26 C
Bakı
22 Avqust 2026 21:10
Tarix

Pol Pot – XX əsrin ən qanlı diktatorlarından biri və ya birincisi

Əsl adı Salot Sar olan siyasətçi 1925-ci ildə varlı kəndli ailəsində anadan olub. Vətəni Kamboca o zaman Fransa protektoratı idi.

O, 1949-cu ildə hökumət təqaüdü hesabına Fransada ali təhsil almağa yollanır. Məhz burada kommunist ideologiyası ilə tanış olur və mənimsəyir. 1952-ci ildə imtahanlardan keçə bilmədiyindən təqaüdü itirir və Kambocaya qayıdır. 1963-cü ildən Kampuçiya Kommunist Pariyasının lideri olur (kommunistlər ölkəyə Kampuçiya deyirdilər).

1967-ci ildə Kambocada vətəndaş müharibəsi başladı. Gedişi haqqında yazmayacağam, uzun mövzudur. Amma bir tərəfdə kral ordusu idi, gigər tərəfdə isə Şimali Vyetnamın kommunist hökumətinin dəstəklədiyi kommunistlər.

1970-ci ildə ölkədə hərbi çevriliş baş verdi. Monarxiya devrildi, Kxmer respublikası adlı dövlət yaradıldı (kxmerlər Kamboca əhalisinin böyük əksəriyyətini təşkil edən xalqdır). Kommunistlər də özlərini “qırmızı kxmerlər” adlandırırdılar. “Qırmızılar”ın hərbi dəstələrində xeyli azyaşlı uşaqlar vardı.

Vətəndaş müharibəsi 1975-ci ilin aprelində kommunistlərin qələbəsi ilə yekunlaşdı və Salot Sar hakimiyyətə yiyələndi. Bundan sonra adı sanki istehza edilirmiş kimi Demoratik Kampuçiya qoyulan ölkədə dəhşətli hadisələr yaşandı. Salot Sar da məhz bu dövrdə adını dəyişib Pol Pot oldu. Bu iki ad dəyişmə onun ən məsum islahatı idi.

Pol Pot kommunizmi tamamilə fərqli idi. O, şəhər əhalisinə sinfi düşmən kimi baxırdı: “Əgər biz insanları şəhərdə saxlasaq, qələbəmizə baxmayaraq, düşmənlər tezliklə baş qaldıracaq və bizə qarşı fəaliyyət göstərəcəklər… Üzündən tər axa-axa cəngəllikləri təmizləyən və düyü becərən insan, nəhayət, həyatın mənasını anlayacaq”.

Paytaxt Pnompeni ələ keçirən kxmerlər 3 milyonluq əhalinin 2,5 milyonunu üç sutka ərzində şəhərdən qovdular. İnsanlar isti havada piyada gedirdilər və bir çoxları ya ölürdü, ya da yorulub yıxılanda qırmızı kxmerlər tərəfindən öldürülürdü.

Pol Pot hətta öz qohumlarına güzəşt tanımırdı. Doğma qardaşı da marş zamanı öldü.

Pol Pot rejimi ölkəni nəhəng konslagerə çevrildi. İnsanlar səhərdən axşama qədər kənd təsərrüfatında işləməli idilər. Əvəzində bir qab yemək verilirdi. Onlar ya fiziki tükənib ölürdülər, ya daha işləyə bilməyəndə öldürülürdülər. Şikayət, etiraz da yalnız ölümə səbəb ola bilərdi.

Kommunistlər adətən fəhlə sinfinə istinad edirlər. Pol Pot isə onlara etibar etmirdi və qırırdı. Savadlı adamlara nifrət edilirdi. Eynək taxmağa görə öldürülə bilərdin.

Ölkədəki milli azlıqlar qətliama məruz qaldılar. Sağ qalanlara öz dillərində danışmaq qadağan edildi. Dinlər də qadağan idi. Müsəlman çamlar və malaylar qırıldılar, sağ qalanlar donuz saxlamağa məcbur edilirdilər. Ölkədəki 114 məscidin hamısı dağıdıldı. Katoliklərin yarısı qırıldı. 60 000 buddist rahibdən 3 mini sağ qaldı.

Pol Pot rejimi zamanı Kampuçiyada 3 milyon nəfərin öldüyü ehtimal edilir ki, bu da ölkə əhalisini üçdə biri deməkdir. Heç bir rejim öz əhalisinə bu qədər amansız olmayıb.

Vətəndaş müharibəsi zamanı vyetnamlılardan kömək almalarına baxmayaraq, qırmızı kxmerlər hakimiyyətə gələndən sonra Vyetnamla münasibətləri korlandı. Ölkədə ən çox qırılan etnik azlıqlardan biri də vyetnamlılar idi. Bu da iki ölkə arasında müharibəyə səbəb oldu. Fransa və ABŞ kimi dövlətlərlə döyüşmüş Vyetnam ordusu 1979-cu ilin yanvarında Pnompeni tutdu və qırmızı kxmerlər rejimi devrildi.

Pol Pot isə dəstələri ilə cəngəlliklərə çəkildi və burada müqavimət göstərməyə çalışdı. 1998-ci ildə öldü, ya da yaxın ətrafı tərəfindən öldürüldü.

İnsanlarda diktatorlara qarşı əcaib sevgi var. Məsələn, bir neçə il əvvəl Rumıniyada keçirilən sorğuda əhalinin az qala yarısı Çauşesku sağ olardısa, ona səs verəcəklərini demişdi. Halbuki Çauşesku dövründə “it zülmü” çəkiblər.

Görəsən adı yenə Kamboca olan ölkədə vəziyyət necədir? “Gün çıxandan batana qədər düyü sahəsində işləyirdik. Heyf deyildi o günlər” və ya “Qaniçən də olsa, təmiz adam idi, rüşvət almırdı” və yaxud “Doğma qardaşına da güzəşt etmədi, o vaxt qayda-qanun hamı üçün idi” deyənlər varmı? Olmamış olmaz.

“Tarixçi” whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l

“Tarixçi” teleqram kanalı
https://t.me/yadigarsadigli

 

Tacxeber.com

Oxşar xəbərlər

Pol Pot – XX əsrin ən qanlı diktatorlarından biri və ya birincisi

admin

Yəqin ki, ona Azərbaycan tarixinin ən xəyanətkar qadını desək, yanılmarıq

redaktor

Sovet hokumətinə təslim olmayan Ağdamlı qaçaq Zallar

redaktor