Hicabla bağlı yazdığım statusun kimlərisə incitməsinə təəssüf edirəm. Axı mən heç kimin inancını təhqir etmirəm. Məqsədim sadəcə düşündürmək, suallar verməkdir. Əgər fikrimdə səhv varsa, bunu söyüşlə, təhqirlə deyil, arqumentlə, izahla mənə başa salın. Söyüşlə, təhqirlə bu günə kimi nəyə nail olmusunuz?
Mən öyrənməyə də, səhvimi etiraf etməyə də hazıram. Amma təhqirlər qarşısında düşüncələrimdən geri çəkilməyəcəyəm.
Soruşuram ki, bir müəllim Mirzə Fətəli Axundovun dini fanatizmə qarşı mübarizəsini şagirdlərə necə öyrədir? Mənə cavab verirlər ki, məktəbdə təkcə ədəbiyyat dərsi keçirilmir. Axı Axundov təkcə ədəbiyyat dərsi mövzusu deyil. O, Azərbaycan xalqının düşüncəsinə təsir etmiş, cəmiyyəti cəhalətdən xilas etməyə çalışan bir mütəfəkkirdir. Onu şagirdlərə öyrətmək isə yalnız filan əsərini neçənci ildə yazıb yox, həm də düşüncəsini və nəyə qarşı mübarizə apardığını anlatmaqdır.
İkincisi, deyirlər ki, Kəramət dəyişib. Guya bir il əvvəl molla idim, indi kafir olmuşam. Mən ağlım kəsəndən bu düşüncədəyəm. Sadəcə sən məni tanımırdın. Mən Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin maarifçi ideyalarını müdafiə edirəm və bu mövqeyimdən geri çəkilmək fikrim yoxdur.
Bəs cəmiyyət niyə bu vəziyyətdədir?
Bunun əsas səbəblərindən biri hakimiyyətin illərdir apardığı yanlış informasiya və media siyasətidir. Hakimiyyət uzun illər cəmiyyətin maariflənməsinə xidmət etmək əvəzinə, ancaq öz yalanlarını insanlara qəbul etdirməyə çalışıb. İndi isə xarici təsirlərdən narahatdır.
Bu qədər jurnalisti, hüquq müdafiəçisini həbs etmisiniz, cəmiyyətin düşünmək, sorğulamaq immunitetini o qədər zəiflətmisiniz ki, hicabı namus və qeyrət meyarına çevirənlər sosial şəbəkələrdə meydan sulayır. Həbs etdiyiniz insanlar təkcə hakimiyyətlə mübarizə aparmırdı. Onların arasında cəmiyyətin düşüncəsinə, maariflənməsinə töhfə verən ziyalılar da var.
Mən bu gün yazılarımı belə qorxa-qorxa yazıram. Çünki həm hakimiyyəti, həm də cəmiyyəti yaxşı tanıyıram və ikisindən də qorxuram. Ümumiyyətlə söhbət dini mövzulardan gedəndə hakimiyyət, müxalifətçi və xalq bölgüsü itir. Təsəvvür edin, YAP-çı ilə müxalifətçi birləşib hicabı Mirzə Fətəli Axundovdan müdafiə edir. Bu isə təxminən dünyəvi bir dövlət üçün ağır xərçəng xəstəsində yeni xəstəliklərin ortaya çıxması kimi bir şeydir. Gör cəmiyyəti nə hala salmısınız.
Halbuki mənim verdiyim sual çox sadədir:
Hicabı namus və qeyrət meyarına çevirənlər sabah hicab taxmaq istəməyən qadını necə qəbul edəcəklər?
Əgər qadının namusu onun geyimi ilə ölçülürsə, bəs həmin qadın öz seçimini dəyişəndə nə baş verəcək? O, bir gün hicab taxıb, başqa gün çıxarmaq qərarına gəlsə, namusu da onunla birlikdə dəyişəcəkmi?
Yaxud hicabı namus və qeyrət meyarı hesab edən insanların başqa qadınlara münasibəti necədir?
Qadının ləyaqətini geyiminə bağlamaq, onun şəxsi seçimini namus məsələsinə çevirmək təhlükəli düşüncədir. Təəssüf ki, belə yanaşmalar sonda qadınlara qarşı təzyiqə, zorakılığa, hətta qətllərə qədər gedib çıxır.
