19 C
Bakı
10 Oktyabr 2026 12:15
CəmiyyətQalmaqal

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

Bakı Apellyasiya Məhkəməsi dövlət güzəşti hesabına alınmış 176 baş damazlıq heyvandan 120-sinin təsərrüfatda aşkar edilməməsi ilə bağlı şirkətdən 392 min manatdan çox vəsaitin tutulması barədə qərarı qüvvədə saxlayıb.

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) əvvəlcə şirkətdən təxminən 575 min manat tələb edib, lakin məhkəmə heyvanların bir hissəsi ilə bağlı yoxlamanın üçillik öhdəlik müddəti bitdikdən sonra aparıldığını əsas gətirərək tələbi qismən təmin edib.

“Abzas Media”nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 23-də şirkətin şikayətini təmin etməyib və Bakı Kommersiya Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.

Məhkəmə qərarında cavabdeh şirkətin adı anonimləşdirilsə də, araşdırmalarımız nəticəsində söhbətin “Güzdək-Ferma” MMC-dən getdiyini müəyyənləşdirmişik.

Məlumata görə, “Güzdək-Ferma” MMC 2021-ci ildə dövlət dəstəyi mexanizmi çərçivəsində ümumilikdə 176 baş “Simmental” cinsli damazlıq heyvan alıb. Heyvanların gömrük dəyərinin 60 faizi dövlət büdcəsi hesabına qarşılanıb və bu məqsədlə 574 min 620 manat 42 qəpik güzəşt ayrılıb. Şirkət heyvanları üç il ərzində satmamaq, üçüncü şəxslərə verməmək və baytarın müsbət rəyi olmadan kəsməmək öhdəliyi götürüb.

2023-cü ildə tərtib edilmiş monitorinq aktında 176 heyvandan 120-sinin təsərrüfatda olmadığı göstərilib. Məhkəmədə həmin aktı şirkətin direktorunun da imzalandığı məlum olub.

2025-ci ildə AKİA əməkdaşları təsərrüfata yenidən baxış keçirəndə isə fermada heyvanların heç birinin olmadığı müəyyən edilib.

Agentlik “Güzdək-Ferma” MMC-dən 574 min 620 manat 42 qəpik zərərin və 576 manat 28 qəpik hüquqi yardım xərcinin – ümumilikdə 575 min 196 manat 70 qəpiyin tutulmasını tələb edib. Bakı Kommersiya Məhkəməsi isə iddianı qismən təmin edərək şirkətdən 391 min 786 manat 65 qəpik zərər və hüquqi yardım xərci daxil olmaqla ümumilikdə 392 min 362 manat 93 qəpik tutulmasına qərar verib.

Məhkəmə 391 min 786 manat 65 qəpiyi üçillik öhdəlik müddəti ərzində təsərrüfatda olmadığı müəyyənləşdirilən 120 heyvana düşən güzəşt məbləği kimi hesablayıb.

Qalan 56 heyvan üzrə isə Agentliyin tələb etdiyi təxminən 183 min manat təmin edilməyib. Məhkəmə bunu həmin heyvanların üçillik öhdəlik müddəti ərzində təsərrüfatda saxlanılmadığını sübut edən məlumatın təqdim olunmaması ilə əsaslandırıb. 2025-ci ildə aparılan yoxlama həmin müddət başa çatdıqdan sonraya təsadüf edib.

“Güzdək-Ferma” MMC apellyasiya şikayətində 120 heyvanın yoxlama zamanı fermada olmamasının onların satıldığını və ya başqasına verildiyini sübut etmədiyini bildirib. Cavabdeh heyvanların həmin vaxt örüş sahəsində ola biləcəyini, baytarlıq və digər uçot sənədlərinin araşdırılmadığını, zərərin hesablanması üçün ayrıca ekspertiza keçirilmədiyini də qeyd edib.

Bakı Apellyasiya Məhkəməsi bu arqumentləri qəbul etməyib. Kollegiya bildirib ki, şirkət heyvanların satılmadığını və ya üçüncü şəxslərə verilmədiyini təsdiqləyən sübut təqdim etməyib. Məhkəmə 391 min 786 manatlıq məbləğin hesablanması üçün ayrıca maliyyə ekspertizasına ehtiyac olmadığını, bunun ümumi güzəşt məbləğinin 120 heyvana proporsional hesablanması olduğunu bildirib.

Məsələ ilə bağlı “Güzdək-Ferma” MMC-nin qanuni təmsilçisi Sulidin Dadaşovla əlaqə saxladıqda o, şirkətdə əvvəl işlədiyini, hazırda MMC ilə heç bir əlaqəsinin olmadığını deyib.

Dadaşov 2023-cü ildə aparılmış monitorinq zamanı direktor olub-olmadığı barədə suala isə ziddiyyətli cavablar verib. O, əvvəlcə həmin dövrdə rəhbər olmadığını və monitorinq aparılmasından xəbərsiz olduğunu desə də, yekun aktda direktor imzası olduğu xatırladıldıqda “ola bilər” cavabını deyib.

Dadaşov qeyd edilən hadisənin ardından şirkətin iki ildir fəaliyyətini dayandırdığını vurğulayaraq məhkəmə prosesindən xəbərdar olduğunu, proseslərdə özünün də iştirak etdiyini açıqlayıb. Buna baxmayaraq, mövzu ətrafında sualları cavablandırmaqdan imtina edərək bizi şirkətin rəhbərliyinə yönəldəyəcəyini bildirib. Qanuni təmsilçi özünün olmasına baxmayaraq, şirkətin rəhbərliyinin kim olduğu suallarını cavablandırmaqdan isə boyun qaçırıb.

Sonradan “Güzdək-Gürma” MMC-dən “Abzas Media” ilə əlaqə saxlayan olmayıb.

Yoxlama üçillik öhdəlik müddəti bitəndən sonra aparılıb

AKİA-nın vəsaitindən istifadə qaydalarında təsərrüfatlara nəzarətlə bağlı ayrıca mexanizm nəzərdə tutulub.

Qaydaların 2021-ci ildə qüvvədə olan redaksiyasına görə, müvəkkil kredit təşkilatları sahibkarların fəaliyyətini mütəmadi monitorinq etməli və AKİA-ya rüblük hesabat verməli idi. Agentlik isə kredit təşkilatı ilə birlikdə məqsədyönlü monitorinqlər apara bilərdi.

2022-ci il fevralın 1-dən qaydalar dəyişdirilib. Bankların mütəmadi monitorinq və rüblük hesabat öhdəliyi saxlanılıb, Agentliyə isə maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinq aparmaq səlahiyyəti verilib.

Sentyabrın 23-də çıxarılan məhkəmə qərarında “Güzdək-Ferma” MMC-yə maliyyə ayırmış kredit təşkilatının üçillik dövr ərzində apardığı rüblük monitorinqlərin nəticələri barədə məlumat göstərilməyib.

“Abzas Media”nın əldə etdiyi məlumatlara görə, üçillik müddətin başa çatmasından sonra aparılan yoxlamalar 2026-cı ildə AKİA-nın damazlıq heyvanlara görə verilmiş güzəştlərin geri qaytarılması tələbi ilə qaldırdığı başqa işlərdə də mübahisənin əsas məsələlərindən biri olub.

Məlumata görə, birinci instansiya məhkəmələri bu əsasla Agentliyin ən azı səkkiz iş üzrə tələblərini təmin etməyib. Rədd edilən tələblərin ümumi məbləği 760 min manatdan çoxdur. Hazırkı işdə təmin edilməyən təxminən 183 min manat da nəzərə alındıqda məbləğ 943 min manata yaxınlaşır.

İyunun 17-də Bakı Kommersiya Məhkəməsində 65 baş “Simmental” düyəyə görə 214 min 263 manatlıq tələb təmin edilməyib. Məhkəmə auditin keçirilməsinə dair qərarın üçillik öhdəlik müddəti başa çatdıqdan sonra qəbul edildiyini nəzərə alıb.

İyunun 4-də Gəncə Kommersiya Məhkəməsi 70 baş “Simmental” üzrə təxminən 149 min manatlıq, iyunun 30-da isə 101 baş “Jersey” cinsli inəyə görə 171 min 381 manatlıq iddianı təmin etməyib. Hər iki işdə cavabdehlər üçillik müddətdə təsərrüfatlarda yoxlama aparılmadığını bildiriblər.

Fevralın 5-də Bakı Kommersiya Məhkəməsində baxılan başqa işdə isə cavabdeh 20 baş “Simmental” inəyi üçillik müddət başa çatdıqdan sonra – 2024-cü ilin payızında satdığını deyib. AKİA-nın 65 min 533 manatlıq tələbi təmin edilməyib.

Sənəddə var, fermada yoxdur

Hesablama Palatası 2021-2023-cü illəri əhatə edən damazlıq heyvandarlıq auditinin nəticələrini 2024-cü il sentyabrın 6-da açıqlayıb. Audit zamanı dövlətin 5,1 milyon manatdan çox güzəşt ödədiyi 4 min 456 baş damazlıq heyvanın alıcıların təsərrüfatlarında olmadığı müəyyən edilib.

Palatanın hazırkı məhkəmə işi üzrə təqdim etdiyi mülahizədə daha detallı məlumatlar yer alıb. Sənədə görə, 13 alıcı üzrə dövlət güzəşti ilə maliyyələşdirilmiş 1129 baş iri və xırdabuynuzlu heyvanın heç biri təsərrüfatlarda aşkar edilməyib. Bu heyvanlar üçün 2 milyon 167 min manata yaxın güzəşt ayrılmışdı.

Daha 19 alıcı üzrə isə iribuynuzlu damazlıq heyvanların 28,6 faizinin – 571 başının təsərrüfatlarda olmadığı göstərilib.

Palata bu nəticələri sığorta hadisələrinin baş vermədiyi şərti ilə hesablayıb. Kollegiyanın qərarı ilə ümumilikdə 5 milyon 520 min manatdan çox çatışmazlığın bərpası üçün AKİA-ya tədbir görmək tapşırılıb. Məbləğə Samux rayonunun Sarıqamış kəndindəki bir təsərrüfatda aşkar edilməyən 86 baş “Simmental” və AKİA-nın sənədlərində “tələf olub” kimi göstərilən 38 baş heyvan üzrə güzəştlər də daxil olub.

Hesablama Palatası audit zamanı damazlıq heyvanların alıcılarla satıcılar arasındakı hərəkətinin elektron qaimə-fakturalar üzərindən izlənilmədiyini, bəzi əməliyyatların elektron qaiməsiz rəsmiləşdirildiyini, qaimələr təqdim ediləndə isə bir sıra hallarda heyvanların birka nömrələrinin və cinslərinin göstərilmədiyini də müəyyən edib.

Palatanın 2024-cü il fəaliyyət hesabatında vergidən yayınma şübhəsi yaranmış 10 təchizatçı şirkətdən ikisində səyyar vergi yoxlaması təyin edildiyi, bir şirkətdə isə auditdən əvvəl keçirilmiş yoxlamanın nəticəsinə əsasən məsuliyyət tədbiri görüldüyü bildirilir.

Bu ilin yanvarında “Report” Hesablama Palatasına istinadən yazıb ki, 4 min 456 heyvana görə maliyyələşdirilən 5 milyon 127 min 534 manatlıq güzəşt üzrə çatışmazlığın bərpası tələb olunsa da, həmin tarixə qədər bu istiqamətdə tədbirlər icra edilməyib və məsələ izlənilmə mərhələsində qalıb.

Bununla yanaşı, Hesablama Palatasının 2024-cü il fəaliyyət hesabatında Kənd Təsərrüfatı Nazirliyinin gördüyü tədbirlər nəticəsində auditlə müəyyən edilən “əksər məsələlərin” həllini tapdığı, bəzi təsərrüfatlarda çatışmayan heyvanlarla bağlı təkrar monitorinqlərin keçirildiyi və nəzarət mexanizmlərində dəyişikliklərin edildiyi bildirilir. Hesabatdakı bu məlumat konkret çatışmazlıq məbləğinin tam bərpa edildiyi anlamına gəlmir.

“Abzas Media” daha əvvəl bitkiçilik subsidiyaları üzrə Hesablama Palatasının başqa auditinin nəticələrindən də yazıb. Həmin auditə görə, peyk monitorinqində hətta şum işləri təsdiqlənməyən 117 min hektardan çox sahəyə görə 19 fermerə 24,2 milyon manat subsidiya ödənilib.

Subsidiyanın ayrıldığı dövrdə qurumlara kimlər rəhbərlik edib?

“Güzdək-Ferma” MMC-yə güzəştin ayrıldığı 2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə İnam Kərimov, AKİA-ya isə Seymur Mövlayev rəhbərlik edib. Mövlayev AKİA sədri vəzifəsinə 2020-ci il sentyabrın 4-də İnam Kərimovun əmri ilə təyin olunub.

Kərimov 2023-cü il aprelin 4-də kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib və həmin gün Ali Məhkəmənin sədri təyin olunub.

Hesablama Palatasının damazlıq heyvandarlıq auditi barədə məlumatı açıqlamasından 20 gün sonra – 2024-cü il sentyabrın 26-da Seymur Mövlayevi AKİA sədri vəzifəsində Yalçın Camalov əvəz edib.

2025-ci ilin martında Mövlayev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri təyin edilib. Hazırda da qurumun rəsmi resurslarında bu vəzifədə göstərilir.

Kənd Təsərrüfatı Nazirliyinə 2023-cü il aprelin 14-dən Məcnun Məmmədov rəhbərlik edir.

Nazirlik sentyabrın 7-də Aqrar Subsidiya Şurasının yeni dəstək mexanizmlərini təsdiqlədiyini açıqlayıb. Qərara əsasən, 2026-cı il oktyabrın 1-dən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanların hər birinə görə 1500 manat, ətlik cins heyvanlara görə isə 1000 manat subsidiya nəzərdə tutulur.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin və AKİA-nın mövqeyini öyrənmək mümkün olmayıb. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor

Din – Siyasətdir…

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor