CəmiyyətMüsahibə

Nərgiz həbsxanadan yazır: “Deyirdim, iş tapmasam, gedəcəm kimsəsizlər evinə, dedilər, kimsəsizlər evi yoxdur.”

-Çıxandan sonra mən neyləyəcəm? Bunun kirayə haqqı var, kommunalı var, dolanışığı var, necə çatdıracam?

-Əşşi, kirayə pulunu bir ay ödəməsən nə olar ki?

-Necə ödəməyim? Atarlar məni çölə.

Korpusun pilləkənlərində oturan məhkumlar bordürün üzərində tək-tənha oturub fikir çəkən Nüşabənin azadlıqla bağlı narahatlıqlarını dinləyir, düşünüb çarə tapmağa çalışırlar. Onu qayğılandıran bu suallar tez-tez təzyiqinin qalxmasına səbəb olur. Bəzən fikirdən gecələri yata bilmir, yuxusunu qarışdırır. Nüşabə 54 yaşındadır və həbsdən çıxmasına bir neçə gün qalıb. O, saxlanıldığı 1 il 2 ay ərzində həbsxana mühitinə öyrəşib. Artıq bura onun üçün normal, azadlıq isə, əksinə, qorxulu gəlir.

“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanuna əsasən, həbs müddətinin sonuna 6 ay qalmış məhkumla adaptasiya proqramına başlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhkumla əvvəlcədən hazırlıq işləri aparmalı, hüquqlarını və sosial adaptasiya imkanlarını izah etməlidir. Qanunda həm də məhkumun azadlığa çıxdıqdan sonra işləyəcək və qalacaq yeri yoxdursa, müvəqqəti yaşayış yeri ilə təmin edilməsi nəzərdə tutulub. Lənkəran Penitensiar Kompleksində saxlanıldığımız 1 il müddətində 4 nəfər azadlığa çıxıb. Amma heç biri ilə gəlib görüşən, həbsdən çıxdıqdan sonra harada işləyəcəyi, necə dolanacağı, harada yaşayacağı, cəmiyyətə necə qarışacağı ilə maraqlanan olmayıb.

İndi isə azadlığa çıxmaq sırası Nüşabədədir. Amma deyir ki, onu nə axtaran var, nə maraqlanan:

“Neçə vaxtdır məəttəl qalmışam ki, görəsən, çıxdıqdan sonra nə edəcəm, necə dolanacam? Əvvəl tanışlar deyirdilər ki, gəlib bizdə qalarsan. Çıxmağıma az qalmış heç kim məni istəmədi”.

Nüşabə hər zəng günündə tanışlarına zəng edir, çıxdıqdan sonra qalmağa kirayə ev və iş axtarır. Amma onun narahatlığı təkcə harada qalacağı, necə dolanacağı deyil. Onu qorxudan həm də çöldəki qınayıcı baxışlardır:

“Düşünürəm ki, çıxdıqdan sonra evlərə təmizliyə gedim, ya haradasa qab-qacaq yuyum. Neçə vaxtdır ora-bura zəng edib iş axtarıram. Amma heç bilmirəm məni işə götürəcəklər, ya yox. Qorxuram ki, məhkumluğuma görə mənə pis baxarlar.

Həmişə deyirdim, görəsən, nə vaxt buradan çıxaram, nə vaxt oyananda üst çarpayının taxtalarını yox, tavanı görərəm? İndi düşünəndə azadlığa çıxmaq yorucu gəlir. Kirayə evə çıxmaq, iş tapmaq, hər şeyi çatdırmaq, öyrəşmək…”

Danışdıqca Nüşabənin gözləri dolur, ağlamağa başlayır. Gözlərini silərək deyir ki, almalı olduğu ilkin ehtiyaclarının siyahısını hazırlayıb:

“Soğan, kartof, yağ, duz, şampun, xlor, sabun. Əsas lazımlı olanları yığıram ki, çıxandan sonra evi təmizləməyə nəsə olsun”.

Danışdıqca gözləri divarda bir yerə zillənir. Köks ötürüb sözünə davam edir:

“Deyirlər, çöldə qiymətlər bahalaşıb. Nə edim, az yeyəcəm. Görsəm, çöldə dolana bilmirəm, sizə zəng vuracam ki, hər şey bahadır.

Deyirdim, iş tapmasam, gedəcəm kimsəsizlər evinə, dedilər, kimsəsizlər evi yoxdur. Hökumət sığınacaq verməlidir, pul verməlidir, yoxsa adam dəli olar. Buna görə həbsxanaya yenidən nə qədər qayıdan var. İstəyərdim dövlət mənə bir daxma versin, orada qalım. İndi təkcə Allah kərimdir”.

Əslində isə Nüşabəni qayğılandıran bütün bu problemlərin həlli qanunda nəzərdə tutulub. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 10-cu maddəsinə görə məhkum azadlığa çıxmazdan əvvəl harda yaşayacağı müəyyən olunaraq qeydiyyata alınmalı, yaşayış yeri ilə təmin edilməlidir. Adaptasiya proqramının müddəti maksimum 1 ildir. Müstəsna halda bu müddət daha 1 il uzadıla bilər.

Məhkumun azadlığa çıxmasına 3-6 ay qalmış bacarıqları qiymətləndirilməli, peşə təlimi keçilməli və iş üçün vakansiyalar müəyyən edilməlidir. Qanunda qeyd olunub ki, şəxs azadlığa çıxdıqdan sonra da qalan 6 ay müddətində davamlı gəlirə çıxışı təmin edilməlidir. Azadlığa çıxmasına 1 ay qalmış şəxsin şəxsiyyət vəsiqəsi, qeydiyyatı, səhiyyə keçidi, yaşayış və mümkün iş yeri hazır vəziyyətə gətirilməlidir.

