Konqresin demokrat üzvləri yanvarı gözləmədən Heqsetin “şaqqalanma” prosesinə başlamağa hazırlaşırlar. Onun haqqında araşdırılması az qala yarım il çəkəcək material hazırlanıb. Aşağıda onun ittiham materialından bəzi bəndləri qeyd edirəm.
“Human Rights Watch”-a görə, 17.04.2025-ci ildə Yəməndə ABŞ-ın Ras İsa limanına endirdiyi zərbələr nəticəsində 84 mülki şəxs həlak olub və 150-dən çox insan yaralanıb. Liman humanitar fəlakətdə olan bir ölkəyə həyati əhəmiyyətli təchizat təmin edirdi.
28.04.2025 tarixində ABŞ təyyarələrinin Saadada (Yəmən) afrikalı miqrantlar üçün saxlama mərkəzinə zərbələri nəticədə 68-dən çox insan həlak oldu və onlarla insan yaralandı. “Human Rights Watch” bu hücumların müharibə cinayətləri kimi araşdırılmasını tələb etdi.
“Yemen Data Project”-ə görə, 2005-ci ilin 15 mart – 6 may tarixləri arasında ABŞ-ın Yəmənə zərbələri nəticəsində azı 238 mülki şəxs həlak olub və azı 467 nəfər yaralanıb.
2025-ci ilin sentyabr ayından indiyədək Pentaqon narkotik qaçaqmalçılığına qarşı mübarizə bəhanəsi ilə Karib dənizində və Sakit okeanda kiçik gəmilərə aviazərbələr endirir. “Just Security”-nin 27.10.2026 tarixinə olan hesablamalarına görə, o vaxtdan gəmilərə 72 hücum həyata keçirilib və zərbələr nəticədə ölən, itkin düşən və öldüyü ehtimal olunan şəxslərin sayı 243 nəfər olub. Ölənlərin əksəriyyəti üçün heç bir həbs qərarı, məhkəmə prosesi olmayıb və onların nədə günahlandırılması barədə ictimaiyyətə sübut təqdim olunmayıb. “Human Rights Watch” bu kampaniyanı məhkəmədənkənar qətllər kimi təsnif edib. 02.09.2025 tarixli bir epizod xüsusilə diqqət çəkir. Amerika qüvvələri 11 nəfəri daşıyan kiçik bir gəmini bombalayıb. İlk zərbədə 9 nəfər həlak olub, 2 nəfər isə sağ qalaraq, gəminin qalıqlarına yapışıb. Təxminən 45 dəqiqə sonra 2-ci zərbə endirilib və sağ qalanlar da öldürülüb. “Washington Post” qəzeti əməliyyatla tanış mənbələrə istinadən bildirib ki, Heqset “hamını öldürmək” üçün şifahi əmr verib. 2-ci hücuma başlamaq qərarı admiral Frank Bredli tərəfindən verilib. Heqset əmr verdiyini inkar etmişdi, lakin bu məsələ Konqres araşdırmalarının mövzusuna çevrilmişdi. Əməliyyatın tam videoyazısı ictimaiyyətə açıqlanmadı. Respublikaçı konqresmen Tomas Massi 30.12.2025 tarixində baş verən başqa bir hadisəni xüsusi qeyd etmişdi: 3 gəmi məhv edildikdən sonra sağ qalmış 8 insan suda köməksiz qalaraq ölmüşdü.
28.02.2026 tarixində, İrana qarşı Amerika-İsrail müharibəsinin ilk günündə Minabdakı Şəcərə Təyyibə ibtidai məktəbinə raket zərbələri endirildi. BMT mandatı çərçivəsində fəaliyyət göstərən beynəlxalq komissiyanın nəticələrinə görə, 157 nəfər, o cümlədən 13 yaşdan aşağı 123 uşaq həlak oldu. Məktəbin öz hasarları və ayrıca girişi var idi, onun mülki təyinatlı olması peyk görüntülərindən məlum olurdu. Elə həmin gün Lamerdadakı idman kompleksinə edilən zərbə nəticəsində daha 22 nəfərin, o cümlədən 4 uşağın həyatına son qoydu. 2026-cı ilin sentyabrında BMT komissiyası ABŞ ordusunun bu zərbələrlə müharibə cinayətləri törətdiyinə inanmaq üçün kifayət qədər əsas tapdı.
