Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə görüş zamanı, son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb…
Rusiya yumşaq desək, çox pis qonşudur.
Gəlin, onun xəritədəki qonşularını bir-bir gözümüzün önünə gətirək:
Norveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Ukrayna – açıq düşmənçilik, müharibə və dərin hərbi-siyasi qarşıdurma zonası;
Gürcüstan – Rusiya bu ölkənin ərazilərini işğal edib, diplomatik münasibətlər yoxdur;
Qazaxıstan və Mərkəzi Asiya – Vaxtaşırı üzə çıxan gizli gərginliklər, dərin etimadsızlıq və məsafəli davranış;
Çin, Monqolustan, Şimali Koreya – Moskva üçün nisbətən proqnozlaşdırılan Asiya qonşuları. Onların da ikisindən çox ciddi asılılığı var, ona görə…
Bu nəhəng coğrafiyada Rusiya üçün ən adekvat, sivil, dövlətlərarası müqavilələrə əməl edən və regional balansları qoruyan yeganə tərəfdaşlardan biri Azərbaycandır.
Yaxın tarixə nəzərə yetirəndə əminliklə demək olar ki, Azərbaycan heç vaxt Rusiya üçün təhlükə yaratmayıb, öz ərazisini üçüncü tərəflərin platsdarmına çevirməyib və qonşuluq maraqlarını nəzərə alıb.
Lakin təəssüf ki, Kremlin ruporları, ayrı-ayrı deputatları və şovenist təbliğatçıları vaxtaşırı efirlərdən Azərbaycana qarşı böhtan, təhdid və iftira yağdırmaqla məşğuldurlar.
Moskvadakı bu “isti başlar” bir şeyi yaxşı dərk etməlidirlər: Azərbaycan kimi etibarlı, balanslı siyasət aparan, regionun aparıcı dövlətini süni şəkildə düşmənə çevirmək zamanı gələndə Rusiyanın cənub sərhədləri üçün heç də yaxşı nəticələnməyəcək. Yaxşı qonşunun qədrini vaxtında bilmək lazımdır!
