Kampaniyada aktivlik edənlər də elə bu kitabların elmi redaktorları, rəyçiləri, təqdimat mərasimlərində növbəyə durub müəllif haqqında həşəmətli tərif deyənlərdir. Yeri gəlmişkən Ramiz Mehdiyev kitabları haqqında yazılan rəylər və edilən çıxışlar da ayrıca kitab kimi nəşr edilib.
Bəzi akademiklər hətta bu kitabdakı yazılarını öz ifalarında video formasında da çəkib yaymışdılar ki, Mehdiyevə tez çatsın. Çünki Ramiz müəllim latın əlifbası ilə yazıları çətinliklə oxuduğu üçün ehtiyat edirdilər ki, diqqətindən yayınsın.
Hələ bu kitablar nəşr olunanda və Ramiz Mehdiyev də vəzifədə olanda mən yazmışam ki, bu kitabların Ramiz Mehdiyevə heç bir aidiyyəti yoxdur. Biz bu şeyləri yazanda Məclisin çoxlu sayda deputatı sinəsini Mehdiyevin qarşısında sipər edib deyirdilər: əgər Ramiz müəllim hər yoldanötənə cavab verəcəksə, onda bəs biz kimik. Onlar yenə deputatdır. Amma Ramiz Mehdiyevin işinə görə bizim ölkədən çıxışımıza “stop” (toxta da deyilə bilər) qoyublar.
Deməli, Ramiz Mehdiyevin kitabların yığışdırırlar. Amma məsələnin digər bir tərəfi var. İlham Əliyevin 151 cildlik “İnkişaf – məqsədimizdir” əsərlər sisiləsinin nə az, nə çox 99 cildinin buraxılışa məsul redaktoru Ramiz Mehdiyevdir və məsul vəzifə elə həmin kitabların titul vərəqində qeyd olunub. İndi 99 cildin taleyi necə olacaq? Gərək ya bu kitabları da yığışdırsınlar, ya da vəziyyətdən çıxış yolu kimi 37-ci ildə olduğu kimi bu cildlərdə Ramiz Mehdiyevin adını qaralasalar.
Ən maraqlısı odur ki, Ramiz Mehdiyevin ən çox təriflənən “əsəri” onun İlham Əliyev haqında yazıdığı “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” kitabıdır. Bəs, bu kitabın taleyi necə olacaq? Çətin məsələdir. Axı, bu adamlar ən azı 20-25 il ətlə-dırnaq kimi iç-içə olublar.