Xüsusi qeyd:
Heqsetin günahı, sadəcə, bu əməliyyatlara rəhbərlik etmək olmayıb. “Civilian Harm Mitigation and Response” proqramını, demək olar ki, ləğv etməsi göstərir ki, o, mülki şəxslərin ölümünün qarşısını almaq mexanizmini qəsdən məhv edib. “ProPublica”-nın araşdırması nəticəsində məlum olub ki, ali hərbi komandanlıq “Civilian Harm Mitigation and Response” proqramının ixtisarına etiraz ediblər. Müsahibə verən bütün komandanlıq rəhbərləri onun saxlanmasını müdafiə ediblər. Heqset onların mövqeyini qulaqardına vurub. Proqramın heyəti ~200 nəfərdən 24 nəfərə endirilib, Mərkəzi Komandanlıqda isə 16 mütəxəssisdən 1-i saxlanılıb. Hədəfləri yoxlamaq və mülki şəxslərin öldürülməsinin qarşısını almaq vəzifəsi daşıyan bölmələrdə adam və resurs, demək olar ki, qalmamışdı. Bütün bunlar İrana zərbələrdən əvvəl baş vermişdi. 13.03.2026 tarixində Heqset açıq şəkildə bəyan etdi: “No quarter, no mercy for our enemies!”. Hərbi qanunvericilikdə “no quarter” ifadəsi təslimi qəbul etməmək, yəni əsir olmaq istəyən düşməni öldürmək mənası verir. Belə bir əmr beynəlxalq humanitar hüquqla birbaşa qadağandır. Senator Mark Kelli bununla bağlı izahat tələb etdi və bunun federal Müharibə Cinayətləri Qanununun §2441 18-ci maddəsinə aid olduğunu qeyd etdi. Konqres dinləməsində Heqset bu ifadəsindən imtina etməsi barədə sualdan yayındı.
01.03.2026 tarixində İran dronu Küveytdəki Amerika hərbi postuna hücum etdi. 6 amerikalı həlak oldu, ən azı 20 nəfər yaralandı. Sağ qalanlar bildiriblər ki, personal əvvəlcədən əlavə müdafiə vasitələri tələb etsə də, müasir siren, xəbərdarlıq və dronlara qarşı adekvat müdafiə olmayıb. Ozləri yaralılara ilk tibbi yardımı göstərməyə və onları xəstəxanalara aparmaq üçün mülki nəqliyyat vasitələri tapmağa məcbur olublar. Heqset isə ictimaiyyətə obyektin müdafiəsinin möhkəmləndirilməsindən danışırdı. Senatorlar Elizabet Uorren, Richard Blümental, Kirsten Gillibrand və Mark Kelli müvafiq araşdırma başladaraq, hərbçilərin niyə bu qədər aciz vəziyyətdə qaldığının izahını tələb etdilər.
“Abraham Lincoln” aviadaşıcısı Pentaqon rəhbərliyinin öz əsgərlərinə münasibətinin daha bir simvolu oldu. İranla müharibə zamanı o təxminən, 1 il xidməti tapşırıqda, o cümlədən 264 gün limana yan almadan fasiləsiz döyüş mövqeyində oldu. Hərbçilərin ailələri qida və su ilə bağlı problemlər, nasaz tualetlər, kifli duşxanalar, təchizat və sovqat çatdırılmasında fasilələrdən şikayətləndilər. HDQ komandanlığı “Abraham Lincoln” AZQ-nin bütün gəmiləri üzrə ~6000 hərbçi arasında 8 intihar cəhdini rəsmi olaraq təsdiqlədi. Heqset əvvəl xidmət şəraiti barədə hesabatların təhrif olduğunu bildirdi. 15 senator izahat, tibbi məlumatlar və gəmidəki şəraitin birbaşa yoxlanılmasını tələb etdi. Bundan sonra, nəhayət, AZQ döyüş mövqeyindən çıxarıldı.
