20 C
Bakı
05 Oktyabr 2026 18:25
DünyaSiyasət

Qərbdə fərqli baxış: Əliyevin çıxışını müdafiə edən məqalə yayımlandı

Qərbdə Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı son çıxışını müdafiə və izah edən məqalələr də yayılmağa başlayıb.

Onlardan biri Avropada fəaliyyət göstərən EU Reporter nəşrində dərc olunub. “Peace through strength: President Aliyev’s speech and Azerbaijan’s security priorities” başlıqlı məqalədə Əliyevin çıxışının əsas fəlsəfəsi “güc vasitəsilə sülh” kimi təqdim edilir.

Qeyd etmək lazımdır ki, bu, EU Reporter-in redaksiya məqaləsi deyil. Yazı “Guest Contributor – Opinion” bölməsində dərc olunub və müəllif kimi Center of Analysis of International Relations and Multiculturalism göstərilir.

Məqalənin əsas tezisi budur ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qarşısında yeni mərhələ açılıb: əldə edilən nəticəni qorumaq.

Müəlliflər 2020-ci il müharibəsini, sonrakı üç ili və 2023-cü ilin sentyabr hadisələrini Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən vahid proses kimi təqdim edirlər.

Məqalədə Azərbaycanın sülh istədiyi, lakin sülhün yalnız güclü dövlət tərəfindən qoruna biləcəyi fikri müdafiə olunur. Buna görə ordunun gücləndirilməsi və müdafiə xərclərinin yüksək saxlanılması yeni müharibəyə hazırlıq kimi deyil, çəkindirici təhlükəsizlik siyasəti kimi izah edilir.

İkinci mühüm xətt iqtisadi və siyasi müstəqillikdir.

Azərbaycanın xarici borcunun aşağı, valyuta ehtiyatlarının yüksək olması, ABŞ və Çinlə strateji münasibətləri, Avropa, Rusiya, Türk dünyası və digər siyasi mərkəzlərlə paralel əlaqələri Bakının heç bir böyük dövlətin himayəsinə bağlanmadan siyasət aparmasının əsası kimi göstərilir.

Məqalənin ən diqqətçəkən hissələrindən biri ideoloji təhlükəsizlik məsələsidir. Burada siyasi İslam və xaricdən təsir göstərən dini şəbəkələr Azərbaycanın dünyəvi dövlət modelinə təhlükə kimi təqdim olunur. Hüseyniyyun konkret nümunə kimi çəkilir. Müəlliflər bildirirlər ki, xaricdən dəstəklənən belə şəbəkələr Azərbaycanda radikal dini ideyaların yayılmasına çalışıb, bunun üçün xaricdə fəaliyyət göstərən azərbaycandilli media və internet resurslarından da istifadə ediblər. Məqaləyə görə, son illərdə müxtəlif xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən bu şəbəkələr zərərsizləşdirilib. Əliyevin çıxışındakı xaricdə formalaşdırılan informasiya resurslarının ölkənin daxili işlərinə təsir vasitəsinə çevrilməsi barədə xəbərdarlıq da bu kontekstdə izah olunur.

Müəlliflərin yanaşmasına görə, bunun qarşısını yalnız hüquq mühafizə tədbirləri ilə almaq mümkün deyil. Əsas müdafiə xətti təhsil, milli kimlik, vətənpərvərlik və dünyəvi dövlətçilik olmalıdır. Dünyəviliyin qorunması isə dinə qarşı mübarizə kimi deyil, şiələrin, sünnilərin, xristianların və yəhudilərin eyni dövlət daxilində qarşıdurmasız yaşamasının təminatı kimi təqdim edilir.

Beləliklə, məqalə Əliyevin çıxışındakı ayrı-ayrı fikirləri bir siyasi konsepsiya daxilində birləşdirir:

Güclü ordu, iqtisadi müstəqillik, müstəqil xarici siyasət, dünyəvi dövlət və xarici ideoloji təsirlərə qarşı müqavimət.

Xüsusilə “bizə heç kimin köməyi və himayədarlığı lazım deyil” fikri məqalədə təsadüfi emosional bəyanat kimi deyil, Azərbaycanın xarici siyasət fəlsəfəsinin tərkib hissəsi kimi təqdim olunur.

Bu məqam ona görə maraqlıdır ki, Əliyevin son çıxışı ətrafında müxtəlif, bəzən tamamilə əks şərhlər səslənir. EU Reporter-də yayımlanan bu yazı isə həmin çıxışı Azərbaycanın yeni təhlükəsizlik doktrinasının ifadəsi kimi oxuyan mövqelərdən biridir.

Yəni Əliyevin çıxışına Qərbdə yalnız tənqidi yanaşmalar yoxdur. Onu müdafiə edən və Azərbaycanın suverenlik, təhlükəsizlik və müstəqil siyasət konsepsiyası kimi təqdim edən məqalələr də dərc olunur.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

“Müsəlman qardaşları” təhlükəsi

redaktor

Zelenski: Ukrayna FP-9 raketi hazırlayır və Rusiyanın neft emalı zavodlarına zərbələrini ikiqat artıracaq

redaktor

Nələr baş verir?

redaktor