmin ifadəsi kimi təqdim edir.

Məqalədə ikitərəfli münasibətlərin iqtisadi tərəfi də önə çəkilir. Enerji, ticarət, investisiya, nəqliyyat və müdafiə sahələrində əməkdaşlığın, eləcə də Cənubi Qafqazda sabitliyin Orta Dəhlizin və beynəlxalq ticarət marşrutlarının inkişafı üçün vacib olduğu bildirilir. Sağlamın qənaətinə görə, Türkiyə ilə Azərbaycanın əməkdaşlığı Türk Dövlətləri Təşkilatının gələcəyi və Avropa ilə Asiya arasındakı əlaqələrin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir.

Müəllif yazısını iki ölkə arasındakı birliyin regional və beynəlxalq təsirlərinə diqqət çəkərək yekunlaşdırır. O, Türkiyə–Azərbaycan münasibətlərinin gələcəyini qardaşlıq bağları ilə yanaşı, enerji və nəqliyyat bağlantıları, Cənubi Qafqazın sabitliyi və Türk dünyasının əməkdaşlığı ilə əlaqələndirir.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Bir telefon zənginin düşündürdükləri

redaktor

Ərbil–Süleymaniyyə xətti yenidən bölünür

redaktor

Qəzzalı uşağın fəryadı

redaktor