17 C
Bakı
28 Oktyabr 2026 19:34
CəmiyyətDinDünya

Çarşab: Dinin hökmü, yoxsa sonradan yaranmış dəb?

Keçən dəfə qadınların bürünməsi ilə bağlı status yazıb çox qınanmışdım.

Mən miniatür sənətini misal gətirmişdim. Ərəb, İran, Osmanlı və Babur dövründə çəkilmiş minlərlə rəsm var. Onlarda da aydın görünür ki, o dövrün qadınları daha rahat, sadəcə ədəbli geyiniblər.

Quranı da misal gətirmişdim ki, orada konkret olaraq qadının bürünməsinə əmr yoxdur, ədəbli geyinməsi ilə bağlı göstəriş var.

II Əbdülhəmid İslam xəlifəsi idi, özü də çox dindar insan olub. İslamçıların ən sevdiyi padişahdır. Əbdülhəmid İslamla bağlı qərarları da təkbaşına vermirdi. Ətrafında Misir, Məkkə, İraq, Yəmən və digər yerlərdən gəlmiş nüfuzlu din adamları var idi. Toplaşıb məsələləri müzakirə edir, qərarlar verirdilər.

Beləliklə, 1892-ci il 2 apreldə xəlifə çarşabın ləğvi ilə bağlı qərar imzalayır. Qərarda bunun səbəbləri də açıqlanır:

1. Qadınların qara çarşaba bürünməsi onların matəm paltarı geyinmiş xristian qadınlara bənzəməsinə səbəb olur. Bildirilir ki, bu yeni dəb bəyənilmir və bu geyim şəriətə uyğun hesab edilmir.

2. Çarşabın altında kişinin, yoxsa qadının olduğu bilinmir. Beləliklə, kişilər də qadın paltarında, qara çarşabın altında bir tərəfdən digər tərəfə rahat hərəkət edib yaramaz işlərlə məşğul ola bilərlər.

Qərarın özü mənim keçən statusda yazdıqlarımı da təsdiqləyir. Yəni bu formada bürünmə dəbinin son əsrlərdə yayılmış bir moda olduğunu göstərir. Çünki qərarın başlanğıcında belə yazılır:

“Padşah həzrətləri saraya qayıdarkən yolda qəribə bir şəkildə qara çarşaflara bürünmüş və üzlərini də qara rəngli pərdələrlə örtmüş bəzi qadınlar gözlərinə sataşıb.”

Burada xüsusilə “bəzi qadınlar” ifadəsinə diqqət edin. Yəni söhbət bütün qadınların belə geyinməsindən yox, həmin dövrdə yeni yayılmağa başlayan müəyyən bir geyim formasından gedir.

II Əbdülhəmidə gəlincə, o, XIX əsrin sonlarının xəlifə-sultanıdır. Onun dövrünün qərarları və fərmanları arxivlərdə saxlanılır.

Bəziləri bu qərarı başqa cür yozur, guya Əbdülhəmid sui-qəsddən qorxduğu üçün belə qərar verib. Əgər məsələ yalnız saraya girənlərlə bağlı olsaydı, qadağa da saraya daxil olan qadınlarla məhdudlaşdırılardı. Halbuki söhbət ümumi şəkildə qadınların çarşab geyinməsinin qadağan edilməsindən gedir.

Qərarın sonu belə bitir:

“Dindarlıq və ictimai mənafe baxımından açıq şəkildə ortaya çıxan bu zərərlərə görə, qadınların çarşab geyinməsinin qadağan edilməsi, bununla bağlı olan şəxslərə münasib şəkildə izah və xəbərdarlıqlar edilməsi Padşahın əmrinin tələbidir.”

Yəni sənəddə çarşabın yaratdığı vəziyyət həm dindarlıq, həm də ictimai mənafe baxımından zərərli hesab edilir. Üstəlik, onun xristian qadınların matəm geyiminə bənzədiyi də açıq şəkildə qeyd olunur.

Orxan Atabəy
Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyevin gözləmədiyi yeni cəbhə: Türkiyə mediası

redaktor

Cəmiyyəti ən çox məsuliyyətsiz ziyalılar yanıldır

redaktor

Ramiz Mehdiyevin minlərlə mənzili: Hamısı dövlətə qaytarılacaqmı?

redaktor