Azərbaycanla Türkiyə arasında son günlər məktəblərdə hicabla bağlı məhdudiyyətlər və Bakının İsraillə yaxın münasibətləri fonunda fikir ayrılıqları yaranıb. Lakin hər iki ölkənin strateji maraqları münasibətlərin ciddi şəkildə pozulmasına imkan vermir.
Bu barədə “Forbes” jurnalında dərc edilən məqalədə bildirilir.
Nəşr yazır ki, Azərbaycanla Türkiyə bir-birinin ən yaxın müttəfiqlərindən olsa da, son hadisələr münasibətlərdə gərginlik yaradıb.
Vurğulanır ki, Azərbaycanın strateji əhəmiyyəti yalnız neft və qaz ehtiyatları ilə məhdudlaşmır. Ölkə həm də Mərkəzi Asiyanın Rusiya və İrandan asılı olmayan alternativ nəqliyyat marşrutları vasitəsilə dünya bazarlarına çıxışı üçün mühüm rol oynayır.
Türkiyə isə Azərbaycan neftinin və Mərkəzi Asiya ölkələrinin resurslarının beynəlxalq bazarlara daşınmasında əsas tranzit ölkələrdən biridir.
İsraillə münasibətlər Türkiyə ilə fikir ayrılığı yaradır
Nəşr Azərbaycanın xarici siyasətindəki əsas ziddiyyətlərdən birinin eyni vaxtda həm Türkiyə, həm də İsraillə strateji tərəfdaşlıq etməsi olduğunu bildirir.
“Forbes” yazır ki, bu əməkdaşlıq Azərbaycanın 2020-ci il Qarabağ müharibəsində qələbə qazanmasına kömək etsə də, hazırda münasibətləri gərgin olan Ankara və Təl-Əvivlə əlaqələrdə problemlər yaradır.
Nəşr buna nümunə kimi oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünü göstərir.
İsrail Prezidenti İsxak Hersoqun çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan və ondan çox ölkənin nümayəndəsi etiraz əlaməti olaraq zalı tərk edib.
“Forbes” hesab edir ki, bu hadisə Azərbaycanın İsraillə yaxın münasibətlərinin digər tərəfdaşlarla əlaqələrinə necə təsir göstərdiyini nümayiş etdirir.
Nəşr İlham Əliyevin İsraillə münasibətləri qorumaqda israrlı olmasını İran amili ilə əlaqələndirir. Vurğulanır ki, Azərbaycan üçün İsrail cənub qonşusu İranın mümkün müdaxiləsinə qarşı mühüm təhlükəsizlik tərəfdaşıdır.
İsrail isə Azərbaycanla əməkdaşlıq vasitəsilə İranın şimal sərhədlərində strateji üstünlük qazanmağa çalışır.
Nəşrin qənaətinə görə, Əliyev həm Türkiyə, həm də İsraillə müttəfiqliyi qorumaq məcburiyyətindədir. Bu isə Bakıda keçirilən zirvə görüşündə müşahidə olunan diplomatik qarşıdurma kimi vəziyyətlər yaradır.
“Forbes” İsrail Prezidentinin Azərbaycana məxsus təyyarə ilə səfər etməsinin belə mübahisəyə çevrildiyini xatırladır.
Hicab məsələsi: Əliyev Ərdoğana mesaj verir?
Məqalədə Azərbaycan məktəblərində hicabla bağlı tətbiq edilən məhdudiyyətlər də Türkiyə ilə fikir ayrılıqlarının digər səbəbi kimi göstərilir.
Sentyabrın 21-də Nazirlər Kabineti məktəbli geyim qaydalarına dəyişiklik edib. Yeni qaydalara əsasən, məktəbli formasının vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadə qadağan olunub. Lakin qərarda hicabın adı ayrıca çəkilməyib.
Bundan sonra Bakı və bölgələrdə bəzi hicablı şagirdlərin dərslərə buraxılmadığına dair məlumatlar və görüntülər yayılıb. Türkiyə mediasında da bu qərara qarşı etirazlar səsləndirilib.
