Bu hadisələr fonunda başqa bir məqam da diqqət çəkir. Prezidentin köməkçisi Hikmət Hacıyev “Newsmax”a müsahibəsində Donald Trampın Azərbaycan–Ermənistan sülh prosesindəki rolunu xüsusi vurğulayır, onu regiona sülh gətirən lider kimi təqdim edirdi. Materialın başlığı da həmin siyasi mesajı daşıyırdı: “Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür”. Sentyabrın 23-də bu material Trampın öz Truth Social hesabında paylaşıldı.
Məncə, bu təqdimat Trampın siyasi imicinə tam uyğun gəlirdi: başqalarının illərlə həll edə bilmədiyi münaqişələri şəxsi iradəsi ilə həll edən lider obrazı. Bakı həmin obrazı gücləndirir, eyni zamanda Vaşinqtonla yaxınlaşmanın əhəmiyyətini nümayiş etdirirdi.
Lakin bundan iki gün sonra ABŞ senatorları tamamlayıcı bir tələb irəli sürdülər: Azərbaycanla strateji tərəfdaşlıq siyasi məhbusların azad edilməsi ilə əlaqələndirilməlidir. Qubad İbadoğlunun adı da həmin müraciətdə konkret göstərilirdi. Sentyabrın 29-da isə onun Almaniyaya müalicəyə getməsi mümkün oldu.
Bakının ABŞ ilə münasibətlərə verdiyi əhəmiyyət Vaşinqtondan gələn insan haqları tələblərinin də çəkisini artırırdı. Trampı sülh qurucusu kimi tərifləyən hakimiyyət ABŞ senatorlarının konkret azadlıq çağırışlarına müsbət cavab verməlidir…
