Azərbaycan qanunlarına görə, dövlət əmlakını mənimsəmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və uzunmüddətli azadlıqdan məhrum edilməlidirlər. Mənimsənilmiş məbləğin ödənilməsi cinayətkarın ancaq təyin olunan cəzasının azaldılmasına səbəb ola bilər, heç bir şəraitdə azadlıqda qala bilməz.
Dövlət əmlakını mənimsəmiş şəxsə hamı Qarabağda torpaqlarımızı azad edən, sağlamlığını itirmiş qazilərin, əlillərin, yaşlı insanların zəhməti ilə qazandığı təqaüdləri, ehtiyacı olan kasıb ailələrə veriləcək uşaqpulunu oğurlamış yaramazın biri kimi baxmalıdır.
Həmin oğrular ictimaiyyət arasına çıxmaqdan çəkinməlidirlər ki, aşağılanmasınlar.
Realda bizdə necədir? Milyonları oğurlayanlar onun az qismini ödəyib əlləri sallana-sallana qəhrəman kimi gəzirlər. Özləri və ətrafları oğurluq pulla aldıqları maşınlarda şütüyürlər, malikanələrdə kef çəkirlər. Özləri, balaları oğurluq pullarla xaricdəki villalarında dincəlirlər. Özlərini az qala qəhrəman hiss edirlər. Ətraflarında olan insanlar onlara əzabkeş kimi baxır, məclislərdə stollarının başına oturdurlar.
Məhz buna görə onların yerinə gələnlərin əksəriyyəti sələflərinin işlərini davam etdirirlər. İfadəyə görə üzr istəyirəm, vəzifələrə namizəd olan gənclər öz aralarında deyirlər: imkan olan kimi bir dəfə yaxşı qoyub çıxmaq lazımdır.
Bu isə əsl faciəmizdir.
