Həbsdə olan iqtisadçı Fazil Qasımovun sentyabrın 19-dan quru aclıq etdiyi bildirilir. Bu barədə onun yaxınları məlumat yayıb.
Yaxınlarının bildirdiyinə görə, Qasımovun aclığa başlamasına səbəb Nərimanov Rayon Məhkəməsində onun şikayəti üzrə keçirilən iclaslara dəfələrlə aparılmamasıdır.
İqtisadçı iddia edir ki, 2023-cü ildə istintaq zamanı onun müdafiəsinə qoşulmaq istəyən iki vəkildən imtina etməsi barədə ərizəni özü yazmayıb və sənəddəki imza ona məxsus deyil. O, bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
Yaxınlarının sözlərinə görə, iş təxminən dörd aydır məhkəmənin icraatındadır, lakin Qasımov bir neçə dəfə təyin olunan iclaslara aparılmayıb.
Avqustun 21-də onun həm Bakı Apellyasiya Məhkəməsində, həm də Nərimanov Rayon Məhkəməsində iclası olub. Yaxınları iddia edir ki, konvoy əməkdaşı Nərimanov Rayon Məhkəməsinə aparılmasına dair sənədin üzərindən xətt çəkib və Qasımov həmin prosesə aparılmayıb. Onların sözlərinə görə, sentyabrın 4-də də eyni hal təkrarlanıb.
Sentyabrın 16-da isə Qasımovun eyni gündə Nərimanov və Nəsimi rayon məhkəmələrində iclası təyin edilib. Yaxınlarının bildirdiyinə görə, iqtisadçı Nərimanov Rayon Məhkəməsindəki prosesdə iştirak etmək üçün Nəsimi Rayon Məhkəməsinə getməkdən imtina edib. Buna baxmayaraq, konvoy əməkdaşlarının ona zor tətbiq edərək Nəsimi Rayon Məhkəməsinə apardıqları, daha sonra isə cəzaçəkmə müəssisəsinə qaytardıqları iddia olunur.
Qasımovun vəkillərdən imtina ərizəsinin saxtalaşdırılması barədə iddiası daha əvvəl Səbail Rayon Məhkəməsində də araşdırılıb.
İyulun 30-da məhkəmə onun Baş Prokurorluğun hərəkətsizliyindən verdiyi şikayəti təmin edib. Məhkəmə qurumun hərəkətsizliyini qanunsuz sayaraq sənədin saxtalaşdırılması və müdafiə hüququnun pozulması barədə iddiaların tam və obyektiv araşdırılmasına qərar verib.
İş materiallarında Alternativ Ekspertiza Mərkəzinin 14 aprel 2026-cı il tarixli rəyi də yer alıb. Rəydə Qasımovun adından tərtib edilmiş vəkillərdən imtina ərizəsindəki mübahisəli imzanın onun deyil, başqa şəxsin əl işi olduğu bildirilib.
Qasımov həmin ərizə əsasında vəkilləri Eldar Qədimi və Araz Allahverdiyevin prosesdən kənarlaşdırıldığını deyir və müstəntiq Yusif Yusifovun, eləcə də keçmiş vəkili Anar Qasımlının hərəkətlərinə hüquqi qiymət verilməsini istəyir.
Fazil Qasımov 2023-cü ilin avqustunda İstanbulda saxlanılaraq Azərbaycana gətirilib və iqtisadçı Qubad İbadoğlunun işi çərçivəsində həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il martın 13-də onu 9 il azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Qasımov ittihamları qəbul etmir, həbsinin siyasi motivli olduğunu bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyırlar. (AbzasMedia)
