Aqrar Subsidiya Şurasının qərarı ilə kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.
Bura qədər əla.
Amma dəstəkdən kimlər yararlana biləcək?
500 baş qoyunu, 100 ha örüş sahəsi, super-intensiv bağları, müasir suvarma sistemləri, müasir heyvandarlıq kompleksləri, ən azı 5 ha – 20 ha torpaq sahələri olan sahibkarlar və s…
Burada ailə-kiçik təsərrüfatlarına aid nəsə gördünüzmü?
Amma əslində vəziyyət necədir, nələr etmək lazım idi və nə qədər ailə dövlət dəstəyindən kənarda qalır?
1996-cı ildə “Torpaq islahatı haqqında” Qanunun qəbulu ilə başlayan aqrar islahatlar çərçivəsində rəsmi statistikaya görə 3,4 milyon nəfər (təxminən 874 min ailə) torpaq islahatından yararlanaraq mülkiyyətçi olmuş və ölkə üzrə özəlləşdirilən təxminən 1,3 – 1,4 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təmənnasız paylanmışdır. Ümumi göstəricilərə görə, bir vətəndaşa düşən orta torpaq payı təxminən 0,38 – 0,40 hektar (38–40 sot), ailə hesabı ilə götürdükdə isə bir təsərrüfata orta hesabla 1,5 – 1,6 hektar torpaq sahəsi düşmüşdür.
Deməli, ölkədə 874 min ailənin hər birinə təxminən 1,5 – 1,6 hektar torpaq sahəsi düşdüyü görə , onlar dövlət dəstəyindən məhrum edilib.
Kənd insanlarının çoxu elə belə yanlış siyasətə görə illər öncə pay torpaqlarını sataraq şəhərlərə köç ediblər.
Aqrar Subsidiya Şurasının qərarında nələr nəzərə alınmayıb?
Aqrar Subsidiya Şurasının qoyduğu tələblərə baxanda məlum olur ki, bu tələblərin yerinə yetirilməsinə nəzarətə – nəzarət üçün böyük işçi qüvvəsi, böyük vaxt və elə subsidiyalara ayrılan qədər də vəsait lazım olacaq.
Tələblər aydın və sadə olmalıdır. Məmurların apardığı pula nəzarət etmək lazımdır ki, xarici banklara qaçır; vətəndaşa gedən pul isə dövriyyədə olur, manatın aktivliyinə dəstək verir, vergi şəklində yenə də dövlətə qayıdır.
Ölkənin ərzaq təhlükəsizliyində ailə-kiçik təsərrüfatların oynadığı önəmli rol düzgün hesablanmadığı üçün son illər ərzaq məhsullarında idxaldan asılılığımızda daha çox artım müşahidə olunur.
Ailə-kiçik təsərrüfatlar subsidiyalardan kənarda qalmamalıdır və gələcəkdə kooperativlərdə birləşməsi üçün konkret dəstək proqramları həyata keçirilməlidir.
Yeni yaradılan təsərrüfatlar üçün birdəfəlik təşviq subsidiyaları nəzərdə tutulmalıdır.
Subsidiyalarla yanaşı, istehsalat və dəyər zəncirinin genişləndirilməsi əsas hədəf olmalıdır.
Birinci sort məhsulların istehsalı və satışı ilə yanaşı, emal müəssisələrinin yaradılması da dəstəklənməlidir ki, əlavə dəyər yaransın.
Standartlara cavab verməyən 2-ci, 3-cü sort nektarin, ərik, gilas, alma, moruq və s.-dən dondurulmuş meyvə, cem, mürəbbə, qurudulmuş meyvə istehsalı, mövsüm sonu istixanalarda və açıq sahələrdə qalan pomidorlardan tomat, ketçup, pomidor qurusu, turşu istehsalı üçün emal müəssisələrinin yaradılması dəstəklənməlidir.
Məhsulların qablaşdırılması üçün kağız, karton, plastik yeşiklər, taralar, palet istehsalının dəstəklənməsi də günün tələbidir.
Zonalardan toplanan məhsulun vahid regional və ya firma brendi altında xarici və daxili bazara çıxarılması, yəni markalaşdırma əsas hədəf olmalıdır.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəsi yalnız subsidiyaların verilməsinə nəzarətdən ibarət olmamalıdır. KTN-nin səlahiyyətləri artırılmalı, fermerlərlə qarşılıqlı faydalı əməkdaşlıq modeli əsas şərtlərdən biri olmalı, rayon kənd təsərrüfatı idarələri kiçik və orta fermerlərə məsləhət, təşviq və dəstək verən mərkəz rolu oynamalıdır.
Yalnız kənd təsərrüfatı məhsullarının əkini və xammal satışı ilə heç vaxt irəli gedə bilmərik. Ən azı sovet dönəmindəki aqrar-sənaye səviyyəsinə çatmağı hədəfləməliyik. Əkin və istehsalla paralel onun sənayesi də yaradılmalı və dəstəklənməlidir ki, vətəndaş da, dövlət də qazanclı çıxsın.