$13 milyardlıq digər aviadaşıyıcı “Gerald R. Ford”un sanitariya sistemindəki baş verən nasazlıqlar ~650 tualetə təsir etdi. NPR 4 gün ərzində 205 nasazlıq və onlarla texniki yardım çağırışı barədə məlumat verdi. 12.03.2026 tarixində gəminin camaşırxanasında yanğın baş verdi, nəticədə dənizçilər xəsarət aldı və təxminən 100 yataq yeri zədələndi. Xidmətin həddən uzun çəkməsi texniki xidmət planını pozdu. Və donanmanın döyüşə maksimum hazırlığının tələb olunduğu vaxtda baş verdi.
2025-ci ilin iyun ayında Administrasiya immiqrasiya reydlərinə qarşı etirazlar fonunda Milli Qvardiya və dəniz piyadalarını Los-Ancelesə federal əməliyyatda iştirak etmək üçün göndərdikdə fotoşəkillərdə hərbçilərin zirzəmilərin və yükləmə yerlərinin beton döşəmələrində bir-birinə sığınıb yatdığı görünürdü. Yaşayış yeri, su, yemək və santexnikadan şikayətlər barədə məlumatlar var idi.
2026-cı ilin aprel ayında Pentaqonun Baş Müfəttişi hərbçilərə verilən təhlükəsiz olmayan və antisanitar qida ilə bağlı şikayətləri təsdiqlədi. Kaliforniya hakimiyyəti bu əməliyyatın dəyərini təxminən $120 milyon qiymətləndirdi.
“Council on Foreign Relations”-nın oktyabr (2026) araşdırmasına görə, Heqset ali zabit korpusunun təxminən 10%-ni təşkil edən 80-dən çox general və admiralı işdən çıxarıb və ya rütbələrinin (vəzifələrinin) yüksəlməsinə mane olub. Bu zabitlərin yarıdan çoxu qadın və ya qaradərili idi. İşdən çıxarılanlar arasında hərbi-dəniz əməliyyatları rəisi vəzifəsini tutan ilk qadın admiral Lisa Françetti, general Ceyms Slayf, ordu qərargah rəisi general Rendi Corc, ABŞ-ın Avropa və Afrikadakı quru qüvvələrinə rəhbərlik edən general Kristofer Donahyu, hərbi kəşfiyyatın rəhbəri Cefri Kruz, Milli Təhlükəsizlik Agentliyi və Kiberkomandanlığın direktoru Timoti Ho, ABŞ-ın NATO Hərbi Komitəsindəki nümayəndəsi admiral Şoşana Çatfild və başqaları var idi. Tramp şəxsən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braunu vəzifəsindən azad edib. Heqset həmçinin siyasətinə maneə hesab etdiyi Ordu və HHQ-nin hüquq xidmətlərinin rəhbərlərini də işdən çıxarıb. Ordu və HHQ nazirləri kadr qərarları və silahlı qüvvələrin idarə olunması ilə bağlı münaqişələr fonunda istefa veriblər.
30.09.2025 tarixində Heqset yüzlərlə yüksək vəzifəli komandiri Kuantiko Dəniz Piyadaları Bazasına topladı və onlara öz təsəvvüründə olan fiziki standartlara cavab verməyən voukistlər, qadınlar və “gombul generallar”a qarşı ideoloji mühazirə oxudu. Qadın veteranlar konkret hərbi vəzifələr üçün peşəkar tələblərin artıq vahid olduğunu qeyd etsələr də, o, hərbi ixtisaslar üçün “ən yüksək kişi standartına” qayıtmağı tələb etdi. 2026-cı ilin sentyabrında o, yenidən Kuantikoda çıxış edərək, artıq çəkili, transgender və onun ideoloji baxışlarına uyğun olmayan digər hərbçilər haqqında alçaldıcı ifadələr istifadə etdi.
