DünyaSiyasət

Bir telefon zənginin düşündürdükləri

Ərdoğanın Azərbaycana səfərindən sonra Türkiyə müxalifətinin lideri Özgür Özəlin İlham Əliyevə zəng etməsi də diqqətəlayiq hadisədir. Noyabrın 9-da baş tutan söhbətdə Özəl Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan–Türkiyə münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib. Bu, müsbət addımdır. Qardaş ölkələr arasındakı münasibətlərə müxalifətin də dəstək verməsi təbii qarşılanmalıdır.

Bu təmas ilk dəfə baş vermir. Özgür Özəl 2024-cü il noyabrın 8-də də İlham Əliyevə zəng etmişdi. Həmin söhbətdə Əliyev əvvəlki anlaşılmazlıqların geridə qaldığını, o vaxt Özəlin rəhbərlik etdiyi CHP ilə əməkdaşlığın müsbət istiqamətdə inkişaf etdiyini bildirmişdi. Deməli, Azərbaycanın Türkiyənin həm iqtidarı, həm də müxalifəti ilə dialoq qurması mümkündür və faydalıdır.

Amma gəlin, bir anlığa mənzərəni tərsinə təsəvvür edək: Ərdoğan Əli Kərimliyə zəng edir. Yaxud Əli Kərimli Ərdoğanla danışaraq Azərbaycan–Türkiyə münasibətlərinin möhkəmlənməsinə dəstəyini bildirir, bu istiqamətdə müxalifətin görə biləcəyi işlərdən söz açır.

Görəsən, Bakıda belə bir söhbət də eyni sakitliklə qarşılanardımı? Yoxsa dərhal “daxili işlərə müdaxilə”, “xaricdən dəstək”, hətta “dövlət çevrilişinə hazırlıq” haqqında iddialar səslənərdi? Məncə, bu sual üzərində düşünməyə dəyər.

Əlbəttə, Türkiyədə də müxalifətin vəziyyətini ideallaşdırmaq olmaz. İstanbulun seçilmiş bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsdə olması ciddi problemdir. Azərbaycanda isə AXCP sədri Əli Kərimli həbsdədir və onun məhkəməsi başlayıb. Bu reallıq qarşılıqlı siyasi dialoq haqqında danışarkən diqqətdən kənarda qalmamalıdır.

Özgür Özəlin İlham Əliyevlə danışmasını alqışlayıramsa, Azərbaycan müxalifətinin də belə imkanlara sahib olmasını arzulayıram. Əli Kərimli azadlıqda olmalı, siyasi fəaliyyət göstərməli və lazım gəldikdə qardaş ölkənin rəhbərliyi ilə də danışa bilməlidir. Azərbaycan–Türkiyə münasibətlərinə dəstəyini ifadə etməsi, anlaşılmazlıqların aradan qaldırılmasına kömək təklif etməsi normal qəbul olunmalıdır.

Hakimiyyətlə fikir ayrılığı insanı öz ölkəsinin maraqlarından uzaqlaşdırmır. Müxalifətin də bu münasibətlərə verəcəyi töhfə ola bilər.

Özgür Özəlin zəngi necə təbiidirsə, Əli Kərimlinin belə bir söhbətdə iştirakı da o qədər təbii olmalıdır. Qardaşlığın möhkəmliyi siyasi dialoqa nə qədər yer ayırmağımızda da görünür…

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Ərbil–Süleymaniyyə xətti yenidən bölünür

redaktor

Qəzzalı uşağın fəryadı

redaktor

Putin polisi rusiyalıların internetdə “cinayətlərini” daha fəal axtarmağa çağırıb

redaktor