Nəşr yazır ki, hicab məsələsinin Türkiyədə həssas qarşılanması təsadüfi deyil. Çünki Rəcəb Tayyib Ərdoğan siyasi nüfuzunu artırarkən qadınların dövlət müəssisələrində hicab taxmaq hüququnun müdafiəsini əsas məsələlərdən birinə çevirmişdi.
“Forbes” xatırladır ki, Ərdoğanın hakimiyyətə gəlməsindən əvvəl Türkiyədə dövlət müəssisələrində və universitetlərdə hicabla bağlı ciddi məhdudiyyətlər mövcud idi.
Ərdoğanın hakimiyyəti dövründə bu qadağalar aradan qaldırılıb və hicabdan istifadə ölkənin ictimai həyatında daha geniş yayılıb.
Bununla belə, nəşr qeyd edir ki, bir vaxtlar dini geyim azadlığının müdafiəçisi kimi çıxış edən Ərdoğanın hazırkı siyasətini söz və ifadə azadlığının müdafiəsi kimi qiymətləndirmək çətindir.
Vurğulanır ki, Əliyevin hicabla bağlı siyasəti Ərdoğanın yanaşmasına qarşı siyasi mesaj kimi görünür və Türkiyədə bəzi dairələr bunu təxribat kimi qəbul edirlər.
Lakin “Forbes” hesab edir ki, Azərbaycan Prezidentinin mövqeyi Türkiyədəki vəziyyətdən fərqli geosiyasi şəraitlə bağlıdır.
Nəşrin yazdığına görə, Azərbaycan əhalisinin böyük hissəsinin müsəlman, o cümlədən şiə olması və ölkənin İranla həmsərhəd yerləşməsi Bakının dini siyasətinə təsir göstərir.
“Forbes”un qənaətinə görə, Əliyevin məqsədi yalnız dünyəvi dövlət prinsiplərini qorumaq deyil, həm də İranın Azərbaycandakı dini təsir imkanlarını məhdudlaşdırmaqdır.
Ərdoğan isə Türkiyədə dini mühafizəkarlığın güclənməsini təşviq edərkən qonşu ölkələrdən eyni miqyasda geosiyasi təsir riski ilə üzləşməyib.
Məqalədə Azərbaycan bu baxımdan Tacikistan və Özbəkistanla müqayisə edilir. Bildirilir ki, Əfqanıstanla qonşuluq və keçmişdə yaşanmış dini radikalizm hadisələri bu ölkələrdə dini fəaliyyət üzərində ciddi dövlət nəzarətinin saxlanmasına səbəb olub.
Keçmiş sovet ölkələri dini təsirdən ehtiyat edirlər
Məqalədə bildirilir ki, keçmiş sovet respublikalarında uzun illər dövlətin tətbiq etdiyi dünyəvilik siyasəti dini həyatın inkişafına ciddi təsir göstərib.
Nəşrin yazdığına görə, bu ölkələrin hökumətləri sonradan yaranan dini boşluğun radikal qrupların doldurmasından ehtiyat edirlər.
Bu kontekstdə Əfqanıstan və Çeçenistan nümunələrinə istinad edilir.
Nəşr Rusiyanın da regionda dini radikalizmdən geosiyasi təsir vasitəsi kimi istifadə edə biləcəyini iddia edir.
Məqalədə Moskvanın hazırda Talibanla yaxın münasibətlər saxladığı və bu əlaqələrin Mərkəzi Asiyadakı ölkələrə təzyiq göstərmək üçün istifadə oluna biləcəyi yazılır.
Bundan başqa, 1990-cı illərdə Rusiyanın Özbəkistan və Qazaxıstan sərhədlərində radikal islamçı silahlı qruplara gizli dəstək verdiyi iddia edilir. Bu hissədə jurnalist Əhməd Rəşidin Mərkəzi Asiyada silahlı islamçılığın yüksəlişindən bəhs edən kitabına istinad edilir.
“Forbes” hesab edir ki, bəzi Mərkəzi Asiya hökumətləri bu riskləri azaltmaq məqsədilə dini fəaliyyəti öz nəzarətləri altında saxlamağa çalışırlar.
Nəşr Qazaxıstanda məscidlərə getməyin müəyyən həddə təşviq olunduğunu, Türkmənistanda isə qadınların baş örtüklərinə dair xüsusi geyim qaydalarının tətbiq edildiyini nümunə göstərir.
Türkiyə və Azərbaycan münasibətləri pozulacaqmı?
Nəşrin qənaətinə görə, bütün bu fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə Azərbaycan arasında ciddi diplomatik böhran gözlənilmir, tərəflərin heç biri münasibətlərin pozulmasında maraqlı deyil.
Bununla belə, məqalədə iki ölkə arasında əlavə fikir ayrılığı yarada biləcək başqa bir məsələyə – Ermənistanla münasibətlərin normallaşmasına diqqət çəkilir.
Türkiyə son aylarda Ermənistanla münasibətlərin bərpası və uzun illərdir bağlı olan quru sərhədinin açılması istiqamətində addımlar atıb.
Nəşr qeyd edir ki, Ərdoğan regiondakı nəqliyyat əlaqələrinin, xüsusilə Orta Dəhlizlə bağlı layihələrin daha tez həyata keçirilməsini istəyir.
“Forbes” bunu ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalarla əlaqələndirir.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayıblar. Həmin gün İlham Əliyev və Nikol Paşinyan Trampın iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Nəşrin yazdığına görə, Tramp bu prosesi özünün mühüm diplomatik uğurlarından biri hesab edir və onun həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
“Forbes” bildirir ki, Ərdoğan da Tramp qarşısında götürülmüş siyasi öhdəlikləri yerinə yetirmək üçün müəyyən təzyiq hiss edir.
Əliyev isə bu məsələdə daha rahat mövqedədir. Məqalədə bu, Azərbaycanın ABŞ-dən nisbətən az asılı olması və Ermənistanla uzunmüddətli münaqişə təcrübəsi ilə izah edilir.
Nəşrin qənaətinə görə, Bakı regional nəqliyyat layihələri ilə bağlı danışıqları uzatmaq və öz şərtlərini irəli sürmək imkanına malikdir.
“Ərdoğanın Əliyevlə qarşıdurmaya getmək imkanı məhduddur”
Məqalədə bildirilir ki, hazırkı vəziyyətdə Ərdoğanın Əliyevə təzyiq göstərmək imkanları məhduddur.
Çünki Türkiyə Prezidenti Azərbaycanla münasibətləri gərginləşdirməklə Mərkəzi Asiyaya doğru formalaşan türk dövlətləri əməkdaşlığına zərər vurmaq istəmir.
Nəşr həmçinin Türkiyənin daxili problemlərinin Ərdoğanın siyasi manevr imkanlarını məhdudlaşdırdığını qeyd edir. Son dövrlərdə ölkədə baş vermiş iri maliyyə qalmaqalı və İstanbulda ciddi dağıntılara səbəb olan daşqınlar buna nümunə göstərilir. Nəşrin yazdığına görə, bu hadisələr Ərdoğanın siyasi mövqeyini zəiflədə bilər.
“Forbes” 2023-cü il prezident seçkilərindən əvvəl Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələlər zamanı hökumətin fəaliyyətinin də ciddi tənqid olunduğunu xatırladır. Əlavə edilir ki, həmin seçkilərin keçirilməsini beynəlxalq müşahidəçilər də tənqid etmişdi.
Nəşr bütün bu amilləri nəzərə alaraq hesab edir ki, Azərbaycanla Türkiyə arasında fikir ayrılıqları davam edə bilər, lakin iki ölkənin siyasi və strateji maraqları münasibətlərin ciddi şəkildə pozulmasını az ehtimallı edir. (AbzasMedia)