O, peşəkar ordu əvəzinə siyasi və mədəni sədaqət sistemi qurmağa çalışır. Nensi Lakorla bağlı baş verənlər də bununla bağlıdır. Lakor helikopter pilotu kimi karyerasına başlayaraq, 35 il xidmət edib. Hazırda 3 ulduzlu admiraldır və ABŞ HDQ ehtiyatına komandanlıq edirdi. 2025-ci ilin avqustunda Heqset ictimaiyyətə izahat vermədən onu vəzifəsindən uzaqlaşdırdı. O, səbəbsiz yerə işdən çıxarıldığını bildirdi. 2026-cı ilin yanvar ayında Lakor Cənubi Karolinanın 1-ci dairəsində Demokratlar partiyasından Konqresə namizədliyini irəli sürdü və 3 noyabr seçkilərində qalib gəldi. 2024-cü ildə bu dairədə Tramp 13% üstünlüklə Harrisə qalib gəlmişdi.
2025-ci ilin mart ayında o, Yəmənə qarşı hazırlanan aviahücum əməliyyatı barədə operativ məlumatları Signal mesajlaşma şəbəkəsi vasitəsilə ötürdü. Çatlardan birinə təsadüfən “The Atlantic” qəzetinin baş redaktoru Cefri Qoldberq də daxil edilmişdi. Digərində isə hərbi məlumatlar Heqsetin ailəsi üzvlərinin və yaxınlarının iştirakı ilə müzakirə edilirdi.
2025-ci ilin dekabr ayında Pentaqonun Baş Müfəttişliyi rəsmi olaraq müəyyən etdi ki, Heqset şəxsi cihazların istifadəsi və dövlət sənədlərinin qorunması ilə bağlı qaydaları pozub və ötürülən məlumatlar Amerika pilotları və hərbi əməliyyat üçün təhlükə yaratdıb. Bu haqda Baş müfəttişliyin 84 səhifəlik hesabatında bildirilirdi. Bununla belə Heqset araşdırmanın nəticələrinin ona bəraət qazandırdığını elan etdi.
“Financial Times”-ın araşdırmasına görə, 2026-cı ilin fevral ayında, İranla müharibə başlamazdan dərhal əvvəl Heqsetin “Morgan Stanley”-dəki brokeri “BlackRock”-la “Defense Industrials Active ETF” fonduna məxsus şirkətlərin səhmlərinə çoxmilyonlu sərmayə qoymaq məsələsini müzakirə edib. Fondun ən böyük holdinqlərinə RTX, “Lockheed Martin”, “Northrop Grumman” və “Palantir” daxildir. Bu şirkət isə İran müharibəsi ilə əlaqədar Pentaqondan böyük hərbi sifarişlər alacaqdı. Pentaqon FT-nin məlumatını təkzib etdi. Buna baxmayaraq, konqresmenlər maliyyə menecerləri ilə bütün yazışmaları, investisiya məlumatlarını və Heqsetin maliyyə bəyannaməsini tələb etdilər. Məsələ gözlənilən müharibə barədə məxfi məlumatların şəxsi varlanma üçün istifadə olunması şübhəsi yaradırdı.
Pentaqonun özündə nəhəng məbləğli müqavilələrlə bağlı qalmaqallar səngimir. “ProPublica” müəyyən etdi ki, Donald Tramp-oğulla əlaqəli olan “1789 Capital” fondu tərəfindən investisiya qoyulan “Vulcan Elements” şirkəti Ağ Ev müşaviri Peter Navarronun müdaxiləsindən sonra Pentaqonun təsdiqi ilə $620 milyonluq kredit alıb. Onun müraciəti qeyri-adi qaydada sürətlə təmin olunub. 2026-cı ilin oktyabr ayında “ProPublica” aşkar etdi ki, “Alvarez & Marsal Federal” şirkəti Pentaqondan tender keçirilmədən ümumi məbləği $350 milyon olan iki müqavilə (o cümlədən, $281 milyonluq konsaltinq müqaviləsi) alıb.
Heqset şəxsi vəkili, əvvəllər onu cinsi təcavüz ittihamlarından müdafiə edən Tim Parlatoreni özünün müşaviri vəzifəsinə təyin etdi və kommander rütbəsi ilə HDQ ehtiyatına qəbul etdi. Eyni zamanda onun özəl hüquq praktikasını saxladı. Özəl hüquqi praktika üzrə Parlatorenin müştərilərinin Pentaqonla bağlı münasibətləri onun həm də Pentaqon rəhbərliyinin müşaviri olması səbəbindən maraqların toqquşması riski yaradırdı – konqresmen Ceyson Krou bununla bağlı narahatlıqlarını bildirdi. Dinləmədə Heqset Parlatorenin onu müşayiət etdiyini və bəzi görüşlərdə iştirak etdiyini etiraf etdi.
2026-cı ilin iyun ayında o, II DM-də müttəfiqlərin Normandiyaya çıxmasına həsr olunmuş tədbirdə iştirak etmək üçün Fransaya rəsmi səfərə gedəndə həyat yoldaşı və 6 uşağını da özü ilə apardı. Ailə hərbi təyyarə ilə gəldi. “The Washington Post” qəzeti ailə üzvlərinin mühafizəsi, nəqliyyatı, müşayiəti, qalması ilə bağlı əlavə xərclərin yarandığını, həmçinin ordunun təhlükəsizlik əməkdaşlarının yükünün artması səbəbindən əsas vəzifələrindən yayındırıldığını bildirdi. Pentaqon Heqsetin ailə səfərlərinin xərclərini ödədiyini iddia etsə də, jurnalistlərə bütün əlaqəli xərclərin ödənilməsi barədə sübut təqdim edilmədi.
Heqsetin həyat yoldaşı Pentaqondan böyük sifarişlər alan “Lockheed Martin” şirkətinin maraqlarını təmsil edən “Watchtower Strategy” firmasından ödənişlər alırdı.
Heqset nazir təyin olunmazdan əvvəl cinsi təcavüz ittihamı üzrə istintaqa cəlb olunmuşdu. 2017-ci ildə bir qadın Monterey polisinə Heqsetin oteldə keçirilən tədbirdən sonra onun telefonunu götürdüyünü, otaqdan çıxmasına mane olduğunu və cinsi təcavüz etdiyini bildirmişdi. Müvafiq materiallar prokurorluğa təhvil verilmişdi. Heqset cinsi əlaqənin razılıq əsasında baş verdiyini iddia edirdi. O vaxt heç bir cinayət işi qaldırılmadı. Heqset pul ödəməklə qadınla razılaşma əldə etdi.
Əvvəllər onun veteranlar təşkilatları ilə münasibətləri də maliyyə qalmaqalları ilə pozulmuşdu. “CBS News” “Concerned Veterans for America” və “Vets for Freedom” təşkilatlarının vergi sənədlərini nəzərdən keçirdib. Bəzi illərdə təşkilatlar aldıqları ianələrdən çox xərcləyirdilər. “Concerned Veterans for America”-dan ayrıldıqdan sonra Heqset konfidensial məlumatların yayılmaması haqda müqavilə imzalamaqla 6-rəqəmli işdənçıxma müavinəti aldı. Vergi sənədlərində göstərilir ki, rəhbərlik vəzifəsindən formal ayrıldıqdan sonrakı dövrdə ona $172 mindən çox ödəniş olub. Keçmiş əməkdaşları onun əyyaşlığı və qeyri-etik davranışları barədə məlumat veriblər. Bu hallar onun nazir vəzifəsinə namizədliyi zamanı Konqresdə müzakirə edilmiş və o, əyyaşlığı tərgitdiyini bildirmişdi.
Heqset siyasi rəqiblərinə qarşı hərbi alətlərdən istifadə edir. O, keçmiş HDQ kapitanı və astronavt, senator Mark Kellini hərbi qulluqçulara qanunsuz əmrləri rədd etmək öhdəliklərini xatırlatdığına görə cəzalandırmağa çalışmışdı. Heqset onun mövqeyinə kəskin mənfi münasibət bildirmiş, onun ehtiyatda olan zabit rütbəsi və pensiya müavinətlərini yenidən nəzərdən keçirməyə başlamışdı. 12.02.2026 tarixində federal məhkəmə Kellinin konstitusiya hüquqlarının pozulmasını əsas gətirərək, bu tədbirləri blokladı.
Heqset nazirliyin icazəsi olmadan hətta qeyri-məxfi məlumat da əldə edən jurnalistlərin akkreditasiyasını ləğv edəcəyi ilə hədələməklə Pentaqonda mətbuatın fəaliyyətini məhdudlaşdırmağa çalışırdı. 20 martda federal məhkəmə bu siyasətin əsas müddəalarını konstitusiyaya zidd hesab etdi. Aprel ayında məhkəmə Pentaqonun jurnalistlərin akkreditasiyasını bərpa etmək sərəncamını pozduğuna dair ayrıca qərar qəbul etdi.
