24 C
Bakı
13 Oktyabr 2026 18:51
Cəmiyyət

İdraki günəşsizliyin patoloji aksioması…

Bir müddətdir ki, ictimai sferada məlum hicab mövzusundan qaynaqlanan uğursuz emosional çəkişmələri eləcə müşahidə edirəm.

Konseptual mahiyyətə söykənən mülahizə metodları, çıxışetmə qabiliyyəti, mütərəqqi addımlar atmaq ideyası… qalıb bir kənarda, əksəriyyət kütlə hirsi, hətta “meşə psixologiyası” ilə bir-birinə barmaq silkələyib, nifrət nümayiş etdirir…

… Əvvəla, dəfələrlə qeyd etmişəm, indi də xüsusi şəkildə deyim ki, əzizlərim, 21-ci əsr inanclar sistemində moizə, xütbə (hətta dini təlqin!) əsiri deyil, idrak, fundamental təfəkkür, yüksək maştablı dünyagörüş, elitar mədəniyyət, analtika, analiz, tərəqqi… əsridir.

Amma və lakin(!) vurğuladığım bu mütləq mahiyyətə bir fərdin çatması xüsusi hal kimi öz üzərində çalışmaqdan keçirsə (heç şübhəsiz ki, keçir!), bütövlükdə bir dövlətin, kütlənin, xalqın… bu ağ mahiyyətə çatması sistemli, konseptual, sağlam, aydın və geniş maarifçilik prinsiplərindən, mərhələsindən keçir.

Axı bu müasir dövrdə, bu illər ərzində bu gözəlim məmləkətdə mövcud olan bu zavallı toplumun üzərində aydın dünyagörüşə, modern düşüncəyə, elmi və mənəvi həqiqətlərə, çağdaş mədəniyyət formalarına söykənən köklü, kalibrli maarifçilik xüsusiyyətləri, prinsipləri, mərhələsi birmənalı şəkildə formalaşmadı… formalaşdırılmadı!

Necə deyərlər, bütün səlahiyyət sahiblərinin hərəsi öz görəvində yalnız öz “maraqlarını” düşündü, mənfəətinin peşində oldu, cəmiyyət də ümumilikdə öz “girdabında” gün keçirtdi, qaranlığında mürgü vurdu!..

İstisnalar olmaqla(!), hərə üz tutdu bir “tərəfə”, kor-koranə bir “diqtəyə”, bir “yola”…

Nəticədə isə bir toplum, bir xalq sadaladığım azman maarifçilik meyarları əsasında yetişdirilmədi, eləcə zülmətdə can çəkdi!

Yetişdirilmədi ki, bu cəmiyyət bilsin ki, əxlaq hicabdan, kəlağayıdan və ya hər hansısa baş örtüyündən, hətta səmavi dindən belə başlamır.
Heç əxlaqın ölçüsü də birbaşa bu amillər deyil!..
Yetişdirilmədi ki, bu cəmiyyət bilsin ki, yaşadığın dünyada əxlaq daxili vicdan hissi, idrak, genetika və şəffaf mühit məsələsi, hadisəsidir.
Yetişdirilmədi ki, bu cəmiyyət bilsin ki, bütün dinlərin hər biri (həm də!) öz coğrafiyasında kütlə müstəvisində sadəcə müəyyən mexanizmli bir klassik mədəniyyət formasıdır, amma və lakin(!) yeganə (və vazkeçilməz!) mədəniyyət forması deyil! Hətta heç üst də deyil! (Çünki dar macalda cəhalət ocağına çevrilmə kodu var!)

Yetişdirilmədi, əzizlərim, bu biçarə toplum yetişdirilmədi!… yetişdirmədiniz!.. yetişdirmədilər!..

Əksinə(!), dinə (əslində isə dinin şəxsində mövhumata, xurafata) istisnasız konstitusionlu hüquq, ictimai kor meydan verildi…

Digər tərəfdən, yaxşı bəs nə bilmişdiniz?
Düşüncə tərzi, həyat tərzi inkişaf etdirilməmiş bir kəsim (konstitusionlu əsaslarla) təqdim olunan dindən necə və hansı dərəcədə istifadə etməli idi ki?

Madam sizlər də mi bilmirdiniz ki, hələ tərəqqinin ibtidai dövründən boylanan, hələ tərəqqinin ibtidai dövründə qalan, hələ tərəqqinin ibtidai dövründə saxladığınız (şəffaf mühitdən, doğru-dürüst atmosverdən məhrum olunan!) kütləyə bir dini hətta konstitusionlu şəkildə təqidim etmək uşağın əlinə bıçaq vermək qədər boşçoxluqdur!

Madam sizlər də mi bilmirdiniz?!

Bilirdiniz, hətta çox yaxşı bilirdiniz! Ancaq dediyim kimi, hərə öz görəvində öz “maraqlarını” düşündü, mənfəətinin peşində oldu, cəmiyyət də ümumilikdə öz “girdabında” gün keçirtdi, qaranlığında mürgü vurdu, zülmətdə can çəkdi!..

… Və nəhayət! İlin-günün bu çağında indi buyurun, bu toplumun qarşısında təməl daşı idrakın, fundamental təfəkkürün, yüksək maştablı dünyagörüşün, analtikanın, analizin, tərəqqinin, elitar mədəniyyətin vəhdəti olan gecikmiş maarifçilik ideyalarını metodoloji, konseptual şəkildə model olaraq yaradıb (hətta konistitusiyaya düzən verib!) tətbiq edin, ağ işığı yandırın! Əgər yandıra bilirsinizsə!.. Əks halda, necə deyərlər, köhnə hamam, köhnə tas — misalı!

 

Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Tacxeber.com

Oxşar xəbərlər

Yenə vətəndaş günahkar çıxdı…

redaktor

Ərdoğanın və Türkiyənin mənəvi haqqı varmı?

redaktor

İdeoloji “peyvənd”: Hicab “üsyanları”nın pərdə arxası

redaktor