Maliyyə Nazirliyi bu il üzrə orta illik inflyasiya proqnozunu 4,8%-dən 5,7%-ə qaldırdı. Bəs qiymət artımının sürətlənməsi əhalinin aşağı gəlirli qruplarına necə təsir edəcək?
Xatırladaq ki, ölkədə rəsmi ehtiyac meyarı və yaşayış minimumu 300 manatdır. Rəqəmlərə baxsaq, inflyasiya təzyiqinin kimləri daha çox sıxacağını aydın görərik:
Ehtiyac meyarından aşağı gəliri olanlar:
• 177,5 min nəfər yaşa görə sosial müavinət alıranlar (220 AZN).
• 180 mindən çox yarımştat çalışanlar (rəsmi gəlirləri 400 manatdan aşağı düşür). Bu qrup üçün 5,7%-lik inflyasiya kritikdir. Çünki onların gəliri yaşayış minimumuna belə çatmadığı üçün artan qiymətlər birbaşa ərzaq səbətinə zərbə vurur.
Ehtiyac meyarından bir qədər yuxarı (300 – 400 manat) gəliri olanlar:
• ~100 min nəfər minimum pensiya alanlar (320 AZN).
• ~250-260 min nəfər minimum əməkhaqqı alanlar (400 AZN).
Təxminən 350 min nəfər tam olaraq bu “həssas zolaqdadır”. Aldıqları gəlir 300 manatlıq yaşayış minimumunu çətinliklə üstələyir və inflyasiya bu aradakı kiçik fərqi dəəritmiş olur.
Median gəliri olanlar (~680–700 ₼):
• Ölkədə rəsmi işləyən 1,81 milyon nəfərin yarısı (təxminən 900 min kişi və qadın) median əməkhaqqından aşağı gəlir əldə edir.
Bura həm 400 manat alanlar, həm də 500–600 manat civarında maaşla dolananlar daxildir. 5,7%-lik qiymət artımı bu təbəqənin də alıcılıq qabiliyyətini nəzərəçarpacaq dərəcədə aşağı salır.
Beləliklə, iİnflyasiyanın yüksəlməsi xüsusilə aşağı gəlirlə (müavinət, minimum pensiya və minimum əməkhaqqı) yaşayan yarım milyondan çox vətəndaşın gündəlik xərclərini doğrudan doğruya çətinləşdirir.
