Azərbaycanda pul kütləsində kifayət qədər ciddi artım var. Beləki, son bir ildə banklardan kənarda dövriyyədə olan nağd pulun həcmi, yəni M0 13,9% artıb. Nağd pulla yanaşı banklardakı tələbli depozitləri də əhatə edən M1 17,5% artıb. Manatla olan daha geniş pul kütləsini göstərən M2 isə 20,7% artaraq 44,4 mlrd. manata çatıb.
Bu rəqəmlərin özündə maraqlı bir analitika var.
M0-ın 13,9%, M2-nin isə 20,7% artması göstərir ki, artım yalnız əhalinin əlindəki nağd pulun çoxalması hesabına olmayıb. Bank hesablarında və manatla yığımlarda olan vəsait daha sürətlə artır. Fiziki şəxslərin bank əmanətlərinin son bir ildə 15,8% artması da bunu göstərir.
Bunun əsas səbəblərindən biri ölkədə xarici valyuta təklifinin yüksək olmasıdır. Valyuta bazarında təklif tələbi üstələyib və Mərkəzi Bank təkcə avqustda bazardan 1,5 mlrd. dollar alıb. Bunun qarşılığında manat dövriyyəyə daxil olur. Digər tərəfdən, əhali və biznes vəsaitlərinin daha böyük hissəsini manatla saxlayır.
Nəticədə bank sistemində də kifayət qədər böyük vəsait formalaşıb. Bank sektorunda struktur likvidlik profisiti ilin əvvəlindən 2,2 dəfə artaraq 6,3 mlrd. manata çatıb.
Buraya qədər mənzərə daha çox müsbətdir. Manata etimad artır, bankların maliyyə imkanları genişlənir, iqtisadiyyatın kreditləşdirilməsi üçün daha böyük resurs yaranır. Nəticədə iqtisadiyyata kredit qoyuluşları da son bir ildə 12,9% artıb.
Amma məsələnin digər tərəfi də var. Belə ki, pul kütləsi 20,7%, kreditlər 12,9%, əhalinin əmanətləri 15,8% artır, amma eyni dövrdə real iqtisadi artım cəmi 1,2%, qeyri-neft-qaz sektorunda isə 2,1% olub. Qeyri-neft-qaz sektoruna investisiyaların real artımı da cəmi 1,4% təşkil edib.
Əvəzində pərakəndə ticarət real ifadədə 3,9%, əhalinin nominal gəlirləri 9,4% artıb. İnflyasiya isə 5,7% olub.
Məhz burada əsas sual yaranır.
Pulun və kreditlərin artım tempi real iqtisadiyyatın və xüsusilə qeyri-neft sektoruna investisiyaların artım tempini xeyli qabaqlayırsa, bu vəsaitin hansı hissəsinin yeni istehsala və biznesin genişlənməsinə, hansı hissəsinin isə istehlaka və aktivlərə getməsi vacibdir.
Çünki birinci halda artan pul iqtisadiyyat üçün fürsətdir. Çünki, bu investisiya, istehsal, yeni biznes və iqtisadi artım yaradır.
İkinci halda isə riskdir. Çünki, o halda tələb artır, amma onun qarşılığında mal və xidmət istehsalı eyni sürətlə artmırsa, nəticə qiymət artımı və inflyasiya təzyiqi ola bilər.
Ona görə də pul kütləsinin 20,7% artması hazırda nə “sevinc” deyil, nə “kədər”. Bu gün üçün bunu daha çox fürsət hesab edirəm. Amma bu fürsətin sabah riskə çevrilib-çevrilməməsi isə artan pulun nə qədərinin realiqtisadiyyata və istehsala yönələcəyindən asılı olacaq.