Heqsetin ideoloji fəaliyyəti ordunun dini həyatını əhatə edir. O, Pentaqonda xristian ibadətləri təşkil edir, müharibə zamanı dini ritorikadan istifadə edir. 2026-cı ilin fevral ayında qadınların seçki hüquqlarından məhrum edilməsini və homoseksuallığın cinayət hesab edilməsini müdafiə edən xristian millətçisi Duqlas Vilsonu moizə oxumağa dəvət etmişdi. Pentaqon həmçinin transgender hərbçilərin xidmətdən uzaqlaşdırılması siyasətini həyata keçirir. 2026-cı ilin iyun ayında federal apelyasiya məhkəməsi hazırda xidmətdə olan hərbçilərə qarşı trangender məhdudiyyətlərin tətbiqinə qarşı ilkin qadağanı qüvvədə saxladı və bu siyasətin ciddi konstitusiya ziddiyyətləri olduğunu etiraf etdi.
2026-cı ilin oktyabrında Heqset hərbi edamları televiziya şousuna çevirmək qərarına gəldi. O, 2009-cu ildə “Fort Hud”da 13 nəfəri öldürməkdə ittiham olunan Nidal Həsənin edamını canlı yayımlamaq niyyətində olduğunu açıqladı. Demokratlar, respublikaçılar, dini liderlər və hərbi icmanın üzvləri plana qarşı çıxdılar. 15 oktyabrda Tramp yayımı ləğv etdi.
Nazir olduğu bu qısa müddətdə Konqresdə ona qarşı artıq iki rəsmi impiçment vəsatəti qaldırılıb:
15.04.2026 tarixində demokrat Yassamin Ənsari 6 maddə (İranla qanunsuz müharibə, silahlı münaqişə qanunlarının pozulması, ABŞ hərbçilərinə qarşı təhdid, hərbi məlumatlardan istifadə pozuntusu, vəzifədən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq) üzrə ittiham təqdim etdi.
15.09.2026 tarixində respublikaçı Tomas Massi 8 maddə (İranla müharibə, dənizdə məhkəməsiz qətllər, Yəmənə aviazərbələr, Mark Kellinin təhdid olunması və Konqresin icazəsi olmadan Venesuelada Maduro və həyat yoldaşının tutulması və s.) üzrə ittiham təqdim etdi.
3 noyabr seçkilərindən sonra vəziyyət kökündən dəyişdi – demokratlar Konqresin hər iki palatasına nəzarəti ələ keçirdilər. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin ən fəal demokrat üzvü Adam Smit artıq araşdırma sahələrini açıqlayıb: hərbi əməliyyatlar, ordunun siyasiləşdirilməsi və Pentaqon müqavilələrinin verilməsində potensial korrupsiya. Demokratların rəhbərliyi Tramp administrasiyası daxilində korrupsiya və şəxsi varlanma ilə bağlı genişmiqyaslı araşdırmalara hazırlıq elan edib.
Bundan sonra Tramp administrasiyası narahatedici sullarla ara-sıra mətbuat konfranslarında deyil, Konqres dinləmələrində üzləşəcəklər: dinləmələrə çağırılacaqlar, onlardan müvafiq sənədlər tələb olunacaq, şahidlər dinləniləcək, and içməklə ifadələr alınacaq, hərbi əmrlər, məxfi yazışmalar, maliyyə əməliyyatları və dövlət müqavilələri yoxlanılacaq. Bu prosesin mərkəzində administrasiyanın susdurmağa, vəzifədən uzaqlaşdırmağa və ya cəzalandırmağa çalışdığı insanlar olacaq. Onların arasında, ehtimal ki, Heqsetin şəxsən vəzifədən azad etdiyi və C.Karolinanın hazırda Konqresə seçdiyi admiral Nensi Lakor da olacaq.
Bir sözlə, Heqseti sürüyəcəklər.
Başqalarını da yaxşı günlər gözləmir, amma ilk qurban, məncə, Heqset olmalıdır.