Qanunda həm də azadlığa çıxdıqdan sonra da tibbi və psixoloji dəstəyin davam etdirilməsi nəzərdə tutulub. Nüşabə deyir ki, azadlığa çıxdıqdan sonra şikayətçilərinin ona zərər yetirəcəyindən, insanların onu qınayacağından, ona pis baxacaqlarından qorxur. Amma müəssisədə onunla maraqlanacaq bir psixoloq olmadığı üçün Nüşabə elə qorxuları ilə birlikdə azadlığa çıxmalıdır.

Azərbaycanın əməl etməyə öhdəlik götürdüyü Avropa Penitensiar qaydalarının 107-ci maddəsində vurğulanır ki, uzun müddət həbsdə olmuş şəxslərin azadlıqdan sonra cəmiyyətə mərhələli qayıdışı üçün sosial dəstək mexanizmləri yaradılmalı, həbsxana və cəmiyyət daxilində fəaliyyət göstərən qurumlar arasında əlaqə qurmalıdır. Azadlığa qədərki hazırlıq mərhələsinə Penitensiar Xidmət, azadlıqdan sonrakı mərhələyə isə Sosial Xidmət Agentliyi, DOST, Dövlət Məşğulluq Agentliyi və Dövlət Sosial Müdafiə Fondu cavabdehdir. Sosial Adaptasiya Mərkəzi Sosial Xidmətlər Agentliyinin tabeliyindədir. Amma neçə nəfərin bu mərkəzə yerləşdirildiyi, neçə nəfərə daimi və ya müvəqqəti yaşayış yeri tapıldığı, neçə nəfərin faktiki işlə təmin edildiyi ilə bağlı hesabat yoxdur.

“Abzas Media” məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə və Dövlət Məşğulluq Agentliyinə informasiya sorğusu göndərib. Sorğuda həbsdən azad edilən şəxslərin neçəsinin Sosial Adaptasiya Mərkəzinə yerləşdirildiyi, müvəqqəti yaşayış yeri və işlə təmin olunduğu, sosial adaptasiya proqramına dövlət büdcəsindən nə qədər vəsait ayrıldığı və bu tədbirlərin faktiki nəticələri barədə məlumat istənilib. Lakin yazı dərc olunanadək heç bir qurumdan sorğuya cavab verilməyib.

Qanun sosial adaptasiya tədbirlərinin dövlət büdcəsi hesabına maliyələşdirildiyini deyir, amma açıq büdcə sənədlərində bu proqrama illik nə qədər vəsaitin ayrıldığı, bunun necə istifadə olunduğu ilə bağlı heç bir məlumat yoxdur.

Adaptasiya proqramının necə tətbiq edilməsi bir kənara qalsın, Lənkəran Penitensiar Kompleksində saxlanılan məhkumların heç belə bir qanunun varlığından xəbərləri yoxdur. Nə cəza müddətinin sonuna az qalmış, nə də azadlığa çıxan şəxslərə bu proqramla bağlı heç bir məlumat verilmir. Nüşabə də qanunla ona düşən imtiyazlardan xəbərsiz əşyalarını çantasına yığır. Yatağın baş ucuna yapışdırılan məhkumluq kartını qoparıb onu da aparacaqlarının yanına qoyur. Ondan gələcəklə bağlı planlarını soruşuram. Həbslə azadlıq arasındakı uçurum onu bir qədər fikrə aparır. Bu qeyri-müəyyənlikdə sadəcə bir cavab tapır:

“Tutulmamışdan 2 gün əvvəl dəniz qırağında yerdə oturub ağlayırdım. Çıxan kimi həmin yerə gedəcəm. 1 il 2 ay qabaq getdiyim yerə”.

Nüşabə üçün azadlıq vaxtı gəlib çatır. Göz yaşları içində gülüşlə öncədən hazırladığı çantasını götürüb hövlnak çıxışa tələsir. Həbsi müddətində qulluq etdiyi güllərin toxumlarından da özüylə aparmaq istəyir. Bunu eşidən kompleksin rəis müavini Əli Abdalov korpusun həyətində kinayə ilə yüksək səslə deyir:

“Camaat hər şeyini içəridə qoyub azadlığa çıxır, bu, hər şeyi aparır. Buradan bir stəkan su da verin, onu da aparsın”.

Deyəsən, heç rəis müavininin də xəbəri yoxdur ki, müəssisə rəhbərliyi şəxsin imkanı yoxdursa, azad olunduğu gün onu nəqliyyat və ilkin yaşayış vəsaiti, mövsümi geyim və ayaqqabı ilə, tibbi ehtiyacı varsa, dərmanla təmin etməlidir.

Bir neçə gün sonra Nüşabədən zəng gəlir. Məhkum qadınlardan biri onunla danışır. Azadlıqda yaşayışın çətinliyindən bir xeyli gileyləndikdən sonra son sözü bu olur:

“Azadlığa çıxmağıma peşmanam”.

 

Oxşar xəbərlər

Qənaəti kasıbın hüququndan yox, oğurlanan milyonlardan edin

redaktor

Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv edilib

admin

“Vəziyyəti düzəltməyə çalışacağıq” – Qurban Qurbanov

admin