14 C
Bakı
29 Oktyabr 2026 10:49
CəmiyyətGündəmTəhsil

Təhsilin acı mənzərəsi: Emin Əmrullayev Prezidentə məruzə olunmalıdır

Emin Əmrullayevin bacarıqsızlığı və yaratdığı acı mənzərə Prezidentə detallı məruzə olunmalıdır

Bir tərəfdə Azərbaycanın böyüməsi, güclənməsi naminə İlham Əliyevin qlobal müstəvidə apardığı mübarizəni izləyirik. Digər tərəfdə isə ölkənin daxilində, özü də dövlətin ən strateji sahələrindən biri olan təhsil sistemində baş verən neqativ hadisələrin başında duran adamın – Emin Əmrullayevin bacarıqsızlığını görürük.

İstər-istəməz bir sual yaranır, İlham Əliyevin qarşıya qoyduğu dövlətçilik hədəfləri ilə təhsil sisteminə rəhbərlik edən şəxsin idarəçilik yanaşması arasında hansı uyğunluq var? Qlobal dünyanın silkələndiyi bir dövrdə Prezident ölkənin müstəqilliyini qorumaq, milli maraqları müdafiə etmək üçün mübarizə aparırsa, dövlətin hər bir strateji sahəsinə rəhbərlik edən şəxs də öz fəaliyyətində bu məqsədlərə uyğun nəticələr ortaya qoymalıdır.

Amma nazir Emin Əmrullayev təhsil sistemində baş verənlərə görə məsuliyyəti hər dəfə valideynlərin və ailələrin üzərinə qoyur. Bacarıqsızlıq onu cəmiyyətin qarşısına günahkar axtarışı ilə çıxarır.

Bəli, valideynin məsuliyyəti var, bunu heç kim inkar etmir. Lakin məktəb şagirdlərə yalnız təhsil verməli deyil (halbuki, bu da yoxdur), həm də şagirdi təhsil mühitinə uyğunlaşdırmalıdır, tərbiyə etməlidir.

Nazirin vəzifəsi hər dəfə yöndəmsiz və anlaqsız cümlələrlə təhsildəki problemlərin mövcudluğunu izah etmək deyil, onları aradan qaldıran sistem qurmaqdır.

Yuxarı sinif şagirdləri bıçaq gəzdirir, qəlyan çəkir, bahalı telefonlarla dərsə gəlir, məktəblərdə “razborka”lar yaradırlar. Polis orqanlarının nəzarəti olmasa, məktəblərdə hər gün qanlı hadisələr baş verər.

Müəllimlə şagird arasındakı münasibətlərdə pedaqoji ünsiyyətin yerini küçə ritorikası tutub, müəllim-valideyn münasibətləri alver müstəvisinə keçib. Məktəbdə intizamı təmin edən mexanizmlər işləmir. Müəllimin nüfuzu yox edilib. Direktorlar külli miqdarda rüşvətlə təyin olunurlar, nəticədə onlar da məktəbə şirkət kimi yanaşırlar. Verdiyi pulu çıxarmalıdır, ona görə də jurnalisti döymək əmrini vermək əzmini özündə hiss edir. Əksər direktorlar övladlarını yüksək vəzifələrə yerləşdirib.

Jurnalist məktəbin düşməni deyil. O, cəmiyyətin suallarını verməyə, baş verənləri işıqlandırmağa çalışır. Məktəbdə nə baş verdiyini soruşan jurnalistə cavab vermək əvəzinə, onu təpik altına salanların özündə belə bir güc hiss etməsinin də səbəbkarı məhz Emin Əmrullayevdir.

Əgər nazir öz sahəsindəki böhranı aradan qaldıra bilmirsə, eyni problemlər təkrar-təkrar yaşanırsa, cəmiyyətin narazılığı artırsa, onun vəzifədən çıxarılması həm də ictimai tələbə çevrilir.

Düşünürəm ki, Emin Əmrullayevin yaratdığı acı mənzərə dövlət başçısına detallı məruzə olunmalıdır.

Tenderlər, qohumlarının, dostlarının dövlət büdcəsini talaması ilə bağlı bütün faktlar, eləcə də təhsil sisteminin kriminal mühitə çevrildiyi Prezidentə deyilməlidir.

Daha nə baş verməlidir ki, Emin Əmrullayevin bacarıqsızlığı sübut olunsun?! Məktəblərdə daha hansı hadisələr yaşanmalıdır ki, təhsil sistemindəki problemlərin miqyası etiraf olunsun?

Emin Əmrullayev, bacarmırsınızsa, bunu etiraf etmək də məsuliyyətin bir hissəsidir. Nazir postu şəxsi status, imtiyaz və ya uzunmüddətli karyera təminatı deyil. Bu vəzifə konkret nəticələr tələb edir. Torpaqlarını döyüşərək azad etmiş, dövlət müstəqilliyini və suverenliyini qorumaq uğrunda ağır sınaqlardan keçmiş bir ölkənin təhsil sistemi də həmin dövlətçilik iradəsinə uyğun səviyyədə olmalıdır.

Və ən nəhayət… Kişi müəllimləri məktəbə qaytarın!

Bu da kuliminisiya!

225 saylı məktəbdə baş verən hadisə ilə bağlı Emin Əmrullayevin göstərişi ilə “Azərbaycan müəllimi” qəzeti təxminən belə bir açıqlama yayıb:

Jurnalist şagirdlərdən müsahibə ala bilməz, əks halda jurnalist döyülməlidir…

 

Samir Feyruzov

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda korrupsiya yoxdur!

redaktor

Çarşab: Dinin hökmü, yoxsa sonradan yaranmış dəb?

redaktor

Cəmiyyəti ən çox məsuliyyətsiz ziyalılar yanıldır

redaktor