DünyaSiyasət

Mahmud Abbasın Cənubi Kiprə səfəri xəyanət deyil, çıxış yolu axtarışıdır

Türkiyənin islamçı mediası dünənə qədər bizi vətən xaini, dini dəyərləri sionistlərə peşkəş çəkən satqın kimi təqdim edirdilər. Səbəb isə çox sadə idi; guya, biz Fələstini satmış və dini-İslama xəyanət etmişik. Və bu “xəyanətimizə” görə bizi qardaşlıqdan çıxaranlar belə vardı.

İndi isə yeni xain tapılıb – Fələstin Azadlıq Təşkilatının (FAT / FƏTH) sədri, ölkənin faktiki lideri Mahmud Abbas. Binəva Mahmud Abbasın ən böyük günahı isə Cənubi Kipr Respublikasına gedib adanın rum kəsiminin liderindən İsraillə Fələstin arasında vasitəçilik etməsi ricasında bulunmasıdır. Düzdür, bu səfəri olduqca yanlış bir zamanda– Türkiyənin Cümhuriyyət Bayramı günündə gerçəkləşdirib.

Amma gəlin, insafla danışaq, başı bir tərəfdən İsrail tərəfindən törədilən qətliama qarışmış, onminlərlə vətəndaşı dağıntı altında qalmış, xalqı aclıqla, sususuzluqla mübarizə aparan Fələstin liderinin Türkiyənin Cümhuriyyət bayramı hardan yadına düşə bilərdi? Üstəlik, Mahmud Abbası vətən xaini çıxaran islamçı kəsimin özü Atatürkün bu böyük mirasına sayğı göstərir ki, eyni həssasiyyəti Mahmud Abbasdan gözləyir?

Şəxsən mənim fikrimcə, Mahmud Abbasın oktyabrın 29-da Şimali Kiprə ziyarət etməsinin səbəbi qətiyyən Türkiyənin qəlbinə toxunmaq deyildi, sadəcə, İsraildə keçirilən seçkilərin nəticələri ilə bağlı idi. Bilirsiniz ki, oktyabrın 27-də İsraildə parlament seçkiləri keçirilmiş və ərəblər önəmli sayda deputat yeri qazanmışdılar. Faktiki olaraq bu deputat heyəti ilə İsraildə hökumət quruculuğundan iştirak etmək imkanı qazanmışlar. Zira, seçkilərdə Netanyahunun rəhbərlik etdiyi iqtidar bloku 53, Aysenkotun bloku 48, ərəblər isə 19-20 deputat çıxara bilmişlər. Bu partiyalardan heç birinin təkbaşına hökumət qurmaq imkanları yoxdur. Ərəb blokununun hər hansı birinə dəstək verməsi isə işin rəngini dəyişdirə bilər. Görünür, Mahmud Abbas da bu arzusunu reallaşdırılmasına yardım etməsi üçün Cənubi Kirpin qapısını döyüb.

Amma dərd burasındadır ki, yəhudi bloklarının heç biri ərəblərlə işbirliyinə getmək istəmirlər. Əllərində daşdan keçən bəhanələri də var – ərəblər bizim düşmənimizdir və onlarla ittifaq qurmaq mümkün deyil. Bu durumda Netanyahu ilə Aysenkot blokları birləşib və ya müxalif blokdan bir partiya ayrılıb iqtidar blokunu dəstəkləməklə siyasi böhrandan çıxış yolu tapıla bilər. Bu isə o deməkdir ki, güclü bir müharibə bloku hakimiyyətə gələcək və fələstinlilərin qara günü yenidən başlayacaq.

Məhz belə bir ehtimala yol verməmək üçün Mahmud Abbas İsraillə dialoqunu qura biləcək ortaq dost axtarır. Ən uyğun ortaq dost isə ya Yunanıstan, ya da Cənubi Kipr Respublikasıdır.

Düzdür, Türkiyə və yeri gələndə Fələstin üçün də daha yaxşı vasitəçi tərəf Azərbaycan ola bilərdi. Bəlkə də Mahmud Abbas Cənubi Kiprə getməmişdən əvvəl bizimkilərin də ağzını arayıb, amma rəsmi Bakının Türkiyədəki həssasiyyətləri nəzərə alıb bu istəyə “yox” deməkdən başqa çarəsi olmayıb.

Sözsüz ki, Mahmud Abbasın Cənubi Kiprə səfərində Türkiyəyə və digər müsəlman ölkələrinə də bir mesajı vardı. Amma bu mesaj bayaq da qeyd etdiyim kimi, “sənin ən müqəddəs bayramında 1 nömrəli düşməninlə əlaqələr qururam” deyil.  M. Abbas bu səfəriylə sadəcə demək istəyib ki, məni düşündüyünüz üçün çox sağ olun. Amma nəzərə alın ki, uzaqda dayanıb yetimə “gəl-gəl” deyən çox olar, lakin bu, onun qarnını doyurmaz. Biz artıq sizin pohpohlaya-pohpohlaya əliyalın dünyanın ən güclü ordusuna qarşı meydana sürmək istədiyiniz qüvvə olmaq istəmirik. Dünyanın ən nəhəng ordularına qarşı əliyalın döyüşlərdə hər gün yüzlərlə, minlərlə insan itirə-itirə nəyəsə nail olacağımıza inanmırıq. 2023-cü ilin 7 oktyabrından indiyədək itirdiyimiz insan sayı belə bəlkə də yüzminlərlədir. Evimiz-eşiyimiz dağılıb, başımızı saxlamağa damımız yoxdur. Sizin yardım və dəstəkləriniz də bizi qətliamlardan, ölümlərdən qorumur. Məcburuq ki, İsrailin mövcud sistemində yer alıb qanunların icazə verdiyi çərçivədə mübarizə aparaq, varlığımızı qoruyaq, soy-kökümüzü davam etdirərək gözəl sabahlara ümid bağlayaq. Siz də bizə kömək etmək istəyirsinizsə, bu seçimimizə hörmət göstərin və bizə mane olmayın. Əlinizdən bizi qorumaq gəlmirsə, heç olmasa, bizə xeyir-dua verin. Yoxsa son nəfərimiz qalana qədər İsrail bizi özünün “ətçəkən aparatı”nın gözündən keçirəcək, siz isə uzaqbaşı onu lənətləyən bəyanatlarla kifayətlənəcəksiniz. Bu da bizim xilas yolumuz deyil.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

AKP-nin əsas hədəfi və Türkiyənin 82-ci vilayət hərisliyi

redaktor

Marsda ilk insan, yoxsa AB-də Azərbaycan?

redaktor

Dünyanın ən böyük maye qaz ixracatçısı idxalatçısına çevrilir

redaktor