DünyaSiyasət

Türküstanın yeganə şansı: Güney Azərbaycan

Dünyada mövcud olan dövlətlər arasında yalnız 44 ölkənin açıq dənizlərə çıxışı yoxdur. Təəssüf doğuracaq hal odur ki, həmin 44 ölkədən beşi türk dövlətidir.

Xəzər qapalı su hövzəsi olduğu üçün Azərbaycan, Qazaxıstan və Türkmənistan Qırğızıstan və Özbəkistanla birlikdə açıq dənizlərə çıxışı olmayan ölkələr hesab olunur. Özbəkistan isə dünyadakı iki dövlətdən biridir ki, açıq dənizə çıxışı olmadığı azmış kimi açıq dənizə çıxışı olmayan qonşularla əhatə olunub. Yəni, Özbəkistan açıq dənizlərə çıxmaq üçün ən azı iki ölkədən asılı vəziyyətdədir. Azərbaycanın Gürcüstan üzərindən açıq dənizlərə çıxış imkanı Qazaxıstan, Qığızıstan, Özbəkistan və Türkmənistanla müqayisədə Azərbaycan üçün kiçik üstünlük hesab oluna bilər. Bununla belə açıq dənizlərə etibarlı çıxış əldə etmək Türküstan və Azərbaycanın qarşısında duran həyati əhəmiyyətli vəzifə olaraq qalır. Türküstanın qlobal iqtisadiyyatda iştirakı artdıqca açıq dənizlərə çıxış zərurəti də paralel olaraq artır.

Qazaxıstan hökumətinin məlumatına görə, Özbəkistan Aktau və Kurık vasitəsilə yüklərinin daşınmasını 2025-ci ildə 60 faizdən çox artırıb. İyul ayında iki ölkənin baş nazirləri dəmir yolu şirkətlərinə daşınma həcmlərini artırmaqla bağlı plan hazırlamağı tapşırıblar. Qazaxıstan Aktau konteyner mərkəzini genişləndirir və altı konteyner gəmisi sifariş edib. Paralel olaraq Özbəkistan Hindistan limanları vasitəsilə ixracat imkanlarını araşdırır. Qazaxıstan isə Pakistan limanlarına maraq göstərir. Elə bir vəziyyət yaranıb ki, Özbəkistan alıcıları olsa da Avropaya ixracatla bağlı problemlərə görə hədəflərini gerçəkləşdirməkdə çətinlik çəkir.

Şimal marşurutu – Belarus, Rusiya və Baltik limanlarından keçməklə – olduqca məhduddur. Bu şəraitdə Orta Dəhliz həm sənaye xammalının idxalı, həm də Özbəkistan məhsullarının Avropa bazarlarına ixracı üçün getdikcə daha cəlbedici olsa da, hər kəs anlayır ki, bu marşurut da tələbləri tam ödəməyəcək. Üstəlik, açıq dənizlərə çıxış üçün Azərbaycandan sonra daha bir ölkənin ərazisindən keçmək lazımdır.

Süni intellektə əsaslanan iqtisadiyyata keçidin sürəti və miqyası texnoloji cəhətdən inkişaf etmiş bütün dövlətləri ciddi problemlərlə üz-üzə qoyub. Nadir torpaq elementlərinə təlbatın kəskin artması Çindən asılılığı təhlükəli dərəcə də gücləndirir. Dünyanın ən bahalı şirkətlərinin fəaliyyəti təhlükəli dərəcədə nadir torpaq elementlərinin tədarükündən asılı vəziyyətə gəlib.
Tayvanın çip nəhəngi TSMC Çinin nadir torpaq materiallarından istifadə edən sənaye müəssisələrinə alternativlər axtarmağa başlayıb. TSMC Pekinin ixrac məhdudiyyətlərinin süni intellekt, smartfonlar və serverlər üçün qabaqcıl çiplər istehsal edən fabriklərin fəaliyyətini poza biləcəyindən qorxur. Narahatlıq Çinin 2025-ci ildə tətbiq etdiyi məhdudiyyətlərdən qaynaqlanır.

Pekin müəyyən nadir torpaq materiallarına ixrac nəzarəti tətbiq etdi.
Süni intellekt sürətləndiriciləri, server prosessorları və mobil cihazlar hazırlayanlar üçün qabaqcıl çiplər istehsal edən TSMC-nin müştəriləri arasında ABŞ-ın NVIDA və Apple kimi texnologiya nəhəngləri var. Yeri gəlmişkən qeyd edim ki, TSMC gələn il 1 nanometerlik çiplər istehsal etməyi hədəfləyir. Bu texnologiyada yeni mərhələ demək olacaq. Hələlik isə, Tayvan Çin təchizat zəncirlərindən asılılığı azaltmaq üçün ABŞ-la birgə çalışır. Bütün diqqətlər isə əsasən Mərkəzi Asiyaya, xüsusisən də Qazaxıstan və Özbəkistana yönəlib.
ABŞ-ın dövlət katibi Marko Rubionun çox geniş bir heyyətlə gəldiyi Özbəkistan səfəri başa çatar-çatmaz NVIDIA-nın qurucusu və baş icraçı direktoru (CEO) Censen Huanq (Jensen Huang) Qazaxıstana səfər edərək Prezident Kasım-Jomart Tokayevlə görüşüb. Böyük Britaniya və Avropanın rəsmiləri və iş adamları da Amerikalı həmkarları kimi Mərkəzi Asiyaya müstəsna diqqət göstərməyə başlayıblar. Aydın görünür ki, Türküstanın tarixində yeni bir dövr başlayır.

