Mülahizəmə Fridrix Nitsşenin bir sitatı ilə başlamağım lap məqamına düşər:
“Dünyanın ən yüksək taxtına da çıxsanız oturacağınız yer yalnızca öz ombanızın üstüdür.”
Həə, əziz məğlubiyyət arxitektorları, qan rəngli toz-dumana sarılan bu mühitin yanılmış (yanıldılmış) zavallı kəvakibləri, indi bildinizmi(?!) istənilən bir mövzunu müzakirə də etmək olar, o mövzu ətrafında fikir bildirmək də! Amma və lakin(!) Aqil Abbaslardan qəhrəman obraz yaratmağa cəhd etmək… əsla olmaz, əsla!.. O addımı atan kəsi nə Tanrı bağışlayar, nə saatın əqrəbləri, nə də ki, sahibinin yolunu gözləyən (və sonda təcavüzə məruz qalan!) ağ bülletenlər!
Heç biri bağışlamaz, heç biri!..
… Günlərdi ki, cəmiyyətin pafosa yuvarlanan əksər hissəsinin, eləcə də onurğa sütunu sındırılmış, travmalı mediya strukturunun, bir çox ictimaiyyət nümayəndələrinin bəlağətli notlarla Aqil Abbasın adının üzərində qəhrəman obrazı yaratma cəhdi ələyə su yığmaq məntiqini, məzmununu (elə Aqil Abbasın şəxsində!) bir daha ortaya qoymalı idi, qoydu da!
Çünki o, Aqil Abbasdır, Aqil Abbas! AzDrama — nın səhnəsində “Anar yazıçıların, xalqın pasportudur” — deyib, gülləni Tanrının gicgahına sıxan Aqil Abbas!
… Digər tərəfdən, məgər bilmirdinizmi, bu gözəlim məmləkətdə Aqil Abbasların elə bircə otuz ilə yaxındır ki, necə və hansı tərzdə(?!) kürsüyə sahiblənmək faktı kifayət edir ki, onun ictimai “funksiyası”na da bələd olasan, “ədalət” hissinin necəliyinə də, “amalına” da, dilinin altındakı sözün uçuq dam olmasına da!
Məgər bilmirdinizmi?
Tragikomedya ki, tragikomedya!..
Unutmaq lazım deyildi ki… deyil ki(!) bu həyatda, bu ölkədə Tanrı ilə çiyin-çiyinə dayanmaq heç vaxt həmin Aqil Abbasların daxili “gücü”, yaradılış kodu çərçivəsində olmayıb, bir ömür ola da bilməz! Onun üçün dirilik, duruluq, ağ rəngə sədaqət… və əzm gərək!
… İndi qalxın ayağa, üst-başınızı təmizləyin, ey məğlubiyyət arxitektorları, qan rəngli toz-dumana sarılan bu mühitin aldanmış (və ya özünü aldadılmağa vadar edən!) zavallı kəvakibləri!
Bəli, qalxın ayağa, üst-başınızı təmizləyin!..
Bu ölkədə Aqil Abbaslardan “yıxılmaq” da… bir ayrı təslimçilik fəlsəfəsi, bir başqa yolsuzluq faciəsidir!
Axı canında balta qorxusu (və qoxusu) yaşadan kötükdən (palıddan yox haa, kötükdən!) yıxılanlar əzilmir, intihar edir!..
