Qubad İbadoğlunun ölkədən çıxışına qoyulan qadağa götürülüb və ona xaricdə müalicə imkanı yaradılıb. Bunu müsbət addım kimi qiymətləndirirəm. Ümid edirəm ki, müalicəsi uğurlu olacaq, sağlamlığına qovuşacaq.
Amma bu müsbət addım baş verənləri unutdurmamalıdır. İnsan vaxtında müalicə ala bilmək üçün niyə bu qədər gözləməli, özü və ailəsi bu qədər narahatlıq yaşamalıdır? Müalicə almaq insanın haqqıdır. Bu haqq siyasi münasibətdən asılı olmamalıdır.
Qubad İbadoğlu beynəlxalq akademik çevrələrdə tanınan iqtisadçıdır. Mən hesab edirəm ki, Azərbaycan belə bir mütəxəssisin biliyindən və təcrübəsindən ölkənin iqtisadi idarəçiliyində istifadə etməlidir. Ona nazir səviyyəsində məsuliyyət həvalə etmək, iqtisadi siyasətin hazırlanmasına töhfə verməsinə şərait yaratmaq olar. Onun fikirlərinə qulaq asmaq, təkliflərini açıq müzakirə etmək ölkəyə fayda gətirər.
Biz isə onun həbsini, ev dustaqlığını, ayağına elektron qolbaq bağlanmasını gördük. Mən bu münasibəti qəbul etmirəm. Hakimiyyəti tənqid etmək, korrupsiya iddialarını araşdırmaq, vəzifəli şəxslərin sərvətinin mənbəyini soruşmaq cəzalandırılmalı əməl deyil. İctimai suallara şəffaf cavab verilməlidir.
Bu gün əsas arzum Qubad bəyin sağlamlığına qovuşması və tam azad olmasıdır. Ancaq məsələ bir insanla bitmir. Eyni tələb bütün siyasi məhbuslara aiddir: onların hamısı azad edilməlidir.
Azərbaycanda heç kim siyasi mövqeyinə, tənqidinə və dinc fəaliyyətinə görə həbsdə saxlanılmamalıdır. Ölkədə bir nəfər də siyasi məhbus olmamalıdır…
