24 C
Bakı
22 Sentyabr 2026 11:22
İqtisadiyyat

AQTA bazarı qoruyur, yoxsa bahalaşdırır?

Azərbaycandakı əksər iqtisadiyyatla məşğul olan rəsmi qurumlar, o qurunlarda çalışanlar iqtisadiyyatın, fəaliyyətlərinin məğzini, fəlsəfəsini bilmirlər. Düşünürlər ki, onların vəzifəsi nəzarətdir, anlamırlar ki, əsas işləri vətəndaşa xidmətdir.

AQTA deyir ki, evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertıfikat tələb edəcək. Sertifikatı olmayanlar cərimələnəcək – özü də, hazırlayan da, satan da cəzalanacaq. Yeni qaydalar xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digərlərinə aid ediləcək.

AQTA bu qərarı, məqsədlərini görün necə əsaslandırır və izah edir, sitat: “Yeni mexanizm çərçivəsində ilk növbədə, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan və bazara çıxarıla bilən qida məhsullarının dairəsi dəqiqləşdiriləcək. Həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim olunması zamanı müvafiq tələblər müəyyənləşdiriləcək”.
Yəni, AQTA deyir ki, nədən turşu, nəmənədən mürəbbə hazırlamalı olduğunuzu biz müəyyən edəcəyik, onların siyahısını dəqiqləşdirəcəyik. Hazırlanması, saxlanılması və daşınması qaydalarını AQTA olaraq biz müəyyən edəcəyik.

Məşhur siyasətçi demiş, ey AQTA, mürəbbə və turşunu hazırlama və saxlama qaydalarını sizin gənc, ingilisdilli və rus dilli “qaqaşlardan” ibarət işçilərinizmi yaxşı bilir, yoxsa bu işlə onillərdir məşğul olan Tükəzban xalamı?! Tükəzban xala bu işi anasından, nənəsindən öyrənib, sizin işçilərə isə AB ölkələrindən gələn Mişel, Hans treninq keçib, xalanın bildiyinin heç 1%-ni belə siz bilmirsiniz, öyrənə də bilməzsiniz – bu bir.

İkincisi, ey AQTA, Tükəzban xala bişirdiyi mürəbbəni, düzəltdiyi turşunu, tutalım, kafeyə, restorana satır, dünyada çoxdan qəbul edilmiş bir qayda var – ən yaxşı nəzarətçi müştəridir, ən yaxşı tənzimləyici rəqabətdir. Tükəzban xaladan mürəbbə alan Adil dayı öz kafesinin, müştərisinin düşməni deyil axı ki, zay məhsul alsın, müştəri itirsin – elə deyil?! Yaxşı, AQTA nın bu addımından sonra nə dəyişəcək – bəli, mənasız aşırı tənzimləmə, sertifikatlaşma işə düşəcək, cərimə “qılıncı” həmən “qınından” çıxacaq, Tükəzban xalanın sertifikat alması üçün xərci artacaq, o da məcburən Adil dayıya 2 kq balondakı mürəbbəni əvvəl 20 manat satırdısa, indi 30 manata satacaq.

Adil dayının kafesinə gələn müştəri əvvəl çay masasına 7-8 manat ödəyirdisə, indi 10-11 manat ödəməli olacaq – DƏYİŞƏN HEÇ NƏ OLMAYACAQ haaa, sadəcə, qiymətlər artacaq.

Ona görə əvvəldə yazdım ki, bu sahə ilə məşğul olan məmurların əksəriyyəti iqtisadiyyatı bilmir, fəaliyyətlərinin fəlsəfəsini anlamırlar. Yəni, oturun, iki…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Enerji böhranı bitmir: Neft bazarında ucuzlaşma niyə çətin görünür?

redaktor

Yanacaq qiymətləri ilə bağlı ABŞ-nin energetika naziri Kris Raytın şərhi

redaktor

Çinin elektomobilləri casusluq edir?

redaktor