Azərbaycan diplomatı İsrailin Baş naziri Beynamin Netanyahunun BMT-də çıxışını baykot edən, böyük əksəriyyəti Afrka və Asiya ölkələrindən, o cümlədən Şimali Koreyadan ibarət 77 ölkənin sırasında yer almaması qınayanların məntqilə düşünmədikləri çox aydındır.
Çünki, həmin 77 dövlətin içərisində normal ölkə yox deyiləcək qədər azdır.
Azərbaycanlı diplomatı tənqid etmək deyil, Azərbaycanın adının Şimali Koreya, Eritreya, Yəmən kimi ölkələrin sırasında yer almadlğına, böyük əksəriyyətini dünyanın inkişaf etmiş çağdaş dövlətlərinin təşkil etdiyi çoxluq arasında olduğuna görə tərif etmək lazımdır. Azərbaycanlı diplomatın Ukrayna, Litva, Latviya, Estoniya, Gürcüstan, Moldova, Qazaxıstan və digər ölkələrlə eyni davranması sadəcə olaraq alqışa layiqdir.
Azərbaycanlı diplomatın bu addımı eyni zamanda Prezident İlham Əliyevin bu ilin əvvəlində yerli televiziyalara müsahibəsində bəyan etdiyi strategiyaya tam uyğundur. Prezident İlham Əliyev tərəfindən bəyan edilmiş strategiyanın əsas tezisləri belə idi: “Ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. Qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz.”
Bu strategiyanın yalnız Azərbaycan üçün deyil, qeyri-ərəb müsəlman, xüsusilə türk dövlətləri üçün alternativsiz olduğuna inandığım üçün illərdir ki, bu fikirləri təbliğ edirəm. Türk dünyasının yüksələn gücü Qazaxıstanı təmsil edən diplomatların da İsrailin Baş naziri Beynamin Netanyahunun BMT-də çıxışını baykot edən Afrka və Asiya ölkələrinə qoşulmaması da ərəb çoğrafiyasında baş verən proseslərdən məsafə saxlamağın alternativsiz olduğunu təsdiqləyir.
İsrailə qarşı mövqe tutanlar bir qayda olaraq bu addımlarını Qəzzada çoxsaylı insan ölümləri ilə əsaslandırırlar. Bu zaman Türkiyənin ritorikasına uyğun olaraq “çocuk katili”, “soyqırımçı” kimi ifadələrdən gen-bol istifadə edirlər. İsraili Qəzzada “soyqırımı”nda ittiham edənlərin çox böyük əksəriyyəti Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənə qarşı apardığı hərbi əməliyyatlar nəticəsində 377 mindən çox insanın ölməsindən deyəsən xəbərsizdirlər. Yəməndə ölənlərin əhəmiyyətli bir hissəsinin 5 yaşdan kiçik uşaqlar olduğuna baxmayaraq Həcc və Ümrə ziyarətlərini baykot edən bir nəfərə rast gəlməmişəm. Halbuki, soydaşlarımızın Həcc və Ümrə ziyarətlərinə xərclədikləri pullar dolayısı yolla Yəməndə 377 mindən çox insanın, o cümlədən on minlərlə uşağın ölümünə səbəb olub. Qeyd edim ki, bu rəqəmlər BMT-nin rəsmi məlumatıdır.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənə qarşı apardığı hərbi əməliyyatlara münasibətdə tərəfsiz qalanların Qəzzada baş verənlərə göz yaşı tökməsini insanlıq, humanitar dəyərlərlə izah etmək mümkün deyil.
Azərbaycanlı diplomatın İsrailin Baş naziri Beynamin Netanyahunun BMT-də çıxışını baykot edən Afrka və Asiya ölkələrinə qoşulmamasına görə Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına qarşı Media və Yayım Şurasının Bəyanatını dəstəklədiyimi bildirirəm. Ancaq onu da qeyd etməliyəm ki, Azərbaycanlı diplomatın İsrailin Baş naziri Beynamin Netanyahunun BMT-də çıxışını baykot edən Afrka və Asiya ölkələrinə qoşulmamasına qarşı cəmiyyətin bir hissəsinin dövlət siyasətinə zidd mövqe tutmasına görə məsuliyyətin bir hissəsi də Media və Yayım Şurasının, onun sələfləri olan Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın üzərinə düşür. Aydın görünür ki, Prezident İlham Əliyev tərəfindən ilin əvvəlində bəyan edilmiş strategiyanın- ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir- təbliğinin təmini istiqamətdə ötən 9 ayda bu təsisatların ciddi fəaliyyəti olmayıb. Olsaydı, mənzərə fərqli olardı.
Azərbaycan cəmiyyəti isə bilməlidir ki, güclü İsrail Azərbaycan Respublikasının həyati əhəmiyyətli maraqlarına uyğun olduğu kimi, Böyük Azərbaycanın yaranması və inkişafı üçün həyati əhəmiyyətə malikdir.
Çinin uyğurlara qarşı soyqırımını “bir az pis rəftar” kimi xarakterizə edib, “Çin böyük dövlətdir, bir söz demək olmur” təbliğatı aparanların Azərbaycanı İsrailə görə qınaması ikiüzlülükdən başqa bir şey deyil.
Çinin uyğurlara, Rusiyanın tatar, başqırd, çuvaş və digər türk xalqlarına qarşı soyqırımına qarşı çıxış etməyən, çərkəzlərin soyqırımını tanımaqdan yayınan, ərəblərə görə İsraillə münasibətlərini müharibə həddinə gətirən Türkiyənin Azərbaycan da daxil türk dövlətlərini də bu fəlakətli məcarəpərəstliyə sürükləməyə haqqı yoxdur.
