CəmiyyətDünyaTəhsil

Dünyəvilik və Hicab !

Azərbaycanda məktəblərdə gözlənilən hicab qadağası “dünyəvilik” adı ilə əsaslandırılır.

Bəs bu “dünyəvilik” nədir ?

Dünyəvilik əslində dövlətin neytrallığıdır !

Dünyəvilik” (latınca saecularis – dünyəvi, əsrə/zamana aid olan; ingiliscə secularism; fransızca laïcité) anlayışını verən , müxtəlif dünyagörüşünə malik insanların bərabər hüquqlarla bir arada yaşamasını təmin edən institusional tərəfsizlik mexanizmidir.

Termini ilk dəfə 1851-ci ildə britaniyalı mütəfəkkir Corc Ceykob Holiyok (George Jacob Holyoake) formalaşdırmışdır.

​Corc Ceykob Holiyok (English Secularism, 1896) deyir :

“Sekulyarizm insanlara dini qadağan etmək və ya ateizmi təbliğ etmək deyil. Sekulyarizm dini baxışlardan asılı olmayaraq, sırf bu dünya həyatındakı fəaliyyətləri, hüquqları və əxlaqı rasional prinsiplərlə təmin etmək metodudur. O, heç bir inanc sahibi ilə düşmənçilik etmir, əksinə hər kəsin fərdi vicdan azadlığını tanıyır.”

Hüquq və fəlsəfə sahəsində ən mötəbər akademik mənbələrdən sayılan Stanford Ensiklopediyasında “Secularism” maddəsində deyilir :

​”Sekulyarizm heç vaxt dövlət tabeliyində olan vətəndaşların dini inanclarından, fərdi geyimlərindən və ya simvollarından təmizlənməsi demək deyildir. Əksinə, sekulyar dövlət heç bir vətəndaşa dini inancına və ya inancsızlığına görə ayrı-seçkilik etməyən, hər kəsin fərdi seçim hüququnu eyni səviyyədə qoruyan tərəfsiz hüquqi çərçivədir.”

Həmçinin Avropa Şurası Venesiya Komissiyasının
din azadlığı və dövlətin tərəfsizliyinə dair qərarlarında vurğulanır:

​” Fərdlərin, xüsusilə də məktəblilərin fərdi vicdan azadlığı çərçivəsində dini geyim və ya simvollar daşıması dövlətin dünyəviliyinə xələl gətirmir. Dövlət neytrallığı bəhanə edilərək fərdlərin təhsil almaq hüququ əllərindən alına bilməz.”

Eyni zamanda BMT-nin İnsan Hüquqları Komitəsi (General Comment No. 22, Bənd 4)

​”18-ci maddə ilə qorunan din və etiqad azadlığına geyim formalarını, xüsusi baş örtüklərini (head coverings) daşımaq və dini adətlərə uyğun yaşamaq hüququ daxildir. Dünyəvi dövlət konsepsiyası bu hüququn əsassız şəkildə məhdudlaşdırılması üçün qanuni bəhanə ola bilməz.”

Bundan əlavə, BMT-nin Uşaq Hüquqları Konvensiyası və Təhsil Hüququ sənədlərinə əsasən, geyiminə görə şagirdin məktəbə buraxılmaması onun fundamental təhsil hüququnun kobud şəkildə pozulmasıdır.

Məqaləni uzatmamaq üçün bunların hamsını yazmağa ehtiyac duymuram.

İndi isə bu terminin tərifindən keçək praktikaya.

1. Böyük Britaniyada məktəblərin əksəriyyətində vahid məktəb forması (uniforma) tətbiq olunur.

Lakin dünyəvilik və uniforma qaydaları heç vaxt dini geyimləri qadağan etmək üçün istifadə edilmir:

​Təhsil Departamentinin (DfE) rəsmi təlimatında deyilir :

Böyük Britaniya Təhsil Departamentinin məktəb formaları üzrə rəsmi bələdçisində açıq şəkildə bildirilir ki, məktəblər forma qaydalarını müəyyənləşdirərkən şagirdlərin dini inanclarına hörmətlə yanaşmalı və geyim qaydalarını buna uyğunlaşdırmalıdır.

Bərabərlik Aktı 2010 (Equality Act 2010):

Qanunvericiliyə əsasən, şagirdin dini geyiminə (məsələn, müsəlman hicabı, siqx türbanı, yəhudi kipası) qoyulan hər hansı əsassız qadağa “dolayı diskriminasiya” (indirect discrimination) sayılır və qanunsuzdur.

2. ABŞ-da dövlət və dinin ayrılığı Konstitusiyanın Birinci Düzəlişi (First Amendment) ilə ən sərt şəkildə tənzimlənir.

Buna baxmayaraq, məktəblərdə hicab taxmaq tamamilə toxunulmazdır:

ABŞ Təhsil Nazirliyinin rəsmi qaydaları: Dövlət məktəblərində dini ifadəyə dair federal rəhbərlik sənədində təsbit edilir ki, şagirdlər məktəb mühitində öz dini mənsubiyyətini əks etdirən geyimləri sərbəst daşımaq hüququna malikdirlər.

Məktəb rəhbərliyi bunu dünyəvilik bəhanəsi ilə qadağan edə bilməz; əks halda dövlət dini ayrı-seçkiliyə görə federal məhkəmə qarşısında cavabdehlik daşıyır.

3. Almaniyada da dövlət məktəblərində şagirdlərin hicab taxması hüquqi cəhətdən tam müdafiə olunub.

​Federal Konstitusiya Məhkəməsinin (Bundesverfassungsgericht) mövqeyində deyilir :

Almaniya Konstitusiyasının 4-cü maddəsinə (etiqad azadlığı) əsasən, şagirdlərin dini geyimləri onların şəxsiyyət və inanc azadlığının ayrılmaz hissəsidir.

​Almaniyanın heç bir əyalətində şagirdlərə hicab qadağası yoxdur. Zaman-zaman müəllimlərin hicab taxması ilə bağlı müzakirələr aparılsa da, Federal Konstitusiya Məhkəməsi 2015-ci ildə müəllimlərə qarşı qoyulan ümumi qadağaları da ləğv edərək bildirmişdir ki, yalnız məktəbdə tədris prosesinə birbaşa və konkret təhlükə yarandıqda fərdi məhdudiyyət qoyula bilər. Şagirdlərin hüququ isə müzakirə mövzusu belə deyil.

4. Skandinaviya Ölkələri

İsveçdə bir neçə bələdiyyə (Staffanstorp və Skurup) ibtidai məktəblərdə hicabı qadağan etməyə çalışmışdı. 2022-ci ilin dekabrında İsveçin Ali İnzibati Məhkəməsi (Högsta förvaltningsdomstolen) bu qərarları qanunsuz elan edərək ləğv etdi. Məhkəmə bildirdi ki, şagirdlərin hicab taxmasına qadağa qoymaq İsveç Konstitusiyasında təsbit edilmiş din və ifadə azadlığına, habelə Avropa İnsan Hüquqları Konvensiyasına ziddir.

Siyahını yenə uzun uzadı davam etdirmək də olar. Ümümilikdə Avropanın 90% bütün ölkələrində məktəblərdə hicab icazəlidir.

Yalnız tək tük islamafobiyanın yayğın olduğu Fransa , Belçika və Avstriya kimi ölkələrdə qadağalar var.

Onlara da BMT komitələri bu qanunların dini azadlıqları pozduğunu və qızların təhsildən kənarlaşmasına səbəb olduğunu rəsmi rəylərdə dəfələrlə qeyd edib.

Qısacası dünyəvilik o deməkdir ki, Dövlətin məktəbi təbliğat aparmamalı və heç bir dini təlqin etməməlidir (dünyəvi məktəb), lakin şagird öz inancına uyğun geyinmək və təhsil almaq hüququna malikdir (azad vətəndaş).

 

Kamran Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkian: İran təslim olmayacaq!

redaktor

“Bizi terrorçu adlandırırlar”: Pezeşkyan BMT-də ABŞ və İsraili tənqid etdi

redaktor

Əliyev–Usmanov xətti: Türk Dünyası amili. İki fransız məhbusun arxasında illərlə davam edən diplomatiya

redaktor