Azərbaycanın İsraillə münasibətlərini Fələstin məsələsi üzərindən tənqid edənlər tez-tez “İslam birliyi”nə istinad edirlər. Ancaq bu çağırış qarşısında bir sual yaranır: Azərbaycanın ən ağır günlərində həmin birlik nə qədər təsirli olmuşdu?
Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını itirir, insanlar evlərindən didərgin düşürdülər. Müsəlman ölkələrindən siyasi bəyanatlar və humanitar yardımlar gəlsə də, bunlar işğalı dayandırmağa kifayət etmədi. Azərbaycanın tarixi yaddaşında qalan əsas ağrı budur: dini qardaşlıq onun təhlükəsizliyinin təminatına çevrilmədi.
“Heç kim heç bir yardım göstərmədi” demək isə ədalətli olmaz. Türkiyə 1993-cü ildə Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədini bağladı. Bu, siyasi dəstək idi, lakin müharibənin nəticəsini dəyişdirə bilmədi.
Pakistanın dəstəyini də unutmaq olmaz. Bənəzir Bhutto 1996-cı il aprelin 10-da Azərbaycanın didərgin vətəndaşları üçün bir milyon dollar yardım ayrılacağını elan etmişdi. Heydər Əliyev həmin gün çıxışında buna görə Pakistan hökumətinə təşəkkür etmişdi. Səudiyyə Ərəbistanı da qaçqınlara humanitar yardım göstərmiş, 1999-cu ildə bir qrup Qarabağ müharibəsi əlili həmin ölkədə müalicə olunmuşdu. Bu yardımlar insanların həyatında əhəmiyyət daşıyırdı. Ancaq humanitar yardım işğalın qarşısını alan təhlükəsizlik dəstəyini əvəz etmirdi.
Buna görə Azərbaycandan dini həmrəylik naminə strateji tərəfdaşlarından imtina etməsini istəyənlər onun keçmiş təcrübəsini də nəzərə almalıdırlar. Azərbaycan o zaman da əhalisinin əksəriyyəti müsəlman olan ölkə idi. Dini mənsubiyyət onun ağrılarını ortaq siyasi fəaliyyətin mərkəzinə gətirməmişdisə, indi niyə xarici siyasətini müəyyənləşdirən əsas öhdəlik kimi təqdim olunur?
Üstəlik, müsəlman dövlətlərinin öz münasibətləri də bu şüarın sərhədlərini göstərir. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 2017-ci ildə Qətərə qarşı blokada tətbiq etdilər. Türkiyə isə Qətəri müdafiə etdi. Böhran 2021-ci ildə həll yoluna qədəm qoydu, amma ortaq din qarşıdurmanın yaranmasına mane olmamışdı.
Yəməndə də Səudiyyənin dəstəklədiyi hökumətlə BƏƏ-nin dəstəklədiyi cənublu separatçılar qarşı-qarşıya gəldilər. Eyni koalisiyada olan dövlətlər belə fərqli siyasi məqsədlər güdürdülər. İran–Səudiyyə rəqabəti və sonrakı diplomatik yaxınlaşma da göstərdi ki, münasibətləri dini mənsubiyyət qədər təhlükəsizlik və dövlət maraqları müəyyənləşdirir.
Mahmud Abbasın Çin siyasəti isə həmrəyliyin seçiciliyini başqa tərəfdən üzə çıxardı. 2023-cü ilin iyununda Çin–Fələstin birgə bəyanatında Sincan məsələsi insan hüquqları problemi deyil, terrorçuluq və separatçılıqla mübarizə məsələsi kimi təqdim olundu; Çinin daxili işlərinə müdaxiləyə qarşı mövqe ifadə edildi. Öz xalqı üçün beynəlxalq həmrəylik istəyən rəhbərliyin uyğurlar barədə bu mövqeyi ciddi mənəvi ziddiyyətdir.
Abbasın bu seçimi bütün Fələstin xalqının mövqeyi deyil. Fələstinlilərin hüquqları da onların rəhbərlərinin siyasətindən asılı olmamalıdır. Eyni qaydada, Azərbaycanın İsraillə tərəfdaşlığı onun Fələstin dövlətçiliyinə qarşı olması demək deyil: Bakı iki dövlətli həlli dəstəklədiyini rəsmən bəyan edib.
Mən hələ Ermənistan-Azərbaycan savaşında İranın xain mövqeyindən danışmıram. Gecə-gündüz İslami birliyi təbliğ et, əməldə isə xristian ermənilərə qucaq aç…
Azərbaycanın siyasətini tənqid etmək olar. Amma başqalarının dövlət maraqları “praqmatizm”, Azərbaycanın seçimləri isə “dini həmrəyliyə xəyanət” adlandırılırsa, burada vahid prinsip yoxdur.
Öz maraqları naminə fərqli tərəfdaşlarla əməkdaşlıq edən dövlətlər Azərbaycana da həmin seçim haqqını tanımalıdırlar. Həmrəylik yalnız tələb edilən deyil, çətin gündə göstərilən münasibətdir…