Türküstan dövlətləri, xüsusilə Qazaxıstan və Özbəksitan nadir torpaq materiallarının ixracı ilə yanaşı istehsal məkanına çevrlməyi hədəfləyirlər. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 14-16 sentyabrda Cənubi Koreyaya dövlət səfəri zamanı Koreya bizneslərini Qazaxıstanda istehsalın genişləndirməsini və qonşu bazarlara birgə çıxışı təklif edib. Prezident Tokayev hesab edir ki, xammal təchizatı ixrac gəliri yaradır. Yerli emal isə yerli biznes üçün iş yerləri, mühəndislik bacarıqları və sifarişlər yaradır. Hyundai Motor Company və Astana Motors yeni bir model istehsal etmək barədə razılığa gəliblər.

Bütün bu planların taleyi önəmli ölçüdə loqistikadan asılıdır. Əfqanistan və Pakistanda sosial-siyasi vəziyyət Cənub istiqamətində effektli loqistikanı istisna edir. Çinin bir trilyon dollara yaxın sərmayə sərf etdiyi “Bir kəmər, bir yol” layihəsinin işləməməsinin əsas səbəbi Pakistan və Əfqanistandakı qeyri-sabit vəziyyətdir. Pakistan və Əfqanistandakı prosesləri diqqətlə araşdıran ekspertlərin ortaq rəyi belədir ki, bu ölkələrdə uzun müddət sabitlik olmayacaq.
Buna görə də Türküstan ölkələrinin əsas diqqəti Qərb istiqamətdəki Orta Dəhlizə yönəlib. Ancaq hər kəs anlayır ki, bu dəhlizin özünün də ciddi riskləri var. Bu hər şeydən öncə Türküstanla Azərbaycanın quru sərhəddinin olmaması, yüklərin Xəzər dənizi üzərindən daşınması ilə bağlıdır. Rusiyanın Orta Dəhlizə ögey münasibəti və Xəzərin suyunun azalması kimi amillər bu marşurutun prespektivi ilə bağlı narahatlıqlar yaradır. Rusiyanın Xəzərin suyunun azalmasında maraqlı olması da Türküstanın dünyaya Rusiyadan yan keçməklə çıxışının qarşısnı almaq siyasətindən qaynaqlanır.

Cənubi Qafqazın Mərkəzi Asiya vahid məkana çevrilməsi qarşısı alınmaz bir prosesə çevrilməkdə olsa da, bu iki region arasında quru sərhəddinin olmaması da eyni narahatlıqları yaradır. Xəritə üərində bu vəziyyətdən çıxış yolu axtaranların diqqətləri bir istiqamətə, Güney Azərbaycana yönəldir. Qərbin beyin mərkəzlərində İranın etnik xəritəsini araşdıranlar Cənubi Qafqazı (Azərbaycan) Türküstanla birləşdirəcək çoğrafiyanın Azərbaycanın davamı olmasını heyrətlə, isti sulara etibarlı çıxış imkanını böyük bir kəşf sevinci ilə qeyd edirlər. Aydın görünür ki, Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirməklə yanaşı Türküstanın açıq dənizlərə, özü də isti sulara çıxışını təmin edəcək sabit məkanın formalaşmasını təmin edə bilər. Rusiyanın ən strateji hədəflərindən biri, bəlkə birinci 200 ildən artıq bir müddətdir ki, İran və ya Pakistan üzərindən isti sulara çıxmaqdır. İkinci Dünya Müharibəsindən sonra İranı bölmək istəyi, Əfqanistanı işğal etmək cəhdi Rusiyanın isti sulara çıxışını təmin siyasətinin davamı idi. Yeri gəlmişkən Rusiyanın “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi də bu məqsədə xidmət edir.

Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi Rusiyanın bu hədəfini də pozacaq. İkinci Dünya Müharibəsindən sonra İranın bütövlüyünün qorunması Sovet İttifaqının (Rusiya) isti sulara çıxışının qarşısını almağa xidmət edirdisə, indi İranın bölünməsi eyni nəticəni verə bilər. ABŞ Dövlət Departamentinin İranın nüvə proqramının vəziyyəti barədə məlumat üçün 20 milyon dollara qədər mükafat elan etməsi təsadüf deyil.

Rusiyanın 200 ildən artıq bir müddətdə isti sulara çıxış strategiyasını gerçəkləşdirə bilmədiyini nəzərə alanda Türküstanın Güney Azərbaycan üzərindən isti sulara etibarlı çıxış imkanı bu çoğrafiyanın yeganə şansı olmaqla Avrasiyadakı geosiyasi düzəni bir neçə yüz illik facilədən sonra ilk dəfə türk xalqlarının lehinə dəyişə bilər. Bütün bunlar göstərir ki, Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi yalnız Azərbaycan üçün deyil, Türküstan üçün də həyati əhəmiyyətli məsələdir.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan erməni “cinayətkar elementlərinin” niyə gey olduqlarını iddia etdiklərini izah etdi

redaktor

55 yaşlı tanınmış alman siyasətçisi Hubert Ayvanger noyabrın 4-də oteldə ölü tapıldı.

admin

“Türklər bizi yeyəcək”: Simonyan Rusiya və Türkiyə ilə bağlı sərt açıqlama verdi

redaktor