Tarix

Bakının xilaskarlarından biri Məşədi Hilal Kazımov

Sentyabr 1918

Bakı uzun zaman idi ki, rus-erməni və gürcü menşeviklərin əlində idi. Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın paytaxtı azad ediıməsi üçün döyüşlərdə idi. Çox zaman bu barədə danışılan zaman yerli sakinlərin Nuru Paşanın yanında olması məsələsi üzərində keçirlər. Bakı şəhərinin azad edilməsində Qafqaz İslam Ordusu ilə yanaşı yerli sakinlərin, xüsusilə onlara başçılıq edən qoçuların rolunu unutmaq lazım deyil.

31 mart soyqırımında yerli əhalinin xilas olmasında böyük xidmətləri olan Bakı qoçuları və yerli sakinlər Bakının azad edilməsində Şaumyan və onun ətrafında olan erməni əsgərləri, rus və digərlərinə qarşı sona qədər savaşıblar.

Qoçular bir nəfər düşməni belə küçədən keçməyə qoymurdular. Hamıya tapşırılmışdı ki, son gülləyədək vuruşsunlar. Güllə qurtaranda isə əks hücuma keçib xəncərlərini işə salsınlar. Həmin gün Bakının taleyi həll olunurdu.

Qoçu Nəcəfqulu, Məşədi Adil, Dağlı Musa, Malbaş Yusif, Xırdalanlı Dadaş, Hökmalılı Qubad, Sana Pırcan, qoçu Şahbaba, Teymur bəy Aşurbəyov, Kəblə Abdulla Zərbəliyev, Kəblə Hacı Balan, Ağa Kərimi, novxanılı Məşədi Hacı oğlu, Qoçu Əziz, Qubada Əli bəy Zizikski, Qubalı Aslan bəy Qardaşov, Əli Əsədullayev, Hacı Mürsəl, qoçu Güləhməd, Türbəti, Məşədi Ələsgər, həm qoçu həm də milyonçu Murtuza Muxtarov, Qoçu Qafar və digər Bakı qoçuları və hörmətli kişiləri Osmanlıdan gələn ordu ilə çiyin çiyinə savaşıblar. Demək istədiyim budur ki, Bakı və Azərbaycan xalqı da şəhərin azad edilməsi döyüşlərində kənarda qalmayıblar.

Bakının azad edilməsində bir nəfərin adını xüsusi qeyd etmək istəyirəm -Məşədi Hilal Kazımov

O dövrün əksər qoçularından fərqli olaraq, Məşədi Hilal siyasi proseslərdə aktiv olan şəxslərdən idi. Həm qoçu, həm fiziki cəhətdən güclü adam, həm pullu olmasına baxmayaraq Cümhuriyyət ideyalarına inanan şəxs idi və Müsavat Partiyasının fəal tərəfdarı idi və partiyanın Bakıdakı gizli və açıq fəaliyyətlərinə hər zaman öz silahlı adamları ilə təhlükəsizlik dəstəyi verirdi.

31 mart soyqırım günləri zamanı O qardaşları ilə birgə indiki İstiqlaliyyət küçəsində axşam saat 5-dən səhəri gün saat 4-dək erməni qüvvələrinin hücumlarını təkbaşına dəf edib. Qeydlərə görə onun başçlığı altında döyüşçülər yüzlərlə ermənini məhv ediblər.

Məşədi Hilal Bakının imkanlı nəsillərindən birinə mənsub idi. O, öz şəxsi vəsaiti hesabına müasir silahlar alır və ətrafındakı dəstəni təchiz edirdi. Keşlə və Bakı ətrafı kəndlərdə sözü keçən, böyük hörmət sahibi olan bir ağsaqqal idi. Məhz onun bir çağırışı ilə yüzlərlə yerli gənc Qafqaz İslam Ordusunun sıralarına könüllü olaraq qoşulmuşdu.

Məşədi Hilal Kazımov, digər Bakı kəndliləri və qoçuları ilə birlikdə Türk əsgərlərinin gizli şəkildə ərzaqla təmin olunmasını təşkil etdi. Onlar ordunu ət, çörək və digər lazımi ləvazimatlarla operativ şəkildə təchiz edirdilər. Ağır döyüşlərin getdiyi anlarda o, şəhər daxilindəki digər müqavimətçiləri və türk əsgərlərini operativ şəkildə silahla təmin edirdi.

Dəstəsi ilə birfə Məşədi Hilal dinc əhalini qoruyur və Türk ordusunun 15 sentyabrda şəhərə daxil olmasını asanlaşdırmaq üçün daxili strateji nöqtələri nəzarətdə saxlayırdılar. Qeyd edim ki, Əlabbas Müznibin məşhur satirik “Babayi-Əmir” jurnalında onun haqqında ətraflı qeydlər var.

15 sentyabr zəfərindən sonra Nuru Paşa Bakının azad olunmasında can qoyan yerli xalq qəhrəmanlarını, o cümlədən Məşədi Hilal Kazımovu qəbul edərək onlara öz təşəkkürünü bildirmiş, bu fədakarlığı yüksək qiymətləndirmişdi.

 

Prof.Dr.Zaur Aliyev

Tacxeber.com

Oxşar xəbərlər

Zivər bəy Əhmədbəyovun son savaşı: memarın intihara aparan faciəsi

redaktor

Cəfər Cabbarlının heykəlinin arxasındakı 23 illik mübarizə: daşda gizlədilən azadlıq mesajı

redaktor

Qafqazda dəhşətli Çərkəz soyqırımı

redaktor