19 C
Bakı
20 Oktyabr 2026 21:52
DinSiyasət

Konstitusiyaya istinad edənlər onun dünyəvi dövlət prinsipini də qəbul edirlərmi?

Son vaxtlar Azərbaycanda hicab məsələsi ətrafında aparılan mübahisələrdə bəzi dini-siyasi çevrələr Konstitusiyaya tez-tez istinad edirlər. Onlar dini etiqad azadlığından, insan hüquqlarından, vətəndaşların seçim azadlığından danışırlar. Əlbəttə, Konstitusiyaya istinad etmək və insan hüquqlarını müdafiə etmək təqdirəlayiqdir. Amma burada mühüm bir sual ortaya çıxır: Bu insanlar Konstitusiyanın yalnız özlərinə sərf edən maddələrini, yoxsa onun bütün əsas prinsiplərini qəbul edirlər?

Azərbaycan Konstitusiyasının 7-ci maddəsində ölkəmizin dünyəvi respublika olduğu, 18-ci maddəsində dinin dövlətdən ayrı olduğu, 25-ci maddəsində isə qadınlarla kişilərin bərabər hüquqlara malik olduğu təsbit edilib. 48-ci maddə də dini etiqad azadlığını təmin edir. Bu prinsiplər bir-birindən ayrılmazdır. Dini azadlığı müdafiə etmək dünyəvi dövlətçiliyi inkar etmək hüququ vermir. Eyni zamanda dünyəvilik də insanların dini etiqadına görə ayrı-seçkiliyə məruz qalmasına əsas ola bilməz.

Mən xüsusilə Azərbaycanda İran tipli İslam Respublikası qurulmasını arzulayan dini-siyasi çevrələrə sual vermək istəyirəm: Siz qadınla kişinin qanun qarşısında tam bərabərliyini, dövlətin dini hakimiyyətdən müstəqilliyini və vətəndaşların dini qaydalara tabe olmamaq azadlığını qəbul edirsinizmi? Yoxsa Konstitusiya sizin üçün yalnız müəyyən siyasi məqsədlərə çatana qədər istifadə edilən vasitədir? Bu suallar hər hicab müdafiəçisinə deyil, dini dövlət modelini siyasi məqsəd kimi irəli sürənlərə ünvanlanır.

Burada erkən nikah məsələsini də xatırlatmaq yerinə düşər. Klassik şiə fiqhinin bəzi mətnlərində doqquz yaş nikah münasibətləri baxımından mühüm hədd kimi göstərilir. Klassik sünni hüquq ənənəsində də uşaqların erkən nikahına yol verən yanaşmalar mövcud olub. Müasir insan hüquqları baxımından bu yanaşmalar ciddi suallar doğurur. Azərbaycan qanunvericiliyi isə nikah yaşını qadın və kişi üçün 18 yaş müəyyən edir və erkən evliliklə mübarizəni nəzərdə tutur. Dini dövlət istəyənlər bu məsələdə hansı qanunun üstünlüyünü qəbul edirlər: müasir respublikanın qanununu, yoxsa orta əsrlərdən gələn fiqh qaydalarını?

Azərbaycanın dünyəvi dövlət olması onun demokratik, ədalətli və bütün vətəndaşlarının hüquqlarına hörmət edən dövlətə çevrildiyi anlamına gəlmir. Ölkədə hüquq və azadlıqlarla bağlı ciddi problemlər mövcuddur. Amma həmin problemlərin həlli dünyəvi dövlətçiliyi dini hakimiyyətlə əvəz etmək deyil, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların hamı üçün təmin edilməsidir.

Konstitusiya seçmə qaydada istifadə ediləcək siyasi alət deyil. Onun dini etiqad azadlığını müdafiə edən maddəsinə istinad edənlər dünyəvi dövlət, qadın–kişi bərabərliyi və fərdin seçim azadlığı barədə maddələrinə də münasibətlərini açıq bildirməlidirlər. Azərbaycanı dini dövlətə çevirmək istəyənlərdən bunu soruşmaq hər bir vətəndaşın haqqıdır.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin “hassasiyeti”ləri

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor