İran ağır sınaqdan çıxmaq üzrədir. O artıq Çin-Rusiya-İran koalisiyasında layiqli yerini tutub və suveren geosiyasi oyunçu kimi özünü təsdiq edib. Lakin onun bu statusu qonşuları üçün bonuslar bərabər əlavə təhdidlər də gətirir.
Bonuslar haqda
İran bundan sonra Hörmüz boğazına nəzarəti əldən verməyəcək. Boğaza İranın nəzarətini ABŞ yaxın zamanda da qəbul edə bilər, 15 il sonra da. Lakin qəbul etməsə belə boğazı İranın nəzarətindən çıxarda bilməyəcək. Deməli, Körfəz ölkələri ya boğazdan neft-qaz ehtiyatlarını daşımaqda problemlər yaşayacaqlar (ABŞ blokadanı saxlayarsa), ya da İranın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə razılaşmalı olacaqlar (ABŞ blokadanı dayandırarsa). Hər iki halda Körfəz ölkələri ixrac imkanlarını şaxələndirməyə məcburdurlar, yəni neft-qazın xaricə nəql edilməsi üçün alternativ kəmərlər çəkməlidirlər.
Körfəz ölkələrinin ən böyük alıcısı Avropadır, xüsusən də Rusiya neft-qazına sanksiyalar tətbiq olunduqdan sonra. Hörmüz boğazından keçmədən neft-qaz (LNG) Avropaya 3 marşrut üzrə nəql edilə bilər:
1. kəmərlə Ərəb dənizinə, oradan da tankerlərlə Avropaya;
2. kəmərlə Qırmızı dənizə, oradan da tankerlərlə Avropaya;
3. kəmərlə Aralıq dənizinə, oradan da tankerlərlə və ya sualtı kəmərlə Avropaya.
Bu halda tranzit haqlarından əlavə gəlir qazana biləcək ölkələr:
1. marşrutu üzrə: Oman və / və ya BƏƏ, S.Ərəbistanı;
2. marşrutu üzrə: S.Ərəbistanı;
3. marşrutu üzrə: S.Ərəbistanı, İraq və ya İordaniya, Suriya və ya Türkiyə.
Çox güman ki, risklərdən sığortalanmaq üçün bütün bu marşrutlar üzrə kəmərlər tikiləcək. Belə bir infrastrukturun yaradaılması üçün milyardlarla vəsait xərclənəcək. Hər marşrut keçdiyi tranzit dövlət üçün onillər müddətinə əlavə gəlirlər və iş yerləri yaradır.
Təhdidlər haqda
Hər marşrut üzrə risklər də var:
1. marşrutu üzrə: Ərəb dənizindən neft-qazı Avropaya daşımaq üçün tankerlər Bab əl-Məndab boğazından keçməlidirlər. Husilər sübut etdilər ki, onlar boğazda öz şərtlərini diktə etməyə qadirdirlər. Deməli, bu marşrut riskləri tam yox etmir, onları azaldır. Lakin bu marşrut neft-qazı Asiya ölkələrinə daşımaq üçün Hörmüzdən sonra ən idealı olacaq.
2. marşrutu üzrə: Qırmızı dənizə daşımalar həm quruda (kəmər infrastrukturunda), həm də dəniz terminalında husilərin Ər-Riyadla münasibtlərindən asılı olacaq. Yəni dolayı yolla yenə İranın təsiri altında olacaq.
3marşrutu üzrə: Bu marşrutun üstün cəhəti budur ki, o Avropanın nəzarət etmədiyi heç bir boğazdan keçmir. Onun ən qısa yolu S.Ərəbistanı-İraq-Suriya olardı (uzunu – S.Ərəbistanı-İraq-Türkiyə), lakin bu halda kəmər İraqın cənubundan, yəni şiələrin nəzarətində olan ərazilərdən keçməlidir. Bu isə yenə İranın təsiri altında olmaq deməkdir. Buna alternativ S.Ərəbistanı-İordaniya-Suriya ola bilər.
Avropa üçün ən əlverişlisi məhz 3 marşrutudur. Buradan hansı nəticələr çıxarda bilərik?
Suriyaya nəzarət uğrunda yeni açıq və ya gizli müharibə başlayacaq.
Aralıq dənizinin şərq hövzəsinə (terminallar zonası və tankerlərin / sualtı kəmərlərin marşrutu ətrafı üzrə) nəzarət uğrunda əsl müharibə başlayacaq.
Münaqişə (müharibə) tərəfləri ABŞ, Aİ, Britaniya, Türkiyə və İsrail olacaq. Bunlardan ilk dördü NATO üzvü, 5-ci NATO tərəfdaşı olsa da son illərin hadisələri göstərdi ki, artıq onların maraqları fərqlidir, xüsusən də enerji təhlükəsizliyi məsələsində. Məsələn, ABŞ Avropanı özünün enerji asılılığında saxlamaq istəyir, Türkiyə Avropanın yeganə enerji habı olmaq istəyir, Britaniya həmişəki kimi əsas ticarət marşrutlarına nəzarət etmək istəyir, İsrail həm də Qəzza sahillərində tapılmış nəhəng qaz yataqlarından gələcəkdə çıxarılacaq qazı Avropaya ixrac etmək üçün təhlükəsiz marşrut əldə etmək istəyir, Aİ isə 3-cü tərəfdən asılı olmayan etibarlı enerji təminatçısı istəyir.
Suriya məsələsi
Çox güman ki, Suriyanı parçalayacaqlar. Kəmər(lər)in keçdiyi ərazilərdə Qərbin vassallığı altında yeni dövlət yaratmağa çalışadacaqlar. Əlbəttə, Türkiyə bu ssenari ilə razı ola bilməz. Buna görə də Türkiyənin ambisiyalarını yatırtmaq üçün onu müharibəyə qoşub, zəiflətməyə çalışacaqlar. Belə nümunə var artıq: https://www.facebook.com/asif.shafaggatov.3/posts/3867447373571345
Aralıq dənizinin şərq hövzəsi
Bu proseslər gözümüzün qarşısında cərəyan edir artıq. Türkiyə Liviya ilə 2-3 il davam edən danışıqların nəticəsi olaraq bu yaxınlarda dənizdə şimaldan cənuba bir zolaq üzrə iki ölkə arasında bölüşdülər (faktiki olaraq “çəpər” çəkdilər). Təbii ki, bu Aİ-nin kəskin etirazı ilə qarşılandı. Bu ildən Fransa, Britaniya, ABŞ və Almaniyanın Kiprdə hərbi mövqelərini gücləndirməsi də məhz bu məsələ ilə bağlıdır. Aralıq müharibəsində Kipr batırılması mümkün olmayan “aviadaşıyıcı” kimidir. İsrail-Kipr-Yunanıstan alyansı da eyni məqsədə xidmət edir…
Beləliklə, fikrimcə, Yaxın Şərqdə İrandan sonra, Suriyanı nəzərə almasaq (onsuz da o şərti dövlətdir), ən böyük təhdid Türkiyə üçün yaranır.
Məncə, TDT-nin Ankara sammitində Tokayevin Rusiyanı təşkilata daxil etmək təklifi də bu məsələ ilə bağlıdır. O demək istəyir ki, Türkiyə Qərbə arxalanmamalıdır, hazırda Qərb onun üçün əsl təhlükə mənbəyidir. Bu təhlükələrdən sığortalanmaq üçün isə o digər böyük oyunçulara (Rusiya və Çinə) arxalanmalıdır, yəni indidən strateji dərinliyini təmin etməlidir.
