Cəmiyyət

Qənaəti kasıbın hüququndan yox, oğurlanan milyonlardan edin

Artıq Azərbaycan əhalisinin əksəriyyətinin kasıb, az bir hissəsinin isə orta və varlı təbəqəyə aid olmasını heç kimdən gizlətmək mümkün deyil. Təbəqələşmə və arada olan uçurum isə gündən-günə böyüyür. Bu günlərdə bu təbəqələrin təqaüdləri arasında olan kəskin fərq barədə yazmışdım.

Məhz kasıb təbəqənin bu gün pozulmuş hüquqlarının qorunması üçün vəkilə böyük ehtiyacı var. Vəkilə müraciət etmək üçün isə azı 300-1000 manat müqavilə haqqı ödəmək lazımdır. Kasıb təbəqə isə çörək pulunu zorla tapdığından dövlət hesabına hüquqi yardımdan istifadə etmək məcburiyyətindədir. Dövlət hesabına hüquqi yardım üçün isə vəkilin hər 1 saatına 11 manat ödənilir. Bu məbləğin özü keyfiyyətli hüquqi yardım göstərmək üçün çox azdır və əslində, bu gün vəkillər bu məbləğin artırılması uğrunda mübarizə aparmalıdırlar. Reallıqda isə bu gün dövlət hesabına hüquqi yardım göstərmiş vəkillər heç onlara çatacaq 11 manatı da ala bilmirlər.

Bu yerdə vacib bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Qanunvericilik hər yerdə bəyan edir ki, istənilən məhkəmə prosesində vəkil və prokuror bərabər hüquqludurlar. Reallıqda isə bu, kağız üzərindədir. Bunun üçün bir müqayisəni diqqətinizə çatdırım. Məhkəmədə iştirak edən prokurorun maaşını ay ərzində iş saatlarına böləndə onun bir saatı vergilər çıxıldıqdan sonra təxminən 40 manat olur. Onu da qeyd edim ki, prokurorluq işçilərinin kağız, kompüter, poçt xərcləri və s. dövlət hesabına ödənilir. Vəkilin isə hər saatına ödəniləcək 11 manatdan 35% vergilər, onun öz hesabına olan ödənişlər – vəkillik, icarə haqqı, rabitə, poçt, kağız, nəqliyyat xərcləri çıxıldıqdan sonra ona 11 manatın heç yarısı da qalmır. Bundan başqa, indiki qanunvericiliyə görə, prokurorların təqaüdləri iş stajından, rütbəsindən və s. hallardan asılı olaraq 5-7 min manat olur. Ən yaxşı vəkillərin təqaüdlərinin isə 2000-3000 manatdan artıq olması mümkün deyil.

Bu gün bildim ki, Vəkillər Kollegiyasının dövlət hesabına vəkil haqqının ödənilməsi ilə bağlı müraciətinə Maliyyə Nazirliyi bu günə qədər cavab vermir. Tələb olunan məbləğ isə 2 milyon manat civarındadır. Amma maliyyə xərclərinə kasıb təbəqənin təqaüdü, əlillik? vəkil pulu hesabına qənaət edən Maliyyə Nazirliyi nədənsə varlı təbəqənin yüz milyonları oğurlamasını görmür. Əgər görsəydi, hər gün cinayət məsuliyyətinə cəlb olunan, yüz milyonları oğurlayan məmurlar vaxtında ifşa olunardılar.

Bu gün görünən odur ki, məmurlar yüz milyonları oğurlayırlar, həbs olunanda isə onun cüzi bir hissəsini ödəyib keflərini davam etdirirlər. Səlim Müslümov kimiləri milyard mənimsəyib, bir neçə milyon ödəyib azadlıqda qalırlar. Belə faktlar onlarladır.

“Optimallaşmanı” oralarda aparmaq lazımdır.

 

Aslan İsmayılov

Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv edilib

admin

Soltanlı: XXI əsrin kəndi, yoxsa keçmişin kazarması?

redaktor

Cəmil Həsənli: “Ramiz Mehdiyevin məhkəməsi bitsə də, ölkədən çıxışıma qadağa qalır”

admin