17 C
Bakı
09 Oktyabr 2026 11:15
DünyaHadisə

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

Qızılı retriver (Golden Retriever) cinsli erkək Orca 2001-ci ilin noyabrında anadan olub. Britaniyanın “Canine Partners” xeyriyyə təşkilatı tərəfindən yardımçı it kimi təlim görüb. 2003-cü ilin martında özü də təlimçi olan əlil Şeril Aleksanderin yardımçısı olub.

Orca 150-dən çox komandanı yerinə yetirirdi. Paltaryuyan maşını doldururdu, işə salırdı və boşaldırdı, bankomatdan pul çıxarırdı, soyuducudan lazım olan şeyləri gətirirdi, marketdə alınmalı şeylər rəfdən götürüb arabaya qoyurdu, liftin düyməsini basırdı, işığı yandırıb söndürürdü, pul götürüb qəzet almağa gedirdi və s. O, həm özünün, həm də onunla üzbəüz qalan adamın sağ və sol tərəfini bilirdi.

Şeril danışır ki, bir dəfə 10 funtluq əskinası bankda yerə salıb. Bir nəfər kömək məqsədilə yaxınlaşıb qaldırmaq istəyəndə, Orca pəncəsini pulun üzərinə qoyub və həmin adam uzaqlaşmayana qədər yerindən tərpənməyib. Sonra da pulu qaldırıb sahibəsinə verib.

O, müstəqil qərar verə bilirdi. Əgər Şerilin əlindən bir şey düşürdüsə, görəndə ki, özü qaldıra bilər, yerindən tərpənmirdi. Qaldıra bilmədiyinə qərar verəndə, gəlib kömək edirdi.

Şerilin qızı olanda uşaq bezi, salfet, bələmək üçün parçanı aparıb gətirirdi.

Onu məşhurlaşdıran hadisə isə 2003-cü ilin mayın 18-də baş verib.

Həmin vaxt təlimi yenicə bitirən və cəmi 17 aylıq olan Orca sahibəsi ilə kənd cığırında gəzişirmiş. Şerilin motorlu əlil arabasının ön təkəri nəyəsə toxunur və o, üzü üstə drenaj xəndəyinə düşür, araba da üstünə çevrilir. Orca xəndəyə atılaraq tərpənə bilməyən qadına kömək etməyə çalışır, amma Şeril ona kömək dalınca getməyi tapşırır.

Bu zaman güclü yağış başlayır. Xəndəkdə suyun səviyyəsi qalxardısa, Şeril boğula bilərdi, ya da hipotermiya – bədənin soyuması nəticəsində həlak olacaqdı. Həmin cığır az istifadə edilən yol olması, hava şəraitinin də pis olması nəzərə alınsa, Şerilin təsadüfən xilas edilməsi mümkünsüz idi.

Kömək dalınca gedən Orca uzun müddət sonra geri qayıdır, ancaq yenə tək idi. Sonralar məlum olur ki, o, bir nəfəri tapıb, amma adam onun kömək istədiyini anlamayıb. O, Orcanı sahibini itirmiş it hesab edərək xaltasından tutub evə aparmaq istəyir ki, sonra sahibinə versin. Yardımçı itlərə xaltasından tutan adamın arxasınca getməyi öyrədirlər. Amma Orca intellekti sayəsində müstəqil qərar qəbul edir ki, bu, deyilən hal deyil. O, aldığı bütün dərslərə üsyan edərək xaltasından qurtulur və Şerilin yanına qayıdır. Onun sağ olduğunu görəndə, ikinci dəfə kömək dalınca yollanır.

Orca iki saat sonra bir nəfər tapır, ona yardım lazım olduğunu anlada bilir. Amma bu zaman Şeril olan yerdən 1,5 km-dən çox uzaqlaşmışdı. Həmin adam itin ardınca bir qədər getdikdən sonra iti doğru anlamasında tərəddüd edir, geri qayıtmaq istəyir. Orca ona imkan verməyərək davam etməyə inandırır.

Onlar hadisə yerinə gələndə artıq dolu yağırdı. Şeril hipotermiyadan əziyyət çəkirdi və huşunu itirmişdi. Orcanın gətirdiyi adam onu xilas edir.

2004-cü ildə York şəhərinin şurası Orcanı rəsmən “əlil şəxsin himayəçisi” kimi tanıyaraq müavinət kəsdi. 2006-cı ildə isə heyvanlar üçün ən ali təltif sayılan PDSA qızıl medalına layiq görüldü.

2013-cü ilin noyabrında 12 yaşında təqaüdə göndərilən Orca düz bir il sonra öldü.

 

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor

Hicab Allahın əmri və namus-qeryrət rəmzi deyil

redaktor