DünyaSiyasət

Zəfər qazanıldı, indi onu qorumalıyıq

Müharibə çox ağır prosesdir. Azərbaycan xalqı çox ağır, iki fərqli müharibə dövrünü yaşadı. Birinci dövrlə ikinci dövrü müqayisə etmək belə yanlışdır. Azərbaycan gözünü müharibəyə açmışdı: vahid ordu yox idi, sistemsizlik hökm sürürdü, müharibə apara-apara ordu formalaşırdı, resurslar çatışmırdı, özünümüdafiə batalyonları maksimum nəyə gücü çatırdısa, onu edirdi; torpaqlar itirilir, insanlar qaçqın düşür, onsuz da ağır yükü olan dövlətin çiyninə əlavə yük şələnirdi. Bir yanda məğlubiyyət, digər yanda isə daha böyük ərazilər itirməmək üçün müdafiə olunmaq… Birinci müharibəni məğlubiyyət kimi də təqdim etmək olar, ancaq məsələlərə obyektiv yanaşsaq, onun nəticəsinə daha geniş ərazilərin qorunması kimi də baxa bilərik və ən doğrusu da budur.

İkinci müharibə isə tamamilə fərqli idi. Birinci müharibə ilə ikinci müharibə arasında ən ciddi fərq sistemlə bağlıdır. Birinci müharibədə sistemsizlik hökm sürürdüsə, ikincisində hər şey sistemli idi. Elə buna görə də birinci müharibədə fərdi qəhrəmanlıqlar ön plana çıxırdısa, ikinci müharibədə fərdilik ən az rast gəlinən şey idi.

Vətən müharibəsindəki qələbə Azərbaycan dövləti üçün də, xalqı üçün də yeni üfüqlər açdı. Yararlana bilirik? Cavab birmənalı olmayacaq. Cümhuriyyətin yaranma dövrünə min cür yanaşma var. Mənim yanaşmam isə belədir: bir xalq var, tam savadsız, cəhalət içində boğulur; dövlət, millət anlayışı yoxdur — okeanda yox, ha, quyunun dibində, özü də bir qaşıq suda boğulur. Bir neçə nəfər gəlir, əl atır, o xalqı quyunun dibindən çıxarır, deyir: “Al sənə dövlət, al sənə sərhəd, al sənə millət, al sənə universitet, al sənə ordu”. Düzdür, cəmi iki illik bir tarixi olsa da, bünövrə, maya, təməl baxımından çox sağlam oldu. O quyunun dibindəki xalq illər keçdi, yenə müstəqil oldu, yenə gözünü müharibəyə açdı, torpaq itirdi, torpaq qorudu və nəhayətində yüzillik bir problemi kökündən həll etdi.

Azərbaycan dövləti də, xalqı da yuxarıda yazdığım yeni üfüqi cırmaqlaya-cırmaqlaya, əti ilə, dırnağı ilə, qanı ilə açıb. Sadəcə düzgün yönləndirmə, düzgün hədəflərlə ağıla gələn və gəlməyən çox məsələlərə nail olmaq olar. Bu məqamda telefonuma mesaj gəlir; baxıram, bir şəhid anası sosial şəbəkədə yazıb ki, pensiyası kəsilib, dərmana möhtac qalıb. Bilirsiniz, bu nədir? Dirçələni başından basıb yenidən o quyunun dibinə soxmaq cəhdidir. Bir neçə müharibə əlilinin pensiyası kəsilib. Hər şeyi başa düşürəm, anlayıram, qanunları da oxuyuram. Bir adam müharibədə canını qoyub, fərarilik edərkən yox, tapşırıq icra edərkən bədəninin bir hissəsini itirib; xətkeşi qoyub onun əlini, qolunu ölçmək nə qədər doğrudur? Dizindən aşağısını itirənə birinci qrup əlillik verilsə, Azərbaycan dövləti kasıb düşəcək? O sənin yolunda qan, can verir, sən pula qıymırsan, bunun adı nədir? Quyunun dibinə itələmək deyil? Bir neçə nəfərin də etiraz etdiyini gördüm: bayram tədbirlərinə birinci müharibənin iştirakçılarını çağırmırlar. Bu adamlar başa düşmür ki, birinci müharibənin iştirakçıları 44 günlük müharibənin iştirakçıları ilə çiyin-çiyinə idi? Baxıram, insanlar Zəfəri bayram kimi canfəşanlıqla qeyd etmirlər. “Elə deyil” deyən adamlaradır sualım: Helloven daha təmtəraqlı qeyd olundu, yoxsa Zəfər? Bunun səbəblərini araşdırmalıyıq, buna fokuslanmalıyıq. Onu da anlayıram; insan çətinliklə yaşayanda, ona öyrəşəndə bacardığı şeylər ona adi gəlir, yəqin qələbənin mahiyyətinə ona görə tam varmırıq.

Hazırda qlobal aləmdə çox ağır proseslər gedir: Rusiya Ukraynanı işğal edir, Avropanı qarışdırır; İsrail qonşu əraziləri işğal edir, ABŞ ilə birgə İranı məhv etməyə çalışır və sən bu iki ağır coğrafiyanın arasında qalmısan. Ukrayna prezidenti az qalsın təhlükəsizlik kameralarını görəndə də açıqlama verir ki, biz torpaq verməyəcəyik. Bunun səbəbi bilirsiniz nədir? Adamın qarşısına konkret qoyublar ki, itirdiklərinlə barışmalısan. O da barışmır, barışmaq istəmir, ona görə hər gün bu tipli bəyanatlar verir. Ukrayna məsələsi ilə bağlı “Koreya variantı”nı atıblar ortaya, bu da o deməkdir ki, kim hardadırsa, ora da onundur. Bura qədər oxuyanlar deyə bilər ki, Zəfər hara, Ukrayna hara? Əmin ola bilərsiniz, müharibə etməsəydik, qalib gəlməsəydik, Koreya təcrübəsi üçün ilk bizim qapıya gələcəkdilər, birinci Qarabağ üzərində test ediləcəkdi. Ona görə də, dövlət olaraq da, xalq olaraq da nə etdiyimizin fərqində olmalıyıq. 44 günlük müharibə bitən zaman yazmışdım ki, müharibə hələ indi başlayır. Məlum, hər yer müharibədir. Bu region üçün də hələ heç nə bitməyib. Biz isə hər şey bitibmiş kimi davranırıq.

Bəzi, orduda və müharibədə can qoymuş dostlarımız küsüblər: biri pensiyadan, biri diqqətsizlikdən, biri haqsızlıqdan… Hər dəfə onlara da deyirəm: “Kimsə üçün döyüşmüsən?” Arada mən də əsəbləşirəm, baxırsan, müharibə ilə bağlı tədbirlər keçirilir, ağzında maska, saatla (komendant saatı) çöldə-bayırda olan adamları, jurnalistləri ön sırada oturdublar. Sonra öz-özümə deyirəm ki, müharibə vaxtı jurnalistləri ön tərəfdən Gəncəyə və Mingəçevirə çəkəndə sənə də zəng gəlmişdi, cavabın belə olmuşdu: “Birincisi, mən ağdamlıyam, ikincisi də, valideynlərim yerindən tərpənməyib; Gəncəyə, Mingəçevirə getsəm, bu, mənim üçün ən ağır təhqir olar”. Zəng edən də demişdi ki, “Diqqətli ol, özünü qoru, nəsə bir problem olsa, dərhal zəng et!” Çağırmırlar? Baxıb deyirəm ki, cəhənnəmə ki!

Müharibənin bir parçası olmaqdan qürür duyuram. Sentyabrın 26-dan səngərlərə düşdüm, ən ağır yerlərdə oldum, yeri gəldi düşmənlə üzbəüz gecələr əlimdə silah postda durdum (9 dəfə), iki dəfə yara aldım. “Ayıbdır” deyib heç xəstəxanaya da müraciət etmədim, həkim dostlarım kənarda sağaltdılar. Zəfərin xəbərini də səngərdə eşitdim, müharibədən sonra “Savaş və Duman” adlı kitab yazdım, atamın verdiyi pulla da çap etdirdim. Kimsə bunu görməzdən gələcək deyə, silib atacam?

Müharibənin rəmzi, şübhəsiz ki, qandır. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Əlillərə, qazilərə sağcan arzulayıram! Azərbaycan ordusunda xidmət etmiş zabit, gizir, çavuş və əsgərlərə salamlar!

Müharibədə əziyyəti olan, Ali Baş Komandandan tutmuş əsgərə məktub yazaraq dəstəyini nümayiş etdirən uşaqlara qədər hər kəsə sonsuz təşəkkürlər!

Bayramınız mübarək! Hər şeyi bu gün bir kənara qoyub dadını çıxarın!

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

İsrail prezidenti İsaak Hersoq yeni hökuməti formalaşdırmaq səlahiyyətini müxalifət lideri Qadi Ayzenkota verib

redaktor

Ərdoğan Qarabağa gəlir: Bakı ilə Ankara arasında buzlar əriyəcəkmi?

redaktor

Türküstanın yeganə şansı: Güney Azərbaycan

redaktor