Müxtəlif ölkə liderlərinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışları medianın diqqət mərkəzindədir. ABŞ Prezidenti Donald Tramp Baş Assambleyada çıxışında Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə olunacağına inandığı fikrini bir daha təkrarlayıb. Halbuki, müharibə tam şiddəti ilə davam edir və müharibənin durdulacağına işarə edən heç nə yoxdur.
Donald Tramp çıxışında İranın nüvə silahına malik olmasına imkan verməcəyəklərini səsləndirib. İranla bağlı hazırda əsas mövzu nüvə silahından çox Hörmüz boğazı probleminin həllinə yönəlib. Bu istiqamətdə irəliləyiş yoxdur. Nyu-Yorkda Pakistan və Qətərin vasitəçiliyi ilə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşdən real nəticə çıxmayıb. Tehranın tələbləri bəllidir: ABŞ dəniz blokadasını ləğv etməli, dondurulmuş aktivləri azad etməli, bütün cəbhələrdə müharibəyə son qoymalıdır. Tehran “bütün cəbhələr” dedikdə İranın bölgədəki proksi qüvvələrinə təzyiqin dayandırılmasını nəzərdə tutur. ABŞ hazırda İranın İraq, Yəmən və Livandakı proksi qüvvələri ilə münaqişə içərisində deyil, əksinə Vaşinqtonun husilərlə atəşkəs razılaşması mövcuddur. Donald Tramp Rusiya-Ukrayna müharibəsində olduğu kimi İranla bağlı məsələnin də uğurla həllinə ümidlidir, ancaq ABŞ Prezidenti bunu deyərkən, əlavəsini də umutmayıb: “İranla razılaşma baş tutmasa, daha sərt addımlar atacağıq”. Tramp çıxışında hətta İranı “məhv etmək” fikrini səsləndirib.
Trampın hədələdiyi digər ölkə Kubadır. ABŞ Prezidenti bu ada ölkəsində rejimi dəyişmək ideyasından vaz keçmədiyini bildirib. Trampın xarici və təhlükəsizlik siyasətinin əsasında Rusiya-Ukrayna müharibəsinin dayandırılması və İranın ram edilməsi olmasaydı, Kubada rejimin dəyişdirilməsi ön planda tutulardı. Ancaq Kubaya qarşı sanksiyaların sərtləşməsi bu ada dövlətində sosial həyatı mürəkkəbləşdirib. Demək, Tramp administrasiyası Kubanı “unutmayıb”.
Donald Trampın Venesuellanın ram edilməsindən sonra xarici siyasətdə növbəti uğuru Nyu-Yorkda Danimarka və Qrenlandiya ilə yeni təhlükəsizlik razılaşmasının imzalanması olub. Tramp Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyini reallaşdıra bilməsə də, imzalanan razılaşma ABŞ-a Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək və iki yeni hərbi baza yaratmaq imkanları verir.
Azərbaycanla Ermənistan arasında sülh quruculuğunun genişlənməsi də Trampın xarici siyasətdə uğurlarındandır və o bunu BMT Baş Assambleyasında çıxışı zamanı vurğulamağı unutmaylb. Məhz 2025-ci ilin avqustunda Ağ Evdə Donald Trampın iştirakıyla imzalanan razılaşmadan sonra Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna strat verildi və Zəngəzur dəhlizinin reallaşması ehtimalı artdı. Bu prosesi uğurla yekunlaşdırmaq, yəni sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin tikintisinə başlanılması Ermənistanın baş naziri Nikol Paşinyanın atacağı addımlardan asılıdır. Bu çalışamaları Tramp Prezident olduğu dönəmdə bitirməkdə fayda var.
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da BMT Baş Assambleyasının sessiyasında çıxışında Azərbaycanla Ermənistan arasında sülh quruculuğunun müsbət istiqamətdə irəlilədiyini söylədi. Ərdoğanın çıxışında əsas mövzularından biri həmişəki kimi Fələstin məsələsinin həlliydi. Fələstini dövlət kimi tanımayan ölkələri mövqelərini yenidən nəzərdən keçirməyə çağıran Ərdoğan son 12 ayın 60-dan çox münaqişə və müharibə ilə son 30 ilin ən qanlı dövrlərindən birinə çevrildiyini, Qəzza, Ukrayna, Rusiya, Myanma, Darfur, İran və Livandakı qarşıdurmalar nəticəsində 250 min insan həyatını itirdiyini xatırlatdı.
Rəcəb Tayyib Ərdoğan BMT Baş Assembleyasındakı çıxışlarında bu təşkilatda islahatların zərurəti – Təhlükəsizlik Şurası üzvlərinin artırılması fikirinə yenidən səsləndirdi. Ərdoğan bunu deyərkən Türkiyənin Təhlükəsizlik Şurasında yer alması hüququna işarə etmiş olur. Maraqlıdır ki, BMT artıq keçmiş Baş katibi Antonio Quterreş də son çıxışında təşkilatda islahatların zərurətini vurğuladı.
Başqa dövlətlərin də Təhlükəsizlik Şurasında yer alması istəyi var. Təsadüfi deyil ki, Braziliya, Yaponiya, Hindistan və Almaniyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasında təcili islahatların aparılmasına ehtiyac olduğunu bəyan ediblər. Bu dörd ölkənin nazirləri BMT Təhlükəsizlik Şurasının hazırda əsas vəzifəsini, yəni bütün dünyada sülhü və təhlükəsizliyi qorumaq vəzifəsini effektiv şəkildə yerinə yetirə bilmədiyini qeyd ediblər.
Bu arada, Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarın Nyu-Yorkda “Vışeqrad qrupu” üzvlərinin (Polşa, Çexiya, Macarıstan və Slovakiya) xarici işlər nazirləri ilə görüşü diqqəti çəkib. Bu görüşü tarixi adlandıran Subrahmanyam Jaishankar Hindistanla “Vışeqrad qrupu” üzvlərinin hər biri ilə əməkdaşlığı genişləndirmək olduğunu bildirib. Bununla yanaşı Yeni Dehlinin əsas məqsədi bu ölkələrin Hindistanın BMT Təhlükəsizlik Şurasında yer alması fikrinə dəstəklərini əldə etməkdir. “Vışeqrad qrupu” üzvlərinin xarici işlər nazirləri Yeni Dehlinin təşəbbüsünü dəstəklədiklərini ifadə ediblər.